Bakı sülhə səs verir! Bəs İrəvan?

post-img

Ermənistanla sülh sazişinin imzalanması yaxın 2 ay ərzində reallaşa bilər 

Bu qənaətə gəlməyə ən çox əsas verən Ermənistanın rəsmi və qeyri-qeyri düşərgəsindən son günlər verilən nikbin açıqlamalar, ayrı-ayrı ekspertlərin, sabiq səlahiyyət sahiblərinin dilindən səslənən bəyanatlardır. Bakı və İrəvan arasında vasitəçilərsiz sülh dialoqunun tərəfdarlarının getdikcə artdığının hiss olunduğu Ermənistan cəmiyyəti artıq barışığa hazır olduğunu nümayiş etdirməkdədir. Bu, danışıqların məhz indiki mərhələsində arzuedilən müsbət tendensiyadır.

“Ermənistan ilin sonuna qədər Azərbay­canla sülh müqaviləsini imzalamağa ha­zırdır”. Bunu iqtidardakı “Vətəndaş sazişi” partiyasının parlamentdəki təmsilçisi Sarkis Xandanyan əminliklə dilə gətirib. Onun söz­lərinə görə, rəsmi İrəvanın bugünədək toxun­duğu və qaldırdığı, Bakı ilə razılaşdırdığı bü­tün fundamental məsələlər öz təsdiqini sülh müqaviləsində də taparsa, bu zaman sazişin imzalanması, sadəcə, texniki xarakter daşı­yacaq: “Əgər İrəvanın sonuncu dəfə Bakıya göndərdiyi sülh sazişi ilə bağlı təklifləri qəbul edilsə, razılaşmanın bu ilin sonunda imzalan­ması mümkündür”.

Sülh sazişinin son mətninə İrəvanın konkret hansı təklifləri əlavə etdiyi tam açıqlanmasa da, erməni ictimaiyyətinin ikitərəfli danışıqlara müsbət yanaşdığı ortadadır. Bu reallığı Paşinyana qədərki hakimiyyət nümayəndələrinin də qəbul etdiklərinin və prosesə müsbət yanaş­dıqlarının təzahürləri görünməkdədir. Məsələn, Ermənistanın keçmiş baş naziri Armen Darbinyan hesab edir ki, Türkiyə və Azərbaycanla danışıqlar vasitəçi ölkə olmadan aparılmalıdır. O, bu məsələyə praqmatik baxılmasının tərəfdarı oldu­ğunu deyir: “Bir çox yerlərdə belə bir fi­kir eşidirik ki, Ermənistan–Azərbaycan danışıqlarına vasitəçisiz getmək olmaz. Mən bu cür fikirləri doğru hesab etmirəm. Düşmənlərimizlə mübarizə aparmaqdan ötrü arxamızda niyə rusa, fransıza və ya amerikalıya ehtiyacımız olmalıdır? Yox, biz ayağa qalxıb onlara öz ləyaqətimizlə yanaşacağıq. Mən bu məsələdə heç bir problem görmürəm”. 

Düzdür, məğlubiyyətin acısını unuda bilməyən hayların eks-baş naziri qarşı tərəfi hələ də “düşmən” obrazında görür, amma onunla razılaşmanın alternativinin olmadığını da qəbul edir. Digər tərəfdən, Darbinyan etiraf edir ki, Ermənistan ha­zırda Azərbaycanla sülh danışıqlarının çox çətin mərhələsindədir: “Bu, diplo­matiyadır. Harada dayanmaq, nəyi əldə saxlamaq, danışıqlar yolu ilə nəyi vermək və onun əvəzində nəyi almaq lazımdır! Təəssüf ki, biz indi belə bir vəziyyətlə üzləşmişik. Amma bu halda da problem­lərin optimal həlli yollarını axtarmaq və tapmaq olar. Bəli, irəliyə doğru addım atmaq, çıxış yollarını axtarmaq lazımdır. Əks təqdirdə sabah vəziyyətimiz bundan da pis ola bilər”. 

Ermənistanın hökumət rəsmilərindən birinin – xüsusi tapşırıqlar üzrə səfir Ed­mond Marukyanın ikitərəfli sülh danışıq­ları ilə bağlı açıqlaması isə ictimaiyyət tərəfindən maraqla qarşılanıb. O, Ermə­nistan İctimai Televiziyasının efirindən bəyan edib ki, 2024-cü ilin yanvar ayında iki ölkənin XİN başçıları - Ceyhun Bay­ramov və Ararat Mirzoyan Vaşinqtonda görüşəcəklər. 

“Hazırda bizim əlimizdə sülh sazişinin imzalanmağa hazır olan son və razılaş­dırılmış variantı yoxdur. Ümid edirik ki, Azərbaycanın da razılıq verdiyi Vaşinq­ton görüşündə tərəflər sazişin mətnini təsdiqləyəcəklər”, - deyən Marukyan bu­nunla həm də İrəvanın sülhə kökləndiyini nümayiş etdirib. 

* * * 

Azərbaycan Sosial Araşdırmalar Mərkəzi Bakı və İrəvan arasında sülhün perspektivləri barədə ictimai rəyi öyrən­mək məqsədilə əhali arasında sorğu ke­çirib. Ölkənin 12 iqtisadi rayonundan yaşı 18-dən yuxarı 390 respondentin qatıldığı sorğunun nəticələrinə əsasən, rəyi soru­şulanların 78,5 faizi Ermənistanla sülh müqaviləsinin tərəfdarı olduğunu bildirib. İştirakçıların 20,2 faizi suala mənfi cavab verib, 1,3 faizi isə rəy bildirməkdə çətinlik çəkib. Sorğunun maraq doğuran nəticə­si həm də ondan ibarətdir ki, ermənilərlə sülhü dəstəkləyənlərin 86,9 faizi ali təh­silli vətəndaşlardır.

Noyabrın 25-dən 29-dək aparılan sorğuda rəyi soruşulan kişilərin 42,8 fa­izi, qadınların isə 31,6 faizi Ermənistanla sülh sazişinin yaxın vaxtlarda imzalana­cağına tamamilə inandığını bildirib. 

Beləliklə, nəticələr bir həqiqəti üzə çıxardı ki, faktiki olaraq, vətəndaşlarımı­zın orta hesabla 80 faizi münaqişənin sülh yolu ilə başa çatmasının və Ermə­nistanla münasibətlərin normallaşması­nın tərəfdarıdır. Deməli, ölkə əhalisinin böyük əksəriyyəti artıq qonşu Ermənis­tanla siyasi və iqtisadi münasibətlərin tam bərpa olunmasına etiraz eləmir. 

SAM-ın sorğusu, eyni zamanda, orta­ya maraq doğuran bir məqamı da çıxarır: görəsən oxşar rəy sorğusu Ermənistanda keçirilsəydi, eyni sualları sıravi ermənilər necə cavablandırardılar? Onlar da bizim kimi sülhə səs verərdilərmi? Hələlik, əsas suala onların 80 faizinin “hə” deyəcəyi real görünməsə də, prosesin buna doğru getdiyini əminliklə söyləyə bilərik. 

* * * 

Qayıdaq son günlər Hayastanın daxili siyasi gündəmini məşğul edən sülh dia­loquna reaksiyalara. Mövcud kontekstdə siyasi şərhçi Tevos Arşakyanın paylaşımı diqqəti cəlb edir. Arşakyan Ermənistanla Azərbaycan arasında münasibətlərin ni­zamlanması, sülh prosesində əldə edilən son uğurlara Moskvanın qısqanc yanaşdı­ğından söz açır: “Bu dəfə Moskva Sergey Lavrovun müavini Mixail Qaluzini üstü­müzə buraxıb. O, indi həm bizə mühazirə oxumağa, həm də Avropa İttifaqı missiya­sının qeyri-konstruktivliyinə işarə vurmağa başlayıb. Guya, Aİ-nin Cənubi Qafqazda yürütdüyü siyasət Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmağa xidmət edir”.

Xatırladaq ki, Aİ Ermənistandakı mül­ki müşahidə missiyası heyətinin sayını 138 nəfərdən 209-a çatdırmaq qərarına gəlib. Tevos Arşakyan bunun üçün İrə­vanın heç kimdən, o cümlədən tərəfdaş­larından və qondarma müttəfiqlərindən icazə istəmək məcburiyyətində olmadığı­nı ərz edir: “Biz belə düşünürük, amma nədənsə davranışımızın şərtlərini diktə etmək hüququna sahib olduqlarına ina­nan bəzi “müttəfiqlər” ərazimizə kimi qəbul etməyimizə müdaxiləyə çalışır. Burada söhbət, təxmin etdiyiniz kimi, avromissiyanın Ermənistanda genişlən­məsinə görə haray-həşir salan Rusiya­dan gedir. Moskva çox narahatdır. Bəli, Azərbaycan–Ermənistan münasibətləri­nin tənzimlənməsi Kremli əndişələndirir. Əlbəttə, İrəvan və Bakı indi fəal şəkildə, birbaşa danışıqlar aparmağa başlayıb. Bunu birgə bəyanat və qarşılıqlı razılaş­manın müsbət nəticəsi kimi hərbi əsirlə­rin mübadiləsi sübuta yetirir. İlk dəfədir ki, Bakı və İrəvan məhz Moskvanın va­sitəçiliyi olmadan “tet-a-tet” danışmağa başladı. Aydın məsələdir ki, Rusiya bunu həzm edə bilmir. Amma mən əminəm ki, əgər Moskva olmasaydı, azərbaycanlılar və ermənilər öz aralarında çoxdan ortaq məxrəcə gələ bilərdilər”. 

Erməni politoloqun İrəvanın şimallı strateji müttəfiqinə qarşı, kifayət qədər sərt reaksiyanın sərgiləndiyi bu açıqla­masını sosial şəbəkədə dəstəkləyənlərin sayı yüzlərlədir. 

Bu arada Ermənistanın rəsmi mediası ölkənin Nazirlər Kabinetinin dövlət sərhə­dinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın iş reqlamentini təsdiqlədiyi­ni açıqlayıb. İkitərəfli dialoqun əsas möv­zularından hesab olunan bu müstəvidə də irəliləyişin əldə olunması sülhə ümid­ləri artırır. Bu barədə baş nazirin müavini Mqer Qriqoryan deyib: “Bu, hələlik texniki sənəddir, amma tezliklə iş metodologiya­sı təsdiqlənməlidir. Bundan sonra tərəflər konkret sənədlər və topoqrafik xəritələr üzərində işə başlayacaqlar”.

Yəni, tərəfləri barışığa aparan yolda buzların əridiyinin, süni maneələrin ara­dan qalxdığının şahidi olmaqdayıq. Ümid edək ki, rəsmi İrəvan məsələyə bu dəfə diplomatik imitasiyadan uzaq, şəffaf və sağlam mövqedən yanaşır. Yox, əgər Er­mənistan yenidən suyu bulandıranların felinə uyub yolun yarısından dönəcəksə, onda vay onun hakimiyyətinin də, cəmiy­yətin də halına. 

Elxan ŞAHİNOĞLU,

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

Aydın məsələdir ki, dənizə çıxışı olmayan Ermənistan üçün Azərbaycanla sülh sazişini imza­lanmasının əhəmiyyəti xeyli artıb. Birincisi, sülh sazişi imzalanarsa, Ermənistan Azərbaycan üzərin­dən Xəzər dənizinə və buradan Mərkəzi Asiyaya və Çinə çıxış im­kanı əldə edəcək. İkincisi, Ermə­nistanın Azərbaycanla sülh müqa­viləsi imzalaması İrəvanın Türkiyə ilə də münasibətlərinin normallaş­masına, eyni zamanda sərhədləri­nin açılmasına imkan verəcək. Bu, həm də Aralıq dənizinə çıxış imka­nı deməkdir.

Otuz ildən artıqdır ki, Ermə­nistanın həm Türkiyə, həm də Azərbaycanla sərhədləri bağlıdır. Paşinyan sülhə doğru addım at­maqla, nəqliyyat kommunikasiya­larının açılmasına marağını orta­ya qoyub. Amma məsələ ondadır ki, Ermənistanın baş naziri rəsmi Bakının Zəngəzur dəhlizi təklifini qəbul etməlidir. Bu zaman iki ölkə arasında artıq real görünməyə başlanan sülhə nail olmaqdan ötrü heç bir maneə qalmayacaq.

İ.HƏSƏNQALA
XQ



Siyasət