Hər bir azərbaycanlının Prezidenti

post-img

Əsrə bərabər 20 ilin siyasi, sosial, iqtisadi və mədəni xronikası

Görkəmli dövlət xadimi, yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev 20 ildən artıqdır ki, Azərbaycan Respublikasını bu dövlətin qurucusu ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəli aparır, xalqımıza tarixi uğurlar qazandırır.

2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kur­sunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qaza­naraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itir­mək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyi sübuta yeti­rilib. 

Ümummilli liderin siyasi kursu­nun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ildə keçi­rilən seçkilərdə onun layiqli varisi İl­ham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seç­di. Prezident İlham Əliyevin ali döv­lət vəzifəsində ilk günlərdən baş­layaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz lide­rinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qa­zandı.

Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımı­zın azad olunması, ərazi bütövlü­yümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezi­dent, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qaza­nılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni re­allıqlar yarandı. 

Tarixə nəzər salsaq görərik ki, ötən 20 ildə Azərbaycan Ordusu­nun döyüş qabiliyyətinin artırılma­sı, silahlı qüvvələrin maddi-texni­ki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Bunun nəticəsidir ki, Azər­baycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hər­bi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın noyabrın 8-də iş­ğaldan azad edilməsi tariximizə şan­lı Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiy­yətini – sərkərdəlik məharətini üzə çıxar­dı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Preziden­tinin diplomatiya müstəvisində çevik si­yasəti oldu. Müharibə dövründə dövləti­mizin başçısı İlham Əliyev xarici KİV-lərə 30-dan çox müsahibə verdi ki, bu da mü­naqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. 

Vətən müharibəsində qazanılmış par­laq Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlar­la, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət ya­ratmaq lazım gəlirdi. Ötən on doqquz ilə nəzər salsaq görərik ki, dövlətimizin baş­çısı xalqa verdiyi bütün vədləri yerinə ye­tirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. 

Azərbaycan Respublikası Prezi­dentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regi­onlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən, yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaş­dırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. 

Bu strategiyanın həyata keçirilmə­sində, o cümlədən, ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionla­rın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004–2008, 2009–2013, 2014–2018, 2019–2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proq­ramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyiş­miş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xid­mətlərin keyfiyyətinin, biznes və investi­siya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır. 

Prezidentin qayğısı və diqqəti sayə­sində son illərdə Bakı şəhərində və onun qəsəbələrində də tikintiqurucu­luq işləri daha geniş vüsət alıb. Bakı şəhərinin və onun qəsəbələrinin sosi­al-iqtisadi inkişafına dair 2006–2007, 2011–2013 və 2014–2016-cı illəri əhatə edən Dövlət Proqramlarının icrası, eləcə də Azərbaycan Respublikası regionları­nın 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Bakı şəhəri və qəsəbələri üzrə həyata keçirilən təd­birlər paytaxtda irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkar­lıq və investisiya fəaliyyətinin genişlən­məsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən, kommunal və sosial xidmət­lərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürət­lənməsinə şərait yaradıb. Həmin proq­ramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoyub, rəqabətqabi­liyyətli və ixracyönümlü ən müasir müəs­sisələr yaradılıb, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib 

Kənd təsərrüfatı sahəsində ərzaq təh­lükəsizliyinin təmin olunması üçün bitkiçi­lik və heyvandarlıq sahələri inkişaf etdiri­lib, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağla­rının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödə­nilməsi, eləcə də dövlət büdcəsinin və­saiti hesabına buğda istehsalının stimul­laşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəy­yən işlərin görülməsi, aqroservis xidmət­lərindən güzəştli qiymətlərlə istifadə, Sa­hibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları is­tehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdəndir. Aqrar sektorun inno­vativ əsaslara keçirilməsi, o cümlədən, aqroparkların yaradılması dövlət başçısı­nın əsas hədəflərindəndir. 

2016-cı il oktyabrın 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Fər­man imzalayıb. Şuranın yaradılmasında məqsəd 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstərişləri müəyyən etməkdən, ölkə­də sosial-iqtisadi sahələri əhatə edən döv­lət proqramlarının və strategiyaların Daya­nıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikası Preziden­tinin 6 dekabr 2016-cı il tarixli Fərmanı Milli iqtisadiyyat və iqtisadiyyatın 11 əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilib və bu istiqamətlər üzrə müəyyən edilmiş tədbirlərin icrası uğurla davam et­dirilir. Azərbaycan Respublikası Preziden­tinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. 

Son 20 ildə regionların inkişafında so­sial məsələlərin həlli ilə bağlı zəruri tədbir­lər davam etdirilib, insan amili daim diqqət mərkəzində saxlanılıb, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırıl­ması istiqamətində mühüm işlər görülüb. Təhsil, səhiyyə, mədəniyyət və digər sosi­al layihələrin reallaşdırılmasında mühüm rolu olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xa­nım Əliyevanın təşəbbüsü ilə həyata ke­çirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açıb. 

