Sülhün 2024-cü il ümidi: Vaşinqtonda Cənubi Qafqaz müzakirəsinə doğru

post-img

Azərbaycan–Ermənistan münasibətləri və normallaşmanın səciyyəvi məqamları 

Azərbaycanın və Ermənistanın Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün 2024-cü ilin yanvarında Vaşinqtonda keçirilməsi nəzərdə tutulur. Məlumat Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmun Marukyana istinadən yayılıb. Marukyanın ölkənin İctimai Televiziyasında daha nələrdən söz açdığını diqqətə çatdıracağıq. İlk növbədə isə bildirək ki, onun verdiyi məlumat başa çatmaqda olan 2023-cü ildə yekun sülh razılaşmasının imzalanmayacağını qətiləşdirir. Halbuki, prosesin reallaşacağına ümidlər böyük idi. 

E.Marukyan deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, yekun layihə yoxdur, lakin xarici işlər nazirləri­nin yanvarda gözlənilən görüşündə, nə­hayət, müqavilənin mətni razılaşdırıla bilər. 32 hərbi əsirin ölkəsinə təhvil ve­rilməsini Bakı-İrəvan sülh razılaşması yolunda mühüm addım kimi qiymətlən­dirən səfirin üzərində dayandığı ən ma­raqlı məqam onun 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əksini tapan şərtlərin artıq etibarını itirdiyini vurğula­masıdır. Marukyanın nəyə görə bu qə­naətə gəldiyi aydın olmasa da, deyimin Rusiyanı vasitəçilik missiyasından uzaq tutmaq niyyətinə hesablandığı aydındır. Ancaq səfirin diqqət yetirdiyi başqa bir xüsus da var: “Səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qa­rantdır. Bu, belə deyil. Zəmanət mexa­nizmi sənədləşdirilməli, tərəflər arasın­da mübahisə yaranarsa, orada bütün şərtlər əskini tapmalıdır”.

Göründüyü kimi, E.Marukyan vəziy­yəti, bəlkə özü də fərqinə varmadan, mürəkkəbləşdirmək yolu tutur. ABŞ, Av­ropa İttifaqı və Rusiya sülh təminatçısı deyilsə, o zaman zəmanət verən kimdir, hansı tərəfdir? Yəni, istər-istəməz, bu sual meydana çıxır. Amma mümkündür ki, Marukyan sözügedən fikri bilərəkdən gündəmə gətirir. Çünki onun söylədiklə­rini dolayısıyla Ermənistanın XİN rəhbə­ri A.Mirzoyan da təsdiqləməkdədir.

A.Mirzoyan Estoniyanın Xarici işlər naziri Markus Tsakha ilə keçirdiyi mət­buat konfransında bildirib ki, Cənubi Qafqazda güc tətbiqindən uzaq və lə­yaqətli sülhün bərqərar olması bütün qonşu ölkələrin aydın öhdəliyini və beynəlxalq tərəfdaşların güclü, səmi­mi dəstəyini tələb edir. Deməli, qonşu ölkələrin öhdəliklərinin aydın olub-ol­madığı müəyyən deyil və görünür, heç müəyyənləşməyəcək də. Beynəlxalq tərəfdaşlara gəldikdə isə onlar elə güc­lü dəstək vermirlər ki, İrəvan durumu səmimi qarşılasın. Görünür, Ermənis­tanın bununla əlaqədar öz kriteriyaları fərqlidir...

Səmimiyyətdən söz düşmüşkən, A.Mirzoyanın estoniyalı həmkarı ilə birgə mətbuat konfransında səsləndirdiyi di­gər fikirlər də var ki, həmin fikirlər Ermə­nistanın Azərbaycanla sülh gündəliyinə heç də səmimi yanaşmadığının təs­diqidir. Çünki erməni nazir yenə köhnə havalara baş vurmaqdadır. Məsələn, o, Azərbaycanın XİN rəhbəri C.Bayra­movla sonuncu görüşünün sentyabrın 18-də Nyu-Yorkda, BMT Baş Assamb­leyasının 78-ci sessiyası zamanı baş tutduğunu deyib. Eyni zamanda, bun­dan iki gün əvvəl Brüsseldəki qısa söh­bəti xatırladıb. “3+3” platforması çərçi­vəsində Tehrandakı görüşünü tamamilə yaddan çıxaran Mirzoyan sentyabr tə­masından sonra regionda mühüm ha­disələrin baş verdiyini diqqətə çatdırıb: “Sentyabrda biz Dağlıq Qarabağ ermə­nilərinin hüquqlarını və təhlükəsizliyini, Laçın dəhlizinin qanunsuz blokadasının aradan qaldırılmasını müzakirə etmi­şiksə, görüşümüzün ertəsi günü baş verən hadisə, Azərbaycanın Qarabağa hücumu ilə, vəziyyət xeyli dəyişdi. Bu gün etnik təmizləmə nəticəsində Qara­bağda, demək olar ki, erməni qalmayıb. 100 mindən çox əhali qaçqın düşüb və Ermənistan Respublikasında sığınacaq tapıb”.

