İtaliya qəzeti Azərbaycanın və Ermənistanın sülh istiqamətində atdıqları addımlardan yazıb

post-img

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzeti Azərbaycanın və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh sazişinə nail olmaq istiqamətində atdıqları birgə addımların əhəmiyyətindən yazıb.

Məqalədə iki ölkənin regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətdən istifadə etmək barədə razılığa gəldiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan və Ermənistan suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bəyan edib.

Vurğulanır ki, iki ölkə, eyni zamanda, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım kimi qarşılıqlı olaraq hərbi əsirləri azad etməyi öhdəlik götürüb. Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələrin davam edəcəyini bəyan edib. Tərəflər beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək və regiona müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırıb.

Bundan başqa, yazıda Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəklədiyi vurğulanır. Azərbaycanın isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyi bildirilir.

Məqalədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmanı alqışladığı qeyd olunur. Eyni zamanda, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin də iki ölkə arasında münasibətlərin yeni mərhələsi üçün əldə olunan razılaşmanın əhəmiyyətini vurğuladığı bildirilir.

Nazirin fikirlərindən belə bir sitat gətirilib: “İtaliya bu iki qonşu ölkənin münasibətlərinin hər anında onların yanında olacaq. İtaliyanın səmimi məmnuniyyətlə təqdir etdiyi bir razılaşma ilə, illərdən bəri bir-birinə qarşı olan iki ölkə qətiyyətlə onları tezliklə tam və qəti olmasını istədiyimiz sülhə aparacağına ümid etdiyimiz bir yola gedir. Onları Avropaya daha da yaxınlaşdıracaq yeni mərhələ biz avropalıların hamısına əməkdaşlıq və dinc işbirliyi üçün sahələri genişləndirməyə imkan verəcək”.

Yazıda, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 17 noyabr tarixli qərarında Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bir daha təsdiq edildiyi xatırladılır.

Siyasət