İrəvan nəyə hazırlaşır: sülhə, yoxsa müharibəyə?

post-img

Hayların revanşizm xəyalı “millətçilik epidemiyası”nın bitmədiyini göstərir

Yazımızın əvvəlində onu xatırladaq ki, cari il sentyabrın sonlarında Azərbaycanın Qarabağ iqtisadi rayonunda beynəlxalq hüquq və normalara riayət etməklə, yüksək səviyyədə həyata keçirdiyi antiterror tədbiri ilə “Dağlıq Qarabağ Respublikası” – “artsax”ın mövcudluğuna son qoyuldu. Bununla da işğalçı Ermənistanın Xankəndidəki separatçı xunta rejiminin timsalında gerçəkləşdirməyə çalışdığı “dövlət içində dövlət” sərsəm layihəsi tam iflasa uğradı. Tarixin arxivinə göndərdiyimiz həmin qeyri-qanuni qurumun bütün institut və atributlarının ləğvi barədə “fərmanı” Qarabağ xuntasının sonuncu “başçısı” Samvel Şahramanyan imzaladı. 

Amma son vaxtlar militarist meyillə­rin açıq şəkildə gücləndiyi Ermənistanda başqa “küləklər” əsməyə başlayıb. İrəvan ən yüksək səviyyədə sülh danışıqlarının davamına və sülh sazişinin imzalanması­na hazır olduğunu bəyan etsə də, onun erməni cəmiyyətinin üç il əvvəlki altı həftəlik müharibədə, üç ay əvvəlki birsut­kalıq antiterror tədbirində məğlubiyyəti tam həzm etməkdə çətinlik çəkdiyi görü­nür. Ermənistandakı siyasi-filoloji revan­şist kəsimlə yanaşı, Paşinyan koman­dasının bəzi üzvlərinin də leksikonunda son vaxtlar müharibə ritorikası notlarının nəzərə çarpması, məhz “çətin həzmin” fəsadları kimi izah oluna bilər.

* * * 

Azərbaycan–Ermənistan münasibət­lərində normallaşma, tərəflərin, nəhayət, sülh sazişini imzalayacağı baxımından 2023-cü ildən gözləntilər böyük idi. Təəs­süf ki, ümidlər özünü doğrultmadı və hazırda hər iki ölkənin siyasi ekspertləri, mediası 2024-cü ilə proqnozlar vermək, ehtimallar irəli sürməklə məşğuldurlar. Əsas mövzu isə yenə eyni sual ətrafında­dır: 2024-cü ildə sülhə nail olunacaqmı?

Bu suala hayların “Hraparak” nəşri apardığı maraqlı müqayisələr əsasında cavab verməyə çalışıb. Nəşr belə qə­naətə gəlib ki, nə 2024, nə də 2025-ci ildə sülh sazişinin imzalanması real gö­rünür. Bu qənaətin arqumentasiya ba­zası kimi ABŞ və Aİ-nin İsrail–Fələstin münaqişəsində məlum təşəbbüsləri, Ukraynaya dəstəklə bağlı konkret nəti­cə əldə olunmasına cəhdlər, eləcə də ABŞ-da və Avropa Parlamentinə seçkilər göstərilir. Yəni, qəzet iddia edir ki, bütün bunlar başa çatana qədər Ermənistanla Azərbaycan arasında sülh sazişi imza­lanmayacaq.

Sirr deyil ki, Cənubi Qafqazda sül­hün və təhlükəsizliyin bərqərar olmasını istəməyən qüvvələr var. Bu qüvvələr hər dəfə sülh danışıqlarının pozitiv məcraya yönəlməsi ərəfəsində İrəvanı şirnikləndir­məyə başlayır, onu revanşizm xəyallarına sürükləyirlər. Məqsədləri Azərbaycanın bölgədə sülh və sabitliklə bağlı səylərinin qarşısını almaq, Ermənistanı silahlan­dırmaqla, gərginliyin aradan qalxmasına mane olmaqdır. “Hraparak” aydın şəkildə bildirir ki, Avropa Sülh Fondu vasitəsilə, Aİ üzvü olan ayrı-ayrı ölkələr tərəfindən Ermənistana silah tədarükü mexanizmlə­rinin işə salınması, Aİ-nin Ermənistanda­kı missiyasının genişləndirilməsi 2024-cü ilin prioritetləri sırasındadır.

Qəzetin yazdığına görə, gələn il Aİ-nin bu ölkədəki “mülki” missiyasının beynəlxalq sülhməramlı kontingentlə əvəz olunması planı var. Bu zaman baş­da Hindistan və Fransa olmaqla, böyük miqdarda hücum silahlarının alınması kimi fəaliyyətlər də davam etdiriləcək. Bütün bunlarla yanaşı, İrəvanın Avropa­nın bəzi ölkələri ilə “xarici işlər nazirləri səviyyəsində görüşlər keçirməklə, 2024-cü ilə yekun vuracağı” da diqqətə çatdırı­lır. Guya, qarşıdakı iki il ərzində Ermənis­tanın həm hərbi-siyasi, həm də iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində işlər görüləcək.

* * * 

Bir müddət əvvəl həmin “Hraparak” nəşri yazırdı ki, silah tədarükü Ermənis­tanın müharibə hazırlıqlarının görünən tərəfidir. Cari ildə hərbi büdcəsini 47 faiz artıran və onu son otuz ildə ilk dəfə 1 mil­yard ABŞ dollarına çatdıran Hayastan pa­ralel olaraq ordusuna səfərbərliklə bağlı konkret addımlar atır. Çağırışçıların sayı dəqiqləşdirilir, kişi cinsindən olan vətən­daşların, xüsusən də gənclərin ölkədən kənara çıxmalarına qoyulan məhdudiy­yətlərin sərtləşdiriləcəyi gözlənilir. Qəzet digər məqaləsində 48 yaşa qədər olan kişilərin ordunun təlim toplantılarına cəlb olunduqlarını qeyd edib.

Aydın məsələdir ki, bu kateqoriyadan olan ermənilərin təcili təlimlərə çağırıl­ması Hayastanın müharibə hazırlığına birbaşa işarədir. Sülh danışıqlarının in­diki həlledici mərhələsində ikibaşlı oyuna girişməyi, militarist siyasətin Azərbaycan Ordusunun qarşısında hansı “dividend­ləri” qazandıra biləcəyini rəsmi İrəvan yaxşı-yaxşı düşünməlidir. Bu zaman son nəticəni indidən göz önünə almağı unut­mamalıdır. 

Bu arada “Biznes İnsayder” (Business Insider) saytı Ermənistanın son həftələr­də Fransa və Hindistandan HHM sistem­ləri, radarlar, zirehli texnika, Hindistan­dan zenit-raket kompleksləri, qanadlı və ballistik raketlər, PUA-lara qarşı sistemlər sifariş etdiyindən yazıb. Sayt məsələnin şərh qismində qeyd edir ki, “hərbi satı­nalmalar həm də ona görə diqqət çəkir ki, bu, Azərbaycanın artan təzyiqləri ilə mübarizədə İrəvana az dəstək verən Ru­siyadan hərbi texnika asılılığını azaltmaq üçün Ermənistanın nəzərəçarpacaq ad­dımlar atdığını göstərir”. 

Saytın eksperti Nikolas Heras bildi­rib ki, Ermənistan özünün xarici və milli təhlükəsizlik siyasətini iki istiqamət üzrə inkişaf etdirir. Bunlar Avrasiyada güclü oyunçularla müdafiə koalisiyaları yarat­maq, həmçinin, silahlı qüvvələrinin Azər­baycan aviasiyasından müdafiə qabiliy­yətini artırmaqdır.

N.Heras yazır: “Hindistan hərbi səna­yesi geniş imkanlara malik olduğu üçün Ermənistanın bu istiqamətdə etibarlı tərəfdaşına çevrilib. Ermənistan ordusu­nun hərbi arsenalı uzun müddət Rusiya istehsalından ibarət idi. Amma, xüsusən Azərbaycanın İsrail və Türkiyə istehsalı olan silahlardan istifadə etdiyi 2020-ci il müharibəsindən sonra Moskva ilə münasibətləri gərginlşdiyindən, İrəvan hərbi tədarükçüsünü dəyişmək qərarına gəlib. Ermənistan Rusiyanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına baxmayaraq, bu qurumdan heç bir dəstək görmədiyi­ni dəfələrlə bəyan edib. Hazırda Rusi­ya Ukraynada müharibə aparır və onun Ermənistanın Qərblə yaxınlaşmasından qıcıqlandığı hamıya məlumdur. Yəni, İrə­vanın Moskva ilə tərəfdaşlığı tənəzzülə doğru gedir və Paşinyan tədricən, amma əminliklə ölkəsini NATO-ya yaxınlaşdırır. Bu zaman o, Türkiyə ilə münasibətləri normallaşdırmaq perspektivi barədə də düşünür”.

* * * 

Ermənistanın xarici siyasətinin qar­şısında duran əsas problemlərdən biri Rusiya ilə əlaqələri kəsə bilməməsində, eyni zamanda, Azərbaycanla yeni müha­ribəyə başlayacağı təqdirdə, Moskvaya nə dərəcədə etibar edə biləcəyi məsələ­sinin olduğu vurğulanan məqalədə daha sonra xatırladılır ki, Hindistan və Fran­sanın Ermənistanı silahlandırması Bakı və Ankaranın tənqidinə səbəb olması da nəzərdən qaçırılmamalıdır. 

Beləliklə, Bakı ilə sülhə yaxınlaşma­sından danışan İrəvan arxada cəbbəxa­nasını böyütməklə məşğuldur. Əgər Er­mənistan, doğrudan da, üçüncü Qarabağ savaşına hazırlaşırsa və onun məqsədi “artsaxı” diriltməkdirsə, bu sevdadan vaz keçməlidir. Çünki onun sülhü seçməkdən savayı şansı yoxdur və düşdüyü durum­dan qurtuluşu da yalnız qonşusu ilə sülhə gəlməkdir. Ən xeyirlisi də budur. 

Bu gün “bəlkə də qaytardılar” xəyalın­dan əl çəkə bilməyən bütün “yan”lar be­yinlərinə pərçim etsinlər: “artsax” yoxdur və bundan sonra heç vaxt olmayacaq! 

Bakının hadisələrin istənilən yöndə inkişafına hesablanmış tutarlı cavab təd­birlərinin “üstayaqda” dayandığına isə heç şübhələri olmasın. Haylar ən yaxın tarixdə “qazandıqları acı təcrübədə” buna əyani şəkildə əmin olublar. 

Turab RZAYEV, 

siyasi şərhçi 

Azərbaycan dövləti separat­çıların fəaliyyətini diqqətlə izlə­yir və ehtiyac yarandığı halda ən kəskin addımları atacaq. Aydın məsələdir ki, revanşist çıxışlar, müharibə ritorikası Azərbayca­nın maraqlarına ziddir. Əlbəttə ki, müvafiq dövlət orqanları bütün bu fəaliyyətləri görür və qeydiy­yatını aparır. Ən vacib məqam Ermənistan hakimiyyətinin se­paratçılara münasibətidir. Rəsmi İrəvan Qarabağ klanına məxsus bir sıra şəxslərin fəaliyyətini aq­ressiya ilə qarşılayır. Çünki Pa­şinyan hökuməti onları “Qarabağ ermənilərinin problemindən” yararlanıb hakimiyyətə gəlmək üçün çevrilişə cəhd etmə, vətən­daş müharibəsi yaratma ehti­malına görə təhdid kimi görür. Paşinyan özü separatçıların təş­kilatlanmasına icazə verilməsinin sülh müqaviləsinin imzalanma­sına zərbə vuracağını düşünür. Əgər Ermənistan iqtidarı bunlara göz yumsa, onda onların da se­paratçılarla birgə hərəkət etdiyi bəlli olacaq. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti humanistlik göstərərək keçmiş xunta rejiminin bir çox nümayən­dələrini həbs etməyibsə, onlar da keçmişdə baş verənləri unutma­malı, şanslarını doğru dəyərlən­dirməlidirlər. Çünki dövlətimiz separatçıların həm Ermənistan­da, həm də ondan kənardakı bü­tün fəaliyyətlərini diqqətlə izləyir. Məqamı gəldikdə Bakının ən sərt addım atacağına heç kim şübhə etməsin.

İmran BƏDİRXANLI
XQ



Siyasət