Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub

post-img

Dekabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.

Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2023-cü il 15 dekabr tarixli iclasının Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülüb. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 16-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən MSK-ya təqdim olunub. Bununla əlaqədar Seçki Məcəlləsində nəzərdə tutulan müddətdə və qaydada müvafiq araşdırma aparılıb, irəli sürülmüş namizədliyin təsdiqlənməsi üçün əsasların olduğu müəyyən edilib.

Komissiya 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.

Sonra sözügedən seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə qeydə alınıb.

Media nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Siyasət