20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru

post-img

Fəlsəfi-sinergetik təhlil

XI məqalə

Uğurlu milli liderlər tarix yazmırlar, özləri tarixiləşməklə tarix yaradırlar.

Müəllif 

Ümummilli həmrəylik: siyasi sinerjinin yeni transformasiyası

X məqalədə siyasi və seçki həmrəy­liyinin siyasi sinerji vasitəsi ilə qalıcı ic­timai həmrəyliyə transformasiya olması imkanlarının fəlsəfi-sinergetik araşdırıl­masının aktuallığını vurğulamışdıq. Li­derliyin bu aspektinin fəlsəfi dərki yenidir. Çünki problem kifayət qədər dərin sosi­al-mədəni və siyasi qatlarda oturuşmuş müxtəlif xarakterli faktorlara bağlıdır. Bu­nunla yanaşı, ona uğurlu liderlik prizma­sında yanaşılırsa, hər hansı araşdırma təcrübəsinin olmadığı şəraitdə adekvat anlamı olduqca çətindir. 

Lakin Azərbaycanla bağlı bu mürək­kəb idraki situasiyanı xeyli aydınlaşdı­ran və arqumentlərlə zəngin bir reallıq mövcuddur. Həmin gerçəklik Azərbaycan liderinin eksklüziv olaraq ümummilli həm­rəylik yaratmağa istiqamətlənmiş fəaliy­yət göstərməsi ilə əlaqəlidir. Burada fəl­səfi və politoloji olaraq, situasiyanı daha aydın təsəvvür etmək üçün bir nəzəri məqama müraciət etməyə ehtiyac vardır.

a) Yaradıcı şəxsiyyət və tarix: fransız və anqlo-saks yanaşması 

Əslində fransızlar, ingilislər və amerikalılar məsələyə daha geniş as­pektdə – ümumiyyətlə, yaradıcı şəxsiy­yət–tarix kontekstində baxırlar. Biz isə onu konkret olaraq siyasi-milli liderlərin yaradıcı şəxsiyyətlər kimi tarixi olaraq necə qiymətləndirilməsi aspektində təhlil edirik. Əlbəttə, problem yeni olması ilə yanaşı, tədqiqat təcrübəsinin istisnalılığı səbəbindən çətin araşdırılandır. Lakin əli­mizdə güclü bir siyasi-praktiki arqument var: Azərbaycan Prezidenti İlham Əliye­vin uğurlu liderlik təcrübəsi! Buna görə də öncə fransız və anqlo-saks nəzəri araş­dırma üsuluna baxaq. 

Fransız filosoflara görə, yaradıcı şəx­siyyət–tarix münasibətlərində insanın rolunu şəxsin canlı fəaliyyəti müəyyən­ləşdirir. Ona görə də hər hansı böyük şəxsiyyətə tarixi qiymət vermək və onu fəlsəfi dəyərləndirmək üçün insanın fəa­liyyətinin konkret müəyyənedici məqam­larına, alınan nəticələrə baxmaq lazımdır. 

Anqlo-saks məktəbi, prinsipcə, bu mövqeyə etiraz etmir, ancaq heç bir in­san əbədi deyildir. Buna görə də hər hansı yaradıcı şəxsin fəlsəfi dəyərlən­dirilməsində onun ideyası, fəaliyyəti və bu məqamları araşdıran tədqiqatçının interpretasiyası nəzərə alınmalıdır. Belə çıxır ki, anqlo-saks məktəbində yaradı­cı subyektin ideyası və həyata keçirdiyi fəaliyyəti sintez halında götürülür. Bəs burada həmin sintezin qiymətləndiril­məsi hansı hallarda fəlsəfi-elmi adlan­dırıla bilər? Məhz mövcud məqamda anqlo-saks məktəbi yaradıcı şəxsiyyəti araşdıran tədqiqatçının “yaradıcı interp­retator” olmasını və nəticə kontekstində şəxsiyyəti qiymətləndirməli olduğu şərtini qoyur. Eyni zamanda, tədqiqatçı ümumi ictimai faydalılığına görə də yaradıcı şəx­siyyətin fəaliyyətini fəlsəfi dərk etməlidir. 