Mirzoyanın daha sonra dediklərinə nəzərən düşünülə bilər ki, erməni nazir Qarabağ ermənilərinin qaçqın düşmə­si məsələsini Avropa Birliyində təm­sil olunan Estoniyadan yardım almaq üçün gündəmə gətirir. Amma məsələ yalnız bunda deyil. Erməni XİN rəhbəri hələ də Qarabağ erməniləri xüsusunda Azərbaycanın bölgəyə hücumu mən­tiqini qabardırsa, deməli, İrəvan köhnə şakərindədir. Yəni, sülh gündəliyinə zidd davranır. 

***

Sülh gündəliyinə daha bir zidd məqam Mirzoyanın bu il oktyabrın 5-də keçirilmiş Qranada görüşünü yada sal­masıdır. Məlum olduğu kimi, Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşə Azərbay­can Prezidenti İlham Əliyev qatılma­mışdı. Bu yerdə dövlətimizin başçısının Qranada görüşü ilə bağlı ən son fikrini diqqətə çatdıraq. Ölkəmizin lideri ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumdakı çıxışında bildi­rib: “Mən çox təəccübləndim, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən məni evləndirdilər. Bunu necə etmək olar? Azərbaycan-Ermənistan münasibətlə­rinin normallaşdırılması ilə bağlı qət­naməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmamışam”

Bəli, Qranadada Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Preziden­ti Emmanuel Makron, Almaniya Kansle­ri Olaf Şolts və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir araya gələrək, müəyyən sənədlər imzalamışdılar. O sənədlər ki, Paşinyan bir müddət on­ları Azərbaycan-Ermənistan sülh gün­dəliyi müstəvisində ehkamlaşdırmaq yolu tutdu, amma Qranada gündəliyini tam şəkildə əsas saymaq mümkün ol­madı. İndi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasının pozitiv ab-hava formalaşdırdığı bir məqamda, Mirzoyanın Qranada görüşünü yada salması və həmin görüşdə qəbul edilən sənədlərin prinsipial əhəmiyyətindən danışması məntiqsizdir. Əlbəttə, bu məntiqsizlik qeyri-səmimi durum for­malaşdırmaqdadır. Real nəticə verən sənəd, yəni birgə açıqlama qalıb kənar­da, erməni XİN rəhbəri tam əhəmiyyət­siz Qranada gündəliyini yada salır və bildirir ki, Azərbaycan da qeyd-şərtsiz elan olunmuş prinsiplərə sadiqliyini göstərməlidir. Görəsən, erməni nazirin başqa istək və arzusu varmı?.. 

Əslində, Mirzoyan birgə açıqlama­nın mühüm əhəmiyyətini vurğulamalı olduğu halda, Qranadadan danışma­malı idi. Düşünməli idi ki, məsələ Azər­baycan tərəfində qıcıq doğura bilər. Ancaq mövcud məqamı nəzərə almır... 

***

Ümumən, Mirzoyan sülh prosesi ilə bağlı prinsipial məsələlərdən uzaqdır. Belə təsəvvür yaranır ki, o, ya punktu­al siyasət adamı deyil, ya da özü qəs­dən belə davranır. Məsələn, deyir ki, Ermənistan və Azərbaycan arasında müzakirə olunan məsələlərdən biri də hər iki ölkənin qoşunlarının sərhəd əra­zilərindən çıxarılmasıdır. Məlumdur ki, bu, predmet baxımından yalnız sonra­nın mövzusu ola bilər. Məsələ hazırkı mərhələnin vacib prioriteti kimi qiymət­ləndirilməkdən uzaqdır. İndinin söhbəti dünyanın bir sıra beynəlxalq qütblərinin təqdir etdikləri birgə açıqlamadır ki, Mir­zoyan sənədin təminat məntiqini heçə endirir və deyir ki, bu, yeganə etibarlı­lıq vasitəsi deyil. Halbuki, məhz həmin sənədə görə, 32 erməni hərbi əsir artıq öz evindədir. Üstəlik, birgə açıqlama danışıqların növbəti axarı üçün Mirzo­yanın haqqında söz açdığı səmimiyyət ab-havasını formalaşdırmaqdadır. Bu səmimiyyət isə qoşunların sərhəddən uzaq tutulmasında da, hərbi eskalasiya riskinin aradan qaldırılmasında da baş­lıca mənəvi alətdir. Birbaşa qoşunların geri çəkilməsi məntiqini qabartmaq isə o deməkdir ki, İrəvan Azərbaycanın Ermənistan ərazisini işğal etdiyinə dair əvvəlki sərsəm ritorikaya baş vurmağı planlaşdırır. 

***

A.Mirzoyan Ermənistan-Azərbay­can qarşılıqlı addımlarının iki ölkə arasındakı münasibətlərin tənzimlən­məsinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu da bildirir. Bu zaman özü də təsdiqləyir ki, əsas məsələ sülh müqaviləsi üzrə danışıqlardır. Ancaq burada da ölkəmizə qarşı qərəz du­yulmaqdadır. Onun “Azərbaycan gö­rüşlər formatında danışıqlar masasına qayıtmalıdır” fikri anlaşılmazdır. Çünki Bakı danışıqlardan qaçan tərəf deyil. Əksinə, indiyədək İrəvan müxtəlif ma­hiyyətsiz məsələləri ön plana çəkmək­lə, təmasların başlıca predmetini inkar etmək yolu tutub, fərqli reallıqlar forma­laşdırmaq istəyib. Ona görə də hazırda Mirzoyanın “işin böyük hissəsi görülüb və indi əsas məsələlərin yekun redaksi­yası üzrə görüşmək və razılığa gəlmək lazımdır” söyləməsi şübhəli görünür. Doğrudanmı, işin əsas hissəsi görülüb? Görülübsə, nəyə görə erməni XİN rəh­bəri Azərbaycanın Qarabağa hücumu ritorikasını qabardır? Nə üçün bölgənin erməni əhalisinin hüquq və təhlükəsizli­yindən danışır? 

***

Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyindən söz düşmüş­kən, Ermənistanın Azatutyun radiosu məsələyə dair ölkənin Xarici İşlər Na­zirliyinə sorğu ünvanlayıb. XİN sorğuya cavabında noyabrın 21-də İrəvanın Ba­kıya göndərdiyi Ermənistan-Azərbay­can sülh müqaviləsinin 6-cı variantında Qarabağla bağlı hər hansı müddəanın olub-olmadığını dəqiqləşdirməyib. Qu­rum bildirib ki, Ermənistan üçün ölkənin və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, SSRİ Baş Qərar­gahının son xəritələri əsasında dövlət sərhədlərinin demarkasiyası, eləcə də suverenlik prinsipi və milli yurisdiksiya­lar üzrə regional kommunikasiyaların açılması üzərində təcili iş aparılması böyük əhəmiyyət daşıyır. 

Göründüyü kimi, suala konkret cavab yoxdur. Ancaq Azərbaycanın sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinə qədər baş nazir N.Paşin­yan bildirirdi ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi İrəvanla Bakı arasındakı danışıqların qırmızı xəttidir. Yeri gəlmişkən, deyək ki, ötən həftə parlamentdə müxalifət nümayəndələrinin Qarabağın gələcə­yi mövzusundakı sualını cavablandı­ran baş nazir vurğulamışdı ki, onun problemi Ermənistan Respublikasının gələcəyidir. Deməli, hazırda Vaşinq­ton görüşündən sülh gözləntisinin mövcudluğu şəraitində A.Mrizoyanın yenə, belə demək mümkünsə, Qara­bağ zəngulələri vurması anlaşılmazdır. Həmçinin, onun real mahiyyətdən uzaq məsələlərin üzərinə vaciblik qrifi vurub onları gündəmə gətirməsi də. Ümumən, Ermənistan rəhbərliyi həmişə bir qayda olaraq məsuliyyətsiz bəyanatlar verdi­yindən, ilk baxışdan, dəxlisiz kimi gö­rünən məqamları qabartdığından, daxili təpkilərlə üzləşir. Halbuki reallıqları so­yuq qiymətləndirsə, bütün bunlar baş verməyə, tənələrdən uzaq dura bilər. 

***

Sonda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqlamasına diqqət yetirək. Cənab Miller Birləşmiş Ştatların Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin mübadiləsindən sonra sülhün mümkün olacağına inan­dığını bildirib. Ölkəsinin Bakı və İrə­vanla mövcud istiqamətdəki işi davam etdirəcəyini deyən departament söz­çüsünün üzərində dayandığı məqam budur ki, sülhün əldə olunması üçün hər iki tərəfin prosesə sadiqliyi vacib­dir. Yuxarıda vurğuladıqlarımız Ermə­nistanın sülhə sadiqliyinin göstəricisi baxımından nikbin əhval-ruhiyyə yarat­masa da, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yanvarda nəzərdə tutulan Vaşinqton təmasından gözlən­tilər var. Sülh gözləntisinin özünü doğ­ruldub-doğrultmayacağını isə əlahəzrət zaman göstərəcək. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət