Vətən sevgisindən yaranan Lider–Xalq birliyi

post-img

Ötən ilin bir yaz günündə–mayın 26-da Prezident İlham Əliyevin Zəngilan səfərindən Birinci vitse-prezident Mehriban Əliyevanın “İşğaldan azad olunmuş Zəngilan. Arzular gerçəkləşir” sözləri ilə  paylaşdığı video medianın və sosial şəbəkələrin gündəminə çevrilmişdi. O videoda dövlət başçısı çay kənarında əyləşərək dərin düşüncəyə dalmışdı... Mənə elə gəlirdi ki, bir neçə saniyəlik o görüntüyə ölkə rəhbərinin sevincindən daha çox ağrı-acılı yaşantıları sığmışdı...  

Dövlət başçısı şırıltı ilə axan çaya baxa-baxa yəqin ki, bir milyona yaxın məcburi köçkünün qəsbkarlıq zamanındakı acı taleyini, onların doğma od-ocaqlarına qayıtmaları üçün hansı çətinlikləri, maneələri necə dəf etdiyini, yurd-yuva həsrətli soydaşları ilə keçirdiyi görüşlərdə mütləq bu intizara son qoyulacağı ilə bağlı verdiyi vədləri xatırlayır, erməni faşizmini işğal yolundan çəkindirmək üçün gecəsini gündüzünə qatıb yollar aradığı, əriş-arxac elədiyi  ayları-illəri gözləri önünə gətirirdi.    

Prezident İlham Əliyev bəlkə də ürəyində bu çayın sularına nağıla, əfsanəyə bənzəyən həqiqətlərdən –dünya binə olandan bəri bəşər övladının heç yerdə rast gəlmədiyi erməni vəhşiliyinin dəhşətlərindən, düşmənin dağıtmaq, viran qoymaq xislətindən danışırdı. Bəlkə də bir qərinəyə yaxın zamanda yağı amansızlığına şahidlik etmiş bu çayın sularına atasının–dünyanın  sayılıb-seçilən şəxsiyyətlərindən olan Heydər Əliyevin bu günü görməməsi təəssüfünü çatdırırdı...                  

...Ulu öndər ölkə rəhbərliyinə yenidən qayıtdıqdan sonra doğma ocaqlarından didərgin salınan qaçqın və məcburi köçkünlərin bütün qayğı və problemlərini daim diqqət mərkəzində saxlayır, onlarla görüşlərində işğal altında inləyən yurd yerlərimizin gec-tez azadlığa qovuşacağı, əzəli-əbədi torpaqlarımızın yağılardan mütləq alınacağı əminliyini hər zaman xatırladırdı. Ümummilli lider, həmçinin Azərbaycanın hər bir qarışına böyük sevgi ilə yanaşdığını, Şuşanın isə Azərbaycan üçün müstəsna önəm daşıdığını, soydaşlarımızın Qarabağın daim qorunması, saxlanması üçün bu şəhər-qalanı yaratdıqlarını deyir, onlara mütləq gerçəkləşəcək bir arzu-istəyini də çatdırırdı: “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün bir iftixar nöqtəsidir...”. 

Dahi şəxsiyyət o müqəddəs günü görməsə də, o müqəddəs arzusuna qovuşa bilməsə də, oğul–Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirmək xəyalı, düşüncəsi ilə uzun, ağır bir yol keçdi. O, 17 illik bir zaman məsafəsində dünyanın nə qədər ədalətsizliyilə üzləşdi, haqdan danışıb, ədalətdən dəm vuran, üzdə “Qarabağ Azərbaycanın əzəli-əbədi torpağıdır” söyləyib, arxada isə erməni faşizminə dəstək göstərən məkrli siyasət yürüdənlərin sözləri ilə əməllərinin düz gəlmədiyini görəndə ruhdan düşmədi, sarsılmadı,  mübarizəsində daha da qətiyyətli oldu. İkinci Qarabağ savaşında Ali Baş Komandan olaraq həm ordumuzun qalibiyyət yürüşünə sərkərdəlik etdi, həm də özlərini bir vaxtlar Qarabağda sülh, əmin-amanlıq yaradılmasının tərəfdarları kimi göstərənlərin iç üzlərini–işğalçı erməni təəssübkeşliyini bir daha beynəlxalq aləmə tanıtdı. 

...Prezident İlham Əliyevin Vətən savaşında şanlı Ordumuzun qazandığı qələbə xəbərlərinin zirvəsi Şuşanın işğaldan azad edilməsi müjdəsi oldu. Dövlət başçısı   bu xəbəri xalqa çatdırmazdan əvvəl  Ümummilli liderin məzarını ziyarət etdi və “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!” fikirləri xalqımızın ən ali keyfiyyətlərini təzahür etdirən bariz nümunə kimi diqqət çəkdi, bu kəlmələr ata vəsiyyətini göyərdən oğulun Vətən sevgisinin gücüylə əsl Sərkərdə olaraq Azərbaycanı Qalibiyyət zirvəsinə yüksəltməyin təsdiqinə çevirdi.                             

Mənə elə gəlir ki, Prezident İlham Əliyev Zəngilanda, çay sahilində əyləşib dərin xəyala dalan o anlarda həm də ata vəsiyyətini yerinə yetirməsi ilə bağlı düşüncələrini bir daha yenidən yaşayırdı...  

***       

Zəngilanda lentə alınan o videoya indi dönə-dönə nəzər salanda Prezident İlham Əliyevin  təxmin etdiyim düşündükləri, əslində, onun Vətən, torpaq, millət sevgisindən qaynaqlanır. Bu mehr-məhəbbət dövlət başçısının təkcə o çayın sahilində yaşadığı duyğulu anlarda deyil, məcburi köçkünlərlə görüşləri, düşməndən təmizlənən şəhər və kəndlərimizə səfərləri, qazilərlə, şəhid ailələri ilə söhbətləri zamanı da diqqət çəkir. Dövlət başçısı Zəngilana gedərkən radioda dinlədiyi “Ey Vətən” mahnısının sözləri də onun xarakterini açır, yüksək  mənəvi-əxlaqi keyfiyyətlərini büruzə verir:

Nəğmə dolu bir ürəyəm

Torpağına baş əyərəm, 

Ey Vətən!

...Çəməninə qonan şehdən,

Dağlarında əsən mehdən

Doya bilmirəm, doya bilmirəm, 

Ey Vətən! 

...Şuşada atasının bu əzəli-əbədi mədəniyyət paytaxtı ilə bağlı səs yazısını – “Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları... Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik...”, – dinləyərkən kövrəlməsi, Füzuli şəhərinə köçən sakinlərlə görüşərkən dediyi – “Dövlətin nə qədər gücü, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə gedir və o, Bayrağı da qaldırır... Şəhidlərimizin qəhrəmanlığı yaddaşımızdan heç vaxt  silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar...”, – sözlərilə şəhidlərimizi anması, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igidlərimizin xatirəsini uca tutması Vətəni ölümü ilə yaşadanlara Vətən sevgisi ilə dəyər verilməsinin parlaq nümunəsidir.       

Prezident İlham Əliyev 30 ilə yaxın bir müddətdə yurd itkisinin əzabları içində qovrula-qovrula yaşayan, nəhayət, uzun ayrılıqdan sonra doğma ocaqlarına qovuşan  soydaşlarımızla görüşündə – “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”, – deməsi bu insanlarla bərabər, onların arxalandığı, ümid yeri bildiyi, inandığı rəhbərin də əzəli-əbədi Qarabağa–qədim diyara bağlılığından xəbər verir.  

Dövlət başçısının Vətən, torpaq sevgisi onun mənəvi-əxlaqi keyfiyyətləri, humanizm prinsipləri, sülhpərvər siyasəti ilə vəhdət təşkil edir. Bu, onun fəaliyyətində  özünü qabarıq biruzə verir. Prezident məcburi köçkünlərlə görüşlərinin birində erməni vandallarının vəhşiliyini xatırladaraq “Qarabağı gəzib dağıdılan kəndləri, şəhərləri, təhqir edilən dini abidələri, qəbiristanlıqları görəndə adam dəhşətə gəlir, ürəyi ağrıyır, məəttəl qalırsan, dəhşətə gəlirsən ki, bu dərəcədə düşmənçiliyin səbəbi nədir?!” – deyir. 

Bəli, həmişə azərbaycanlıların qayğı və diqqəti ilə yaşamış düşmən 30 ilə yaxın bir zaman ərzində Qarabağda, Qərbