Dalanda həzm çətinləşsə də...

post-img

Ən çətin vəziyyətdən, ən azı, bir çıxış yolu var 

Artur Konan Doylun məşhur qəhrəmanı xəfiyyə Şerlok Holms özünün deduksiya qabiliyyəti və intuisiyası sayəsində ən ağır cinayətlərin izini tapmağı, ən müəmmalı qətllərin üstünü açmağı bacarırdı. Onun daim uğur qazanmasının bir səbəbi də indi ilə keçmişin, reallıqla qeyri-reallığın uzlaşma nöqtələrinə bələd olması imiş.

Belə məlum olur ki, siyasətlə hə­yat arasında paralellər aparmaq indi ilə keçmişi müqayisə etmək qədər maraq­lı məşğuliyyətdir və hərdən tam yerinə düşür. Elə götürək keçmişə münasibət məsələsini. Keçmişinin onu köhnə çarpa­yıya bağlayan yapışqanlı lentlər olduğu­nu gözəl başa düşməyinə baxmayaraq, insan on, iyirmi, otuz il arxada qalanların ətəyindən əl çəkə bilmir. Qəddini dikəldib ayağa durmağa imkan verməyən həmin yapışqanlı çarpayının onun axırına çıxa­cağını anlasa da, iradəsini və cəsarə­tini toplayıb çoxillik yuxudan ayılmağa, hərəkətsizlik vakuumundan özünü xilas etməyə tələsmir. Sanki, hansısa ilahi qüvvə, yaxud ruhlar onu boğucu otağın əsarətindən, pərçim olunduğu çarpayının əsirliyindən qurtaracaq, div yuxusundan oyadacaq və yalnız bu yolla rahatlığına, azadlığına qovuşacaq. Yəni, möcüzə baş verəcək. İntəhası, möcüzəyə inananların son aqibəti heç də yaxşı olmur...

* * *

Ermənilərlə də eyni hal baş verir. Onlar da elə bil otuz illik yuxudan ayı­lıb reallığı qəbul etməkdə çətinlik çəkən adamın vəziyyətindədirlər. Baxmayaraq ki, üç il əvvəl Azərbaycan əsgəri onları qəflət yuxusundan oyatdı və acı reallıq­la üz-üzə qoydu. Düzdür, tam ayılma bir qədər uzun sürsə də, son vaxtlar bunun əyani əlamətləri görünməkdədir. Gəlin belə güman edək ki, Nikol Paşinyanın son üç ildə danışıqlar prosesini uzatmaq, sülhə əngəllər yaratmaq cəhdləri Ermə­nistan cəmiyytini tədricən Azərbaycanla sülhə adaptasiyaya hazırlamağa xidmət edirdi. Bunu baş nazirin hərdən erməni identikliyinin təməl prinsiplərinin aktuallı­ğı və məqsədyönlülülyü məsələsini qal­dırması faktı ilə də izah etmək olar. Bu mənada şübhə yeri yoxdur ki, Ermənis­tanda ictimai şüurda çevriliş, o cümlədən qonşulara yanaşmada yeni münasibət təlqin etməyə qadir yeganə qüvvə məhz Paşinyanın partiyasıdır. Beş il bundan əvvəl hakimiyətə gələn bu partiya bəlkə də erməni xalqının taleyində xoşbəxt gələcəyin təminatçısı rolunu oynayacaq. Beləliklə, hər şeydən göründüyü kimi, bütün tərəddüdlərə və ziddiyyətlərə bax­mayaraq, erməni xalqı beyinlərində kökü çürümüş Azərbaycana düşmən münasi­bət paradiqmasını dəyişməyə hazırdır. 

Hazırda yaranmış vəziyyətin ironik mənzərəsinə fikir verin: əgər son otuz ildə Ermənistan Qarabağı işğal etmiş­disə, amma indi Qarabağ Ermənistanın işğalçısı rolunda çıxış edir. Bəli, bu gün keçmişdə qalmış Qarabağa deyil, ağır günlərini yaşayan Ermənistana azadlıq lazımdır. Azərbaycan öz zəfəri ilə yanaşı, həm də ona fiziki azadlığını vermiş oldu. Amma mənəvi və konstitusion azadlığı qazanmaqdan ötrü rəsmi İravan xeyli əziyyətə qatlaşmalı olacaq. Qonşulara qarşı ərazi iddiasının rəsmiləşdirildiyi konstitusiyanı dəyişmək isə bu yolda atı­lacaq ilk addım olmalıdır. Daxili etirazla­ra, xarici təhdidlərə baxmayaraq, Paşin­yan bu addımı atmağa məhkumdur. Nə qədər ağır olursa-olsun, o, dövlətini və məğlubiyyəti udan, amma həzm etməyə çətinlik çəkən millətini bu dalandan çıxar­malıdır. Hər ikisinin mədə traktındakı qüsuru aradan qaldırmalıdır. Amma bu zaman baş nazir dalanda qalanın mərəz­dən tez qurtulmasının müşkül məsələ ol­duğunu da unutmamalıdır.

Bu məqamda erməni siyasi ekspert Artur Martirosyanın Paşinyana xitabən dediyi sözləri xatırlatmağımız tam yerinə düşür: “Nikol erməniləri Qarabağ məsələ­sinin bağlanmasının və sülhün əldə edil­məsinin daha doğru qərar olduğuna inan­dırmalıdır. İkitərəfli əlaqələr yaranmağa başladıqdan sonra İrəvan bir sıra iqtisadi dividentlər qazanacaq ki, bunu da insan­lara müsbət nəticə kimi təqdim edəcək­lər. Paşinyanın fikrincə, “erməni soyqı­rımı” məsələsi də bağlanmalıdır. O, türk dünyası üçün məqbul sayılacaq addımla­rı atmağa çalışır. İnsanların düşüncəsini öyrənmək və müxalifətin nəbzini yoxla­maq üçün çeşidli yolları sınaqdan çıxarır. Məsələn, dərsliklərdə dəyişiklik vasitəsilə bunu etdilər, amma əhalinin narazılığın­dan sonra ara bir qədər sakitləşdi. Amma geri çəkilmə olmayacaq”.

* * * 

Əlbəttə, geri çəkilməyə yer qalmayıb. Geridə haylara hər dəfə xatırlayanda an­caq xəcalət təri gətirəcək bədnam keşmiş var. Qarşıda isə Ermənistanı düşdüyü dalandan çıxaracaq sülh sazişi gözləyir. Onun imzalanması Paşinyanı da boğa­za yığmış separatçıların, daşnakların, “Qarabağ klanı”nın, lobbiçilərin “aparıcı sütünlarına” son və sarsıdıcı zərbənin endirilməsi demək olacaq. Məhz onda “miatsum” pərdəli çox gizlinlər aşkara çıxacaq, qaranlıqların üzərinə gün işığı düşəcək. 

Şerlok Holms obrazının məşhurlu­ğu, oxucu kütləsinə təsiri həm də onunla izah olunur ki, dedektiv sonda həmişə ədalətin zəfər çalmasına, haqlının qalib gəlməsinə, zərərçəkənin təzminat alma­sına nail olur. Finaldan isə hamı məmnun qalır. Hətta ifşa olunan tərəf də... 

İ.HƏSƏNQALA
XQ

Siyasət