Samvelin “xortlaması”, Qarabağ amili və Ermənistanın “sülh məqsədi”

post-img

Məğlubiyyət dövrəsini yenidən başlatmaq cəhdi 

Ermənistan separatizmdən əl çəkmir. Hər halda, ölkənin baş naziri Nikol Paşinyan niyyətini hamının qarşısında bəyan edəcək deyil. Niyyətin mövcudluğunu təsdiqləyən məqamlar göz önündədir. Əlbəttə, başqa məqsədlər də var ki, Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri Samvel Şahramanyanın “xortlamasının” səbəblərini izah edərkən, onlardan da söz açacağıq. 

Məlum olduğu kimi, həmin bu Şah­ramanyan Azərbaycanın sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən, təxminən, bir həftə sonra başçılıq etdiyi separatçı quru­luşun ləğvi haqqında fərmana oxşar kağız parçası imzalamışdı. Bundan sonra Qarabağdan kütləvi erməni köçü başlamışdı. 

İndi İrəvanda yaşayan Samvel neçə vaxt idi ki, qoruduğu susqunluğu pozur. Özü də üfüqdə Azərbaycan–Ermənistan sülh sazişinin közərdiyi bir vaxtda. Hər halda, Şahramanyan elə cəsarət sahibi deyil ki, belə bir həssas mərhələdə “Artsax Respublikası”nın hüquqi bazasında dövlət institutlarının ləğvini nəzərdə tutan heç bir sənədin yoxluğu”ndan danışsın.

Bəli, S.Şahramanyan dekabrın 22-də qondarma qurumun “dövlət orqanlarının” rəhbərləri ilə İrəvandakı görüşünə “prezident” statusunda çıx­mışdı. Guya o və digər separatçılar könüllü əsasda fəaliyyət göstərirlərmiş. Deməli, “könüllülər” birləşib Ermənista­nı, necə deyərlər, partlatmaq qərarına gəliblər. Başqa nə düşünəsən? Şah­ramanyanın bu bəyanatından sonra əminliklə bildirmək olar ki, Ermənistan öz daxilində Azərbaycana qarşı sepa­ratçı qurum saxlamaqla məşğuldur. Sən demə, dövləti, prezidenti, məmur­ları var imiş bu parabeyinlər yığınının... Və ən əsası, bu parabeyinlərin hamısı Qarabağın sadə erməni əhalisi kimi, Ermənistan vətəndaşlarıdırlar. Sadə ermənilər öz vətənlərindədirlər. Belə çıxır ki, geri qayıtmaq barədə düşün­mürlər. Sadələrdən sui-istifadə yolu tu­tan separatçılar isə hazırda vətənlərinə xəyanətlə məşğuldurlar. 

Bəli, Şahramanyan və digərləri­nin ağızlarını köpükləndirib “Arstax respublikası” adlı qondarma şeydən danışmaları, Ermənistana xəyanətdir. Çünki belə iddialarda olmağın İrəvan üçün hansı nəticələr doğuracağını proqnozlaşdırmaq elə də çətin deyil. İlk nəticə Azərbaycanla sülh gündəliyinə təhlükənin yaranmasıdır. Əgər Şahra­manyan, ya qeyrisi durub deyirsə ki, “Artsax”ın strukturları buraxılmayıb, deməli, onların bu fikri səsləndirdikləri ölkənin, yəni Ermənistanın səmimiyyəti mütləq qaydada şübhələndirilməlidir. 

***

Onu da yada salaq ki, S.Şahraman­yan ilk dəfə deyil ki, bu sayaq sərsəm açıqlama ilə çıxış edir. O, bir müddət öncə də bildirmişdi ki, heç kəsin “Ar­saxı” ləğv etmək ixtiyarı yoxdur. Çünki o, guya referendumla yaranıb. Hansı referendumla, bu barədə də azacıq söz açaq və deyək ki, Samvelin haqqın­da danışdığı proses 1991-ci il dekab­rın 10-da reallaşmışdı. Qarabağdakı azərbaycanlıların boykot etdikləri və yalnız ermənilərin qatıldıqları “referen­dum” bölgənin Azərbaycandan ayrıldı­ğı və “müstəqilliyi” qərarını çıxarmışdı. “Müstəqillik” 1992-ci ilin yanvarında elan da edilmişdi. Təbii ki, separatçı “Dağlıq Qarabağ Respublikasını” heç kəs, o cümlədən, Ermənistanın özü ta­nımamışdı. 

Onu da bildirək ki, bundan əvvəl, yəni 1991-ci il noyabrın 26-da Azərbay­can Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdu. Həmin qanun üzrə “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqın­da” Azərbaycan Mərkəzi İcraiyyə Ko­mitəsinin 1923-cü il 7 iyul tarixli Dek­reti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düş­müş sayılmışdı. 

***

Qeyd edək ki, S.Şahramanyanın yuxarıda diqqətə çatdırdığımız sərsəm bəyanatını beş-altı təxribatçının təhri­ki ilə vermək məcburiyyətində qaldığı təəssüratı yaranmışdı. Amma indi gə­linən qənaət budur ki, heç bir təxribat yoxdur, burada elə Ermənistan haki­miyyəti tərəfindən oynanılan məkrli oyun var. Yekun hədəfi, ideoloji xətti Azərbaycan torpaqlarına qəsb olan məkrli oyun... 

Azərbaycan–Ermənistan sülh gün­dəmi ilə bağlı məsələlərin meydana çıxdığı hazırkı dövrdə S.Şahraman­yanın susqunluğu pozması, heç şü­bhəsiz, məqsədli xarakter daşımaqda­dır. Birincisi, Ermənistan hakimiyyəti göstəririr ki, Samvelin sentyabrın 28-də “Artsax”ın buraxılması haqqında­kı fərmanı mənasız kağız parçasıdır. Yəni, bunu onun özünə dedizdirirlər. 

İkincisi, Şahramanyan artıq əvvəlki separatçı rejimin deyil, bilavasitə indiki erməni iqtidarının adamı kimi çıxış edir. Əvvəlki separatçıların hamısı Bakı həbsxanalarındadır. Baş nazir Nikol Paşinyan administrasiyası üçün təh­lükə yoxdur. Deməli, Qarabağ avan­türasını yeni konfiqurasiyada davam etdirə bilmək üçün problem qalmayıb. 

Üçüncüsü, Şahramanyanın sentyabrın 28-də imzaladığı “fərmanda” “Artsax”ın fəaliyyətini 2024-cü il yanva­rın 1-dən tam dayandıracağı bildirilirdi. Deməli, indidən məsələnin ictimai rəy­də qəbul edilməsinin qarşısı alınır. 

Dördüncü məqam bilavasitə Azər­baycanla sülh gündəmi ilə bağlıdır. Ermənistan hakimiyyəti çoxdandır aparılmayan sülh danışıqlarının yeni fazası üçün, belə demək mümkünsə, Qarabağ immuniteti formalaşdırmağa çalışır. Bunu BBC telekanalına müsa­hibə verən ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyanın fikirlərin­dən də görmək mümkündür. 

V.Kostanyan ikitərəfli danışıqlarda “beynəlxalq ictimaiyyətin təklif etdiyi prinsiplər” amili üzərində dayanır. Belə­liklə, söhbəti Qarabağdan köçmüş er­mənilər üzərinə gətirir: “Erməni əcdad­larının vətənini (?) tərk edənlərdən bir nəfər də ora qayıtmayıb. Deməli, bu, onu göstərir ki, onlar özlərinin təhlükə­sizliyinə təminat veriləcəyinə əmin de­yillər. Bundan nəticəni özünüz çıxarın”. 

***

Əslində, S.Şahramanyanın keçir­diyi görüşdən məqsəd də canını tap­şırmış “Artsax”ın əhalisinin durumu istiqamətində tədbirlər görməyə yönəl­mişdi. Yəni, məsələ belə ictimailəşmiş­di. Həm Samvelin görüşü, həm Kos­tanyanın dedikləri onu söyləməyə əsas verir ki, Ermənistan iqtidarı yenidən Qarabağ erməniləri ilə bağlı məsələni sülh gündəliyinə daxil etməyə hazırla­şır. Bunun üçün zəmin formalaşdırır. İstəyir ki, beynəlxalq ictimai rəy bu əha­li qrupu kontekstindəki mülahizələrlə reallıqlardan uzaq tutulsun. Mövcud xüsusdakı ab-hava kənar oyunçuların Azərbaycana təzyiqini şərtləndirsin. 

***

Bütün bunların fonunda atalarımı­zın bir məsələni xatırlatmalıyıq: tutar qatıq, tutmaz ayran. İndi baş nazir N.Paşinyan administrasiyasının təm­silçiləri məhz bu prinsiplə hərəkət et­məkdədirlər. Onsuz da yaxşı bilirlər ki, Azərbaycan hansısa manipulyasiyaya imkan tanımayacaq, dirəniş göstərə­cək. Ancaq Qarabağ amilini, daha doğrusu, Qarabağ erməniləri ilə bağ­lı məsələni gündəmə gətirirlər. Yəni, istək baş tutmasa da, bu, ümumən anti-Azərbaycan ritorikasını diri tutmaq üçündür. Nəzərə alaq ki, Ermənista­nın sülh gündəmindən gözlədiyi daha vacib məsələ var – Naxçıvana ge­dən yolun onun ərazisindən keçməsi. Azərbaycana qarşı antipatiya forma­laşdırmaq həm də bu məqsədin real­laşmasına dəstək dividendidir. Deməli, “tutar qatıq, tutmaz ayran”la yanaşı “o olmasın, bu olsun” prinsipi də işə salı­nıb. Heç biri də baş tutmasa, pul olsun. Bəli, pulu Qarabağ ermənilərinə xaric­dən maliyyə yardımının artırılması ilə qazanmaq mümkündür.

Güman edirik, bütün bu qeyd etdik­lərimizdən sonra S.Şahramanyanın nə üçün “xortladığını” müəyyənləşdirmək elə də çətin deyil. 

Ə.CAHANGİROĞLU
XQ

P.S. Məsələ burasındadır ki, Qa­rabağ erməniləri Ermənistan Res­publikasının vətəndaşlarıdır. Onların əməkhaqları, pensiyaları və digər sosial tələbatları həmişə Ermənistan dövləti hesabına qarşılanıb. Yəni, bu əhali üçün ölkənin büdcə ayırmala­rında nəzərdə tutulanlar var. Ona görə də Ermənistana köç maliyyə baxımın­dan təqdim olunduğu qədər də böyük sıxıntı deyil. Ancaq Paşinyan iqtidarı məsələni dünyaya yük kimi göstərir. Bunun nəyə hesablandığını isə vurğu­ladıq – asan pul qazanmaq.

Siyasət