Çox qısa ifadə etdiyimiz bu məqam­lardan belə nəticə alınır ki, fransız və anqlo-saks məktəbləri üçün ortaq olan məqam yaradıcı şəxsiyyətin (fəaliyyət sahəsindən asılı olmayaraq) şəxsi key­fiyyətləri, zəkavi və intellektual özəllikləri və yaşadığı müddətdə aldığı nəticələri ilə ideyası, niyyəti, məfkurəsi və onun sosial faydalılığı qarşılıqlı əlaqədə qiymətləndi­rilməlidir. Bu zaman həmin şəxsin yaradı­cılığını (fəaliyyətini) araşdıran subyektin özü də yaradıcı interpretator olmalıdır. Bu statusda interpretator, faktiki olaraq, şəxsiyyətin fəaliyyətinin fəlsəfəsini yarat­mış olur. 

b) Siyasi-milli lider və tarix: iki məktəbin sintezində araşdırma 

Qısa da olsa, vurğulanan fəlsəfi məqamların politoloji tətbiqi (daha doğ­rusu, yaradıcı interpretasiyası) mümkün­dürmü? Bizcə, nəinki mümkündür, hətta Prezident İlham Əliyevin siyasi-milli lider kimi fəaliyyətinin siyasi-nəzəri dərki üçün aktualdır.

Deməli, öncə, siyasi-milli liderin şəx­siyyəti və canlı fəaliyyətinin məzmunu önəmlidir. İlham Əliyev ünsiyyətdə ol­duqca qabiliyyətli olduğunu praktiki fəa­liyyətində sübut etmişdir. Araşdırmaçı­lar Azərbaycan Prezidentinin dünyanın böyük dövlətlərinin liderləri ilə, kifayət qədər, yüksək səviyyədə ünsiyyət qur­duğunu və buna görə də daim uğurlar qazandığını vurğulayırlar. Müasir tarixi mərhələdə siyasi-milli liderlərin şəxsiy­yətinin bu keyfiyyətini dünyanın tanınmış lideroloqları da ayrıca tədqiq edirlər. Bir nümunə göstərək. 

Professor Fred İrvin Qrinstayn siyasi psixologiya üzrə aparıcı mütəxəssislər­dən biri kimi qəbul edilir. O, siyasi liderliyi araşdırır. Ayrıca, Amerika prezidentliyinin özəl politoloji, psixoloji və fəlsəfi araşdır­maçısıdır. Böyük siyasi xadimlərin liderlik keyfiyyətlərini tədqiq etmək istiqamətində təcrübəsi çoxdur. Hazırda ABŞ-ın Prins­ton Universitetinin nəzdində olan Vudro Vilson adına məktəbdə siyasi liderliyi öy­rənmə Proqramının rəhbəridir. 

F.İ.Qrinstayna görə, keçmişdə ana­loqu olmayan yeni siyasi vəziyyət ya­rananda liderin rolu xüsusi əhəmiyyət kəsb edir. Bu zaman situasiyanı mürək­kəb və ziddiyyətli edən faktorların təsiri nəticəsində lider fərqli siyasi həll yolları təklif edən müxtəlif qüvvələr arasında seçim etməlidir. Məhz bu cür bifurkasion (“haçalanmış”) durumlarda liderin şəxsi keyfiyyətləri özünü maksimal dərəcədə göstərir. Lideroloq hesab edir ki, liderin təkliflərinə mühit nə qədər həssas reak­siya verirsə, onun şəxsiyyəti daha çox əhəmiyyət kəsb edir. Bununla liderin si­yasi sistemdə mövqeyi daha çox legitim və yüksək olur. Həm də bu o deməkdir ki, liderin daxili “Mən”i çox güclü təsirə malikdir!

Sonra, F.İ.Qrinstayn bir qədər də irəli gedərək liderin hansı şəxsi keyfiyyətlə­rinin bu prosesdə əsas rol oynadığını araşdırır. Onun gəldiyi qənaətə görə, liderin ünsiyyət qabiliyyəti, təşkilatçılıq istedadı, siyasi məharəti, siyasi öncəgör­mə potensialı, düşüncə tərzi (məsələn, siyasi ritorika, diplomatik ifadə tərzi və s.) və duyğusal dayanıqlılığı həlledici rol oynayır!

Liderin şəxsi keyfiyyətlərinin, ilk növbədə, ünsiyyət qabiliyyətinin müasir mərhələdə uğur qazanmağın başlıca fak­torlarından biri olduğunu yalnız F.İ.Qrins­tayn deyil, çoxlu sayda filosof, lideroloq və politoloqlar vurğulayırlar (onların sı­rasında, S. və T.Kuçmarskiləri, B.Keller­manı, A.Braunu, Q.Feyrholmu, K.Hockin­sonu, E.V.Kudryaşovanı və başqalarını qeyd etmək olar). 

Bəlkə elə bu kimi ümumfəlsəfi və si­yasi fikirlərin təsiri ilə “Facebook”un əmə­liyyat direktoru Şeril Sandberq (Sheryl Sandberg) belə qənaətə gəlmişdir ki, “həqiqi liderlik fərdilikdən boy atır”! 

c) İlham Əliyevin iki böyük həmləsi: siyasi sinerjidə yeni tarixi mərhələnin başlanğıcı

Problemin nəzəri-elmi aspektini də­rinləşdirmədən Prezident İlham Əliyevin təsvir edilən faktorlar prizmasında fəaliy­yətinin konkret tərəflərinə baxaq. 

Beləliklə, əsl liderin böhranlı durum­larda, qarşıya öncələr rast gəlinməyən yeni geosiyasi və siyasi şərtlər çıxanda, bütövlükdə, analoqu olmayan mühitdə fəaliyyət göstərmək məcburiyyətində qa­landa, ünsiyyətcilliyi, iradəsi, zəkası ilə praqmatik pozitiv qərar qəbuletmə qüdrə­ti özünü vəhdətdə göstərməlidir. 2003-cü ildə İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçiləndə, məhz bu cür və­ziyyət mövcud idi. İlham Əliyevin, eyni zamanda, iki ciddi vəzifənin öhdəsindən gəlməsi lazım idi. 

Birincisi, Azərbaycanın daxilində so­sial, siyasi və mənəvi-əxlaqi həmrəyli­yini yeni səviyyəyə yüksəltmək. Çünki qarşıda işğala son qoymaq kimi çətin bir vəzifə vardı. Keçən əsrin ikinci yarı­sından bu yana olan təcrübə göstərirdi ki, Azərbaycan kimi təcavüzə məruz qal­mış dövlətlərin ərazi bütövlüklərini bərpa etməsi və suverenliyinin tam təminatına nail olması olduqca mürəkkəb və çə­tin bir işdir. Buna görə hər şeydən öncə cəmiyyətin daxili birliyi, monolitliyi zəruri idi. Burada da “birlik” və “monolitlik” nə ənənəvi, nə də sovet dövrünə analoji ola bilməzdi. Çünki bütövlükdə dünyada və regionda yeni situasiya formalaşmışdı və XXI əsr özünəxas çağırışlarla xarakterizə olunurdu. Bu səbəbdən Azərbaycan da daxil olmaqla postsovet məkanında təc­rübədə olmayan yeni birlik və monolitlik modeli – siyasi, sosial, mədəni, ideoloji, mənəvi-əxlaqi sinerji sistemi yaradılmalı idi. Bundan başqa, vəziyyəti çətinləşdirən Azərbaycanın daxilində, erməni işğalın­dan istifadə edərək, etnik radikal sepa­ratizmi alovlandırmağa çalışan qrupların varlığı idi. Onlar kənardan himayə olunur və yönləndirilirdilər.

Prezident İlham Əliyev belə bir olduq­ca çətin vəzifənin öhdəsindən gəlmək üçün xüsusi strategiya hazırladı. Konkret olaraq, öz vətəndaşları, cəmiyyətin bütün kəsimləri ilə daxili dialoqu dərinləşdirdi və genişləndirdi. Çox qısa müddətdə bu metod öz müsbət bəhrəsini verdi – bü­tün cəmiyyət dövlət başçısını dinlədi və onu dəstəklədi. Bu uğur kənardakı və Azərbaycana dost olmaq istəməyən bir sıra qüvvələri çox həyəcanlandırdı və onlar yaranmış həmrəyliyi pozmaq üçün müxtəlif istiqamətlərdən hücuma keç­dilər! 

Lakin elə ilk həmlədən İlham Əliyevin daxili həmrəylik səviyyəsini yüksəltmək üçün böyük uğurla tətbiq etdiyi mexa­nizmlərin sərt müqavimətinə rast gəldilər. Həmin mexanizmlər multikulturalizm və azərbaycançılıq fenomenləri ilə əlaqə­lidir! Prezident statusunda İlham Əliyev multikulturalizmi Azərbaycan cəmiyyə­tinin birgəyaşam formasına çevirdi və bunu dövlət səviyyəsində həyata keçi­rilən siyasət kimi hüquqi baxımdan tam legitimləşdirdi! Postsovet məkanında ikinci nümunəsi olmayan siyasi-taktiki və həm də strateji addım idi!

Azərbaycançılıq isə sözün həqiqi mə­nasında özünün ideoloji aspektdə geniş birləşdiricilik potensialına malik olduğunu dünyaya nümayiş etdirdi. Onun konkret sübutları 2003-cü ildən başlayaraq, hə­yata keçirilən və mənəvi-əxlaqi, mədəni, etik, sosial, aksioloji aspektlərlə sıx bağ­lı olan müxtəlif layihələr, proqramlardır. Burada İham Əliyevin uğurlu siyasi-milli lider kimi başqa bir yüksək keyfiyyəti özü­nü göstərdi. 

Biz, Azərbaycan Prezidentinin mul­tikulturalizm və azərbaycançılığın real nəticə verən dayanıqlı faktorlar kimi aktu­allaşmasına nail olmaq üçün planları re­allaşdırma imkanlarını nəzərdə tuturuq. Qısa və konkret desək, ideyada mövcud olan bu səmərəli planları həyata keçir­mək üçün siyasi iradə və maliyyə lazım idi! 

Prezident və lider İlham Əliyev bu iki amili birləşdirərək həm xarici təsirləri neytrallaşdırdı, həm də neft strategiyası­nı davamlı reallaşdıraraq, daxili tələblər üçün lazım olan maliyyə imkanı yaratdı. 2003-cü ildən başlayaraq, siyasi iradə tələb edən prosesləri xatırlamaq müm­kündür. Konkret ifadə etsək, müxtəlif xarici dairələr, gah Azərbaycanı gözdən salmaq üçün onun yanlış obrazını ya­ratmağa çalışdılar, gah konkret təxribat­lara, böhtanlara əl atdılar, gah da enerji layihələrini həyata keçirməyə maneçilik törətməyə cəhdlər göstərdilər. Buna görə də qısa müddətdə İlham Əliyevin dəfələr­lə Gürcüstana səfər etməsi və orada enerji, nəqliyyat-loqistika layihələrinin hə­yata keçməsi üçün lazımi addımlar atma­sı və eyni zamanda, dəfələrlə Türkiyəyə, Rusiyaya, Avropa ölkələrinə səfərləri dü­şünülmüş strategiyanın taktiki fraqment­ləri idi! Nəticə son dərəcə faydalı oldu! Bunu artıq hər kəs bilir!

Beləliklə, İlham Əliyev 2003-cü ildən başlayaraq, özünün şəxsi liderlik key­fiyyətləri (ünsiyyət qurmaq qabiliyyəti, siyasi ritorikada təsiredən olmaq imkan­ları, siyasi iradə və qətiyyətlilik, strateji zəkaya sahib olmaq, taktika ilə strategi­yanı mükəmməl uyğunlaşdırmaq və s.) əsasında Azərbaycanda sosial, siyasi, mənəvi-əxlaqi, psixoloji sinerjini vahid təməldə birləşdirmək istiqamətində nəti­cəli addımlar atdı! 

Bu proses bütövlükdə iki sinerji nö­vünün yaranmasına aparırdı. Onlardan biri bütün toplumu əhatə edən və güclü inteqrativ funksiya yerinə yetirən “top­lumsal sinerji”, digəri isə Prezident-siyasi mühit-cəmiyyət vəhdətini təmin edən (və ya bu vəhdəti legitimləşdirən) “ldierlik si­nerjisi” idi! 

Bununla İlham Əliyev Azərbaycan üçün fransız və anqlo-saks məktəbləri­nin sintezində konkret yeni liderlik nü­munəsi formalaşdırmağa başladı. Bu, ümumiyyətlə, dünya miqyasında yeni liderlik fenomeni idi və özündə xüsusi parametrlər daşıyırdı. Daha da konkret­ləşdirsək, İlham Əliyev toplumsal sinerji ilə liderlik sinerjisini ümummilli həmrəylik çətiri altında sintez etməli idi! Bu, yeni yo­lun başlanğıcı və yeni siyasi-milli liderlik təcrübəsinin unikal formasının meydana gəlməsi idi. 

Lakin İlham Əliyev bu əhəmiyyətli məqsədə çatmaq üçün birinci ilə yanaşı, ikinci həmləni də etməli idi. Və bu həmlə 2003-cü ildən başlayaraq, birinci vur­ğuladığımız istiqamətlə – daxili sinerjini yeni ümummilli mərhələyə yüksəltmək xətti ilə paralel və qarşılıqlı əlaqədə edil­di! İkinci həmlə istiqaməti xarici siyasəti gücləndirmək əsasında Azərbaycanın regional və qlobal miqyaslarda nüfu­zunu bir qədər də yüksəltməklə, onun daha geniş coğrafi məkanlarda geosi­yasi rolunu milli təhlükəsizliyin təmin edilməsi kontekstində yeni səviyyəyə qaldırmaqla bağlı idi! 

Bu həmləni də etmək üçün özünəməxsus taktiki və strateji mexa­nizmlərin tətbiqinə ehyiyac duyulurdu. Azərbaycan Prezidenti onları da uğurla müəyyənləşdirdi və tam həyata keçirdi. Həmin mexanizmlər neft strategiyasını inkişaf etdirməklə yanaşı, regional və beynəlxalq təşkilatlarla işləmək xəttinin gücləndirilməsi, yeni geosiyasi dəyərlə­rin yaradılması, əməkdaşlıq formatlarının irəli sürülməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, böyük geosiyasi güclərlə xüsusi taktikaya uyğun müna­sibətlərin inkişaf etdirilməsi əsasında, Cənubi Qafqazda milli maraqlarımızın və milli təhlükəsizliyin təminatına xidmət edən yeni geosiyasi mənzərənin forma­laşmasına gətirib çıxarmalı idi! 

Ümummilli sinerjinin yaranması (və ya qalıcı ictimai həmrəyliyin formalaşma­sı) aspektində bu xəttin geniş tədqiqinə ehtiyac vardır. XII məqalədə bu barədə söhbət açacağıq.

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki,fəlsəfə elmləri doktoru

Siyasət