Son 15 ildə regionlarda 3 min­dən artıq məktəbdə, 400-ə yaxın mək­təbəqədər təhsil müəssisəsində və 500-ə yaxın səhiyyə müəssisəsində ti­kinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Regionlarda 34 olim­piya-idman kompleksi, 34 gənclər evi inşa olunub. 2004-cü ildən etibarən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına ölkə əhalisi­nin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırılıb və əhalinin rifah halı xeyli dərəcədə yük­səlib. 

Ermənistanın hərbi təcavüzü nəticə­sində yer-yurdlarından didərgin salınan məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının daim diqqət mərkəzində olub. 2003–2021-ci illər ərzində məcbu­ri köçkünlərin sosial problemlərinin həlli üçün, ümumilikdə, 6,7 milyard manat və­sait sərf edilib ki, həmin vəsaitin 4,2 mil­yard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 396 milyon manatı beynəlxalq humanitar təşkilatların payına düşür. 

Dövlət başçısının 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respubli­kasında iqtisadi rayonların yeni bölgüsü haqqında” tarixi Fərmanla Şərqi Zəngə­zur və Qarabağ iqtisadi rayonlarının ya­radılması Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyümüzün və suveren­liyimizin daha bir təzahürü, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların keyfiy­yətcə yeni mərhələyə qədəm qoymasının təsdiqidir. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilə­dək beş Milli Prioritetindən biri kimi müəy­yən olunmuşdur. 

Azərbaycan Respublikası Prezidenti­nin 16 noyabr tarixli Sərəncamı ilə “Azər­baycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Həya­ta keçirilən məqsədyönlü və genişmiqyas­lı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunma­sına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. 

Azərbaycan Respublikasının ərazi bü­tövlüyünün, müstəqilliyinin və konstitusi­ya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosi­al-məişət şəraitinin yaxşılaşdırılması döv­lət başçısının daim diqqət mərkəzindədir. Bütövlükdə, Birinci və İkinci Qarabağ mü­haribələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bu ka­teqoriyadan olan şəxslərə və onların ailə üzvlərinə 2003–2021-ci illərdə 6 mindən çox avtomobil verilib. 2003–2023-cü illər­də əlilliyi olan şəxslər üçün 13 reabilitasi­ya müəssisəsi, həssas əhali qrupları üçün 7 sosial xidmət müəssisəsi, işsiz və işax­taranlar üçün 4 Regional Peşə Hazırlığı Mərkəzi açılıb. 

Qanunvericiliklə müəyyən edilmiş qay­dada ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial müavinət, təqaüd və kompensasiya­lar ödənilir. Ölkədə turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizm infrastrukturunun inkişafı­na və beləliklə, əhalinin istirahətinə geniş imkanlar yaradıb. 2003-cü ildə ölkədə cəmi mehmanxana və mehmanxana tipli müəs­sisələrin sayı 96 olduğu halda, regionların inkişafı istiqamətində qəbul olunmuş döv­lət proqramlarının icrası nəticəsində belə obyektlərin sayı artaraq 560-ı keçib ki, bu­nun da 400-dən çoxu regionlarda fəaliyyət göstərir. 

Siyasi, iqtisadi imkanlarının genişlən­dirilməsi Azərbaycanın beynəlxalq arena­dakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dünya Bankının “Do­ing Business” hesabatında reytinqə görə Azərbaycan 190 ölkə arasında 28-ci yer­dədir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azər­baycan ikinci yerdədir. 

İnkişaf etməkdə olan 74 ölkə arasın­da aparılan hesabata əsasən hökumətin islahatçı obrazı əmsalına görə Azərbay­can dünya miqyasında beşinci yerdə, uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsinə görə Azərbaycan 11-ci yerdə­dir. İnklüziv inkişaf indeksi üzrə Azər­baycan üçüncü yerdədir. Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə Azərbaycan 2005-ci ildən 2020-ci ilədək 69-cu yer­dən 34-cü yerə yüksəlib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. 2005-ci ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istismara verilib. 2006-cı ildə is­tismara verilən Səngəçal terminalı Azər­baycan neftini Gürcüstan limanlarına daşınması üçün qəbul etməyə, həm də terminala tankerlərlə qəbul edilən Türk­mənistan, Qazaxıstan və Rusiya neftini Bakı–Tbilisi–Ceyhan boru kəmərinə nəql etməyə imkan verir. 

Avropanı Asiya ilə birləşdirən və 2017-ci ildə istismara verilən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çe­virib. 2018-ci ildə Türkiyənin Əskişəhər şəhərində Trans–Anadolu Qaz Boru Kəməri – TANAP qaz kəməri istifadəyə verilib. Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri – TAP-ın tikintisi yekunlaşıb. 2021-ci ildən başla­yaraq İtaliyanın, Yunanıstanın və Bolqa­rıstanın Azərbaycanın maye qazından istifadəyə başlaması artıq Avropa qitəsi­nin bəzi dövlətlərinin gələcəkdə daha çox Azərbaycanın enerji sahəsində tərəfdaşı olmasına gətirib çıxaracaq. Bu gün Azər­baycanın Avropanın mavi yanacaqla tə­minatında xüsusi payı var. 

2018-ci il may ayının 14-də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri­nin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılı­şı olub. Təməli 2020-ci ildə qoyulan Ələt Azad İqtisadi Zonası regionun ən böyük ticarət və logistika mərkəzinə çevrilmək­dədir. Ələt qəsəbəsindəki ən böyük Xəzər limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Ələt Azad İqtisadi Zonasının istifadəsi üçün ayrılmış ərazilərə daxil edilib.

Ölkəmizin ilk telekommunikasiya pey­kinin orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Azər­baycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. "Azers­pace-1", "Azersky" və "Azerspace-2" peykləri orbitdə uğurla fəaliyyət göstərir. Dövlət orqanlarının informasiya sistem­ləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanla­rının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilib. 

Prezident İlham Əliyev dövlət struk­turlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox inqilabi islahatla­rın müəllifidir. Prezident yanında Vətən­daşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini – "ASAN xidmət" mərkəzlərini buna misal göstərmək olar. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmətlərin operativlik, şəf­faflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə və vətəndaş məmnunluğunun daim yük­sək səviyyədə saxlanılmasına nail olu­nub. Mərkəzlərin sayı və əhatə dairəsi artırılıb. 

Mərkəzlərdə 11 dövlət orqanı tərə­findən 53 əsas xidmət (alt qruplar üzrə 320-dən çox xidmət) təşkil edilib. Hazır­da 24 “ASAN xidmət” və 3 “ASAN Kom­munal” mərkəzi olmaqla, ümumilikdə, 27 mərkəzin vahid standartlar çərçivəsində idarə olunması və vətəndaşlara xidmət göstərilməsi üçün bütün imkanlar təmin olunub. 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin­dəki Dayanıqlı və Operativ Sosial Təmi­nat Agentliyi – DOST Agentliyi yaradılıb. DOST Agentliyinin missiyası əhalinin ri­fah halının yaxşılaşdırılmasından, həssas qruplara dövlət qayğısının artırılmasın­dan və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. 

Hazırda ölkədə 5 DOST mərkəzi fəaliyyət göstərir. 2025-ci ilədək Bakı­da və ölkəmizin regionlarında 17 DOST mərkəzi, 55 DOST filialı istifadəyə verilə­cək. Bu mərkəzlər 3 milyona yaxın şəxsə xidmət edəcək. Hazırda Bakıda DOST İş Mərkəzi, Rəqəmsal İnnovasiyalar Mərkə­zi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. 

2003-cü ildən bəri Azərbaycan dün­yada həm də mühüm beynəlxalq tədbirlə­rin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı "Eurovision" mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəy­liyi Oyunlarına, "Formula 1" yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahib­liyi edib. Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgə­də və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. 

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədr­lik edib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. 

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stan­siyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zama­nı strateji infrastruktur obyektlərinin açılı­şını edir, yenilərinin təməlini qoyur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları­nın rəsmi açılışı olub. 

Laçın beynəlxalq hava limanlarının inşası davam etdirilir. Göygöldən Murov dağının altından Kəlbəcərə uzunluğu təq­ribən 12 kilometr olan tunel sürətlə çəki­lir. Şuşaya gedən Zəfər yolunun tikintisi tamamlanıb. Şuşa, Ağdam, Füzuli, Cəb­rayıl, Zəngilan, Laçın, Qubadlı və Kəlbə­cər şəhərlərinin baş planları təsdiqlənib, onların bərpası və yenidən qurulması is­tiqamətində işlər davam etdirilir. 

Prezident İlham Əliyev dəfələrlə bə­yan edib ki, erməni işğalçıları tərəfin­dən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsa­sında bərpa olunacaq. 2021-ci il aprelin 26-da bu istiqamətdə artıq ilk addım atı­lıb. Zəngilan rayonunda yüksək texnologi­yalara əsaslanan ilk “Ağıllı kənd” layihəsi­nin birinci mərhələsi başa çatdırılıb. Ağalı kəndində icra edilən layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak ediblər. Bu hadisə həm də Böyük Qayıdışın başlandığı gün hesab olunur. Erməni vandalları tərəfindən viran qoyu­lan Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köç­künlər qısa müddətdə doğma yurdlarına qayıdacaqlar. 

Yuxarıda sadalanan faktlar göstə­rir ki, Prezident İlham Əliyevin rəhbər­liyi ilə Azərbaycan son 20 ildə əsrə bə­rabər inkişaf yolu keçib. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətləri­nin icrasına başlayarkən İlham Əliyev 42 yaşında idi və demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Hazırda ömrünün 62-ci ilində İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun bö­yük rəğbət və etimad göstərdiyi alternati­vsiz liderə çevrilib. Ötən 20 ildə Azərbay­can xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Preziden­timizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədə­ki sağlam ictimai-siyasi mühit, xalqla iqti­darın birliyi dayanır. 

Bu qarşılıqlı inam sayəsində Prezi­dent İlham Əliyevin Azərbaycanı dünya­nın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxaracağı günlər uzaqda deyil. Xalqımız ölkənin yüksələn rifahı, dövlətin təhlükə­sizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi titanik işlərə görə dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnət­darlıq edir, onunla qürur duyur.

XQ-nin analitik qrupu



Siyasət