Uduzmağa vərdiş edənlərin xəyalı

post-img

İrəvanı təhlükəli silahlanmaya çəkənlər onu yeni fəlakətə aparırlar

Qarabağdan barıt qoxusu çəkilməmiş yenidən bölgəni hərbi qarşıdurma meydanına çevirmək istəyənləri nə sülh, nə əmin-amanlıq, nə də ki, qonşuların barış içində birgəyaşayışı düşündürür. Məlum güclərin məqsədi Cənubi Qafqazda özlərinin maraqlarının təminatına cavab verə biləcək hərbi-siyasi durumu formalaşdırmaqdır. 

Üzdə ermənilərə dəstək verdiklərini “nümayiş etdirən” həmin güclər Qərb­dən və Şərqdən sanki İrəvanı silah­landırmaq yarışına girişiblər. Burada söhbət, ilk növbədə, Fransa və Hin­distandan gedir. Rəsmi İrəvan məlum səbəblərdən Rusiya silahından imtina etdikdən sonra, “bazarı” boş görən bu iki dövlət son bir il ərzində Ermənistanı “hərbi donor” qismində müxtəlif təyinatlı döyüş texnikası, HHM sistemləri, raket kompleksləri ilə təchiz etməyə başlayıb. 

Dehli və İrəvan arasında hərbi-tex­niki əməkdaşlığa dair bir neçə müqa­vilənin imzalandığı, Ermənistana gön­dərilən silah-sursatın növləri barədə oxucuları məlumatlandırmışdıq. Bu iki ölkənin indiyədək əsasən müdafiə xa­rakterli hərbi işbirliyinin hazırda daha geniş miqyas alaraq hücum silahları ilə bağlı sazişə keçdiyi imzaladıqları mə­lum olub. 

“Hindistan Ermənistana ballistik və qanadlı raketlər verəcək”. Son günlər Hindistan mediası bu və buna bənzər başlıqlar altında xəbərlər yayımlayıb. Ermənistanın silahlandırılmasında Deh­linin əhəmiyyətli “sıçrayış” etdiyinin vur­ğulandığı materiallarda bu dəfə söhbət yalnız zenit-raket komplekslərindən, artilleriya qurğularından, tank əleyhinə raketlərdən, yaxud PUA-ları aşkar və məhv edən sistemlərdən deyil, ballistik və qanadlı raketlərdən gedir. Belə ki, Hindistan və Ermənistan müdafiə na­zirliklərinin müvəkkil etdikləri strukturlar arasında “Pralay” ballistik raketlərinin satışına dair razılaşma əldə olunub. 

Məlumatlarda deyilir ki, Hindistanın müdafiə sənayesində çalışan tədqiqat­çılar taktiki məqsədlər üçün öz ordu­larının tələbatına ödəyəcək “Pralay”ın atış radiusu 150 – 500 kilometr arasın­da dəyişdiyini diqqətə çatdırırlar. Yerli “Idrw.org” internet saytının yaydığı məlumata görə, Hindistan hökumətinə və Müdafiə Nazirliyinə yaxın DRDO strukturu Ermənistana ballistik raket­lərin satışı məsələsini, faktiki olaraq, həll edib. Qurumun nümayəndələri İrəvana hansı tip raketlərin satılacağı­nı bildirməsələr də, etibarlı mənbələr söhbətin səsdən iti “BraMos” qanadlı və “Pralay” ballistik raketlərindən get­diyini təsdiqləyiblər. Xəbərlərdə Hin­distanın HHM qoşunlarının arsenalına daxil edilmiş bu raketlərin hazırlanma­sına və sınaqdan çıxarılmasına Silahlı Qüvvələrin Baş qərargah rəisi general Bipin Ravatın başçılıq etdiyi qeyd olu­nur. “BraMos” və “Pralay”ın ilk alıcısı kimi isə Filippinin adı hallandırılır. Mə­lumatlarda o da vurğulanır ki, Dehli ra­ket texnologiyasının ixracına qoyulmuş mövcud məhdudiyyəti pozmamaqdan ötrü Ermənistana 300 kilometrə qədər məsafə qət edən raketləri təklif etməyə hazırlaşır. 

* * * 

Göründüyü kimi, Hindistanın Ermə­nistana satdığı və satmağa hazırlaşdı­ğı hərbi silahların çeşidi kifayət qədər zəngindir. Mövcud kontekstdə həmin silahların hücum xarakterli növləri diqqəti cəlb etməyə bilməz. İrəvanın hindli tərəfdaşlarından almağı planla­dığı həmin taktiki və ballistik raketlər məhz bu qəbildəndir. 

Bir müddət əvvəl Hindistanın on­layn mediasında belə bir informasiya getmişdi ki, Ermənistan uçuş məsafəsi 290 kilometr, döyüş başlığının ağırlığı 300 kiloqram olan “BraMos” qanadlı raketlərini əldə etməyə maraq göstə­ribmiş. Digər yandan, “Pralay” ballistik raketlərə dair davam edən danışıqlar barədə məlumatlarda göstərilirdi ki, modifikasiyadan asılı olaraq, bu ra­ketlərin döyüş başlıqları 350-dən 700 kiloqram arasında dəyişir. Bu zaman raketdə kasetli döyüş başlığının yer­ləşdirilə biləcəyi də vurğulanmışdı. Mo­bil platformada yerləşdirilmiş “Pralay” raketinin ilk sınaqlarının 2021-ci ilin dekabr ayında keçirildiyi faktı da yerli xəbərlərdə keçmişdi. 

DRDO-nun rəsmi məlumatına əsasən, idarəetmə orqanları, yönəltmə sistemləri və missiyanın alqoritmlərinin yoxlanıldığı ilk sınaq atışları zamanı “Pralay” kvaziballistik trayektoriya ilə uçaraq, buraxılış nöqtəsindən 400 ki­lometr məsafədə müəyyən edilmiş hə­dəfi yüksək dəqiqliklə sıradan çıxarıb. İkinci sınaq zamanı isə raket maksimal məsafəni – 500 kilometri qət edib və uçuşa Hindistanın Şəqr sahillərində yerləşən radarlar və elektrooptik iz­ləmə sistemi tərəfindən tamamilə nə­zarət edilib. Hazırda “Pralay”ın uçuş radiusunun daha da genişləndirilməsi və onun iki, üz yüz kilometrədək artı­rılması üzərində işlərin aparıldığı mə­lumdur. 

* * * 

Yerli ekspertlərdən bəzilərinin fik­rincə, Hindistanın Ermənistana yalnız müdafiə xarakterli deyil, həm də hücum silahlarını verməkdə altməqsədi Cənubi Qafqazda Türkiyə–Azərbaycan–Pakis­tan ittifaqına qarşı Hindistan–Ermənis­tan–İran alyansını yaratmaqdır. Əlbəttə ki, burada Dehlinin gəlir əldə etmək ma­rağı da nəzərdən qaçırılmamalıdır. 

Oxuculara xatırladaq ki, Hindistan və Ermənistan arasında çoxtərəfli stra­teji əməkdaşlığa dair anlaşma 2019-cu ildə imzalanıb. Fəqət, Dehlinin bu regi­onda real aktivləşmə dövrü Azərbayca­nın 44 günlük Qarabağ müharibəsində qazandığı zəfərdən sonra başlayıb. Bundan başqa, Hindistan Yunanıstanla da strateji tərəfdaşlıq barədə saziş bağ­layıb ki, bunun da Türkiyənin Cənubi Qafqazla yanaşı, Yaxın Şərqdə və Ara­lıq dənizi bölgəsində artan təsirini neyt­rallaşdırmağa hesablandığını birmənalı şəkildə söyləmək olar. Amma bu oyun­da, ən yaxşı halda, kənar müşahidəçi statusunda iştirak edən Ermənistan ha­kimiyyəti son üç ildə düçar olduğu hərbi məğlubiyyətlərini qətiyyən unutmamalı və indi özü üçün zərərli və yüksək riskli xam xəyallara qapılmamalıdır.

Beləliklə, deyilənlərdən belə bir nəticə hasil olur ki, kənar ianələrdən də bəhrələnən Ermənistanın məqsədi Azərbaycanla hərbi balansa nail ol­maqdır. İntəhası, bu zaman özünün məhdud hərbi büdcəsini Hindistan və Fransadan silah almağa xərcləməsinin real əsasları yoxdur. Ələlxüsus, nəzərə alınsa ki, ölkəmiz müdafiə qabiliyyətini və ordunun qüdrətini daha da artırmaq məqsədilə dünyanın ən müasir silah sistemlərini əldə edir, onda Hayastanın bu “marafonda” həmişə arxada qalaca­ğı labüddür. Yox, əgər onun bu gün baş vurduğu militarist siyasəti gələcəkdə Cənubi Qafqazda yeni hərbi qarşıdur­maya, Üçüncü Qarabağ müharibəsinə hesablanırsa, bu halda Ermənistanın bir dövlət olaraq mövcudluğu sual al­tına düşəcək. Onların üzləşə biləcə­yi bu acınacaqlı perspektivi biz deyil, müstəqil erməni ekspertləri, praqmatik siyasətçiləri özləri də deyirlər. 

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

Sülh danışıqlarının inten­sivləşdiyi, vasitəçisiz birbaşa dialoqun müəyyən nəticələr ver­məyə başladığı indiki dönəmdə İrəvanın silahlanmaya canatma­sı, Hindistandan raketlər alması, əlbəttə ki, bölgədə gərginliyi ye­nidən artıra bilər. Prezident İlham Əliyev demişdi ki, Azərbaycan Ermənistanın silahlanmasına, uzaqmənzilli raketlər almasına seyrçi qalmayacaq. Bu, İrəvan üçün ciddi xəbərdarlıq olmalıdır. Dehli və Parislə də izahat işləri aparmağa ehtiyac var. Doğru­dur, Fransa ilə münasibətləri­miz, demək olar ki, tam korlanıb, amma Hindistanla hər halda nor­mal ticarət əlaqələrimiz var. On­lara da başa salmalıyıq ki, Ermə­nistanla bu xarakterli silah satışı sövdələşməsinin bölgədə gər­ginliyi artırma ehtimalı var. Əs­lində, bu vəziyyət Hindistanın da maraqlarına cavab vermir. Yəni, diplomatik müstəvidə təmasların artırılmasına ehtiyac duyulur. 

İrəvanla aparılan ikitərəfli sülh danışıqlarında da bu məsələ qaldırılmalıdır. Əgər Ermənistan həqiqətən də Azərbacanla sülhə gəlmək, Türkiyə ilə münasibət­lərini normallaşdırmaq istəyir­sə, özünün milli təhlükəsizlik siyasətinə yenidən baxmalıdır. Bakı dəfələrlə bəyan edib ki, Qa­rabağ problemi öz həllini tapıb və Ermənistan isteblişmentindəki, eləcə də siyasi dairələrdə revanş əhval-ruhiyyəsinin artması hiss olunarsa, İrəvan məhz bu cür təxribatçı siyasətə uyğun addım­lar atarsa, biz bölgədə vəziyyətin gərginləşməsinin şahidi olaca­ğıq. Amma əmin olsunlar ki, son nəticədə onları Fransadan, Hin­distandan aldığı silahlar da xilas edə bilməyəcək. 

Şair RAMALDANOV, 
ehtiyatda olan polkovnik 

Ermənistanın silahlandırıl­ması təəccüblü deyil. Onun 44 günlük müharibədə darmadağın edilmiş və ağır itkilərə məruz qalmış bir ordusu var. Əvvəllər Ermənistanın silahlanması Ru­siya tərəfindən aparılırdı. Amma Ukraynadakı hərbi əməliyyat­lar Moskvaya silah ticarətində müəyyən problemlər yaratdığına görə, İrəvan, təbii ki, başqa silah tədarükçülərinə üz tutur. Ermə­nistanın Fransa və Hindistanla hərbi-texniki əməkdaşlıq sahə­sində atdığı addımlarını görürük. 

İrəvanın hazırkı sülh ab-ha­vasının fonunda silahlanması bir tərəfdən onun nə qədər silah almaq imkanına malik olduğu­nun, digər tərəfdən Ermənistanı silahlandıran ölkələrin iştahaları­nın göstəricisidir. Bəli, bu zaman region üçün təhlükə yarana bilər. Aydın məsələdir ki, İrəvan yenə bu və ya digər qüvvələrin əlində alətdir. Ən yeni tarix onu deyir ki, Ermənistanın silahlandırılması bütün hallrda bölgənin təhlükə­sizliyinə və sabitliyinə mənfi təsir göstərir. 

Ermənistan havadarlarının ona ayırdığı ianələr və ya subsi­diyalar hesabına artıq böyük təsir gücünə malik ağır silahlar əldə etməyə başlayıb. Yəqin müharibə ritorikasının artmasının səbəbi budur. Məğlubiyyəti həzm edə bilməyən erməni cəmiyyətinin reavnşist ovqatı sülh danışıqla­rında da maneəyə çevrilir. Bura­da xaricdəki havadarlarının da sülhün əldə olunmasına maraq göstərməməsi öz rolunu oynayır. Cəmiyyətin sülh sazişinə hazır olmadığını Paşinyanın özü də bir neçə dəfə dilinə gətirib. 

Azərbaycan lazımi tədbirləri­ni görür, ordumuz gündən-günə güclənir. Bakı sülhə köklənib. Yox, əgər Ermənistan avanturist revanşizmdən əl çəkməsə, bu halda nəticə özü üçün acınacaqlı olacaq. Ukraynanın aqibəti onla­ra görk olmalıdır. 

İmran BƏDİRXANLI
XQ





Siyasət