Erməni politoloq: Azərbaycan regionda böyük hərbi və siyasi uğurlar əldə edib

post-img

“KTMT təhlükəsizliyimizi təmin edə bilməz, daha doğrusu, təmin etmək istəmir. NATO KTMT-yə alternativ kimi təqdim olunur. Lakin Ermənistanın bununla bağlı ən böyük problemləri NATO-nun ölkəmizə daxil olmağa və təhlükəsizliyimizi təmin etməyə tələsməməsidir”.

“Caliber” xəbər verir ki, bu barədə politoloq Aqasi Yenokyan Ermənistan mətbuatında dərc olunan məqaləsində yazıb.

“NATO Rusiya ilə yeni münaqişə yaratmaq istəmir. Ermənistan qonşuları ilə müharibə vəziyyətindədir və NATO müharibə zonalarına düşməməyə çalışır. Əgər NATO bizim təhlükəsizliyimizi təmin edə bilmirsə, biz də təhlükəsizliyimizi təmin etmək istəməyən KTMT-yə arxalanmalıyıq? Belə dilemma çox vaxt qaçılmazlıq, Rusiyanın təsiri altında qalmaq, onun siyasi diktə və şıltaqlıqlarına uymaq üçün fatalist seçim kimi təqdim olunur. Bu pis dairədən çıxmaq üçün dünyaya daha geniş baxmaq lazımdır. Problem ondadır ki, hərbi və siyasi bloklar arasında qarşıdurma mexanizmi sırf soyuq müharibə yanaşmasıdır və burada bu dilemma ya NATO, ya da KTMT şəklində formalaşıb. KTMT dağılmaq yolundadır, hətta Ermənistana blokdan kənardan silah tədarükünü qadağan edə bilmir”, - deyə politoloq qeyd edib. 

O, ikitərəfli sazişlərin uğurunun bariz nümunəsi kimi Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli bloku yaratmadan lazımi strateji məqamdan Azərbaycanın bu ölkələrin maraqlarını birləşdirə bilməsini və bu sahədə böyük hərbi-siyasi uğurlar əldə etməsini göstərib.

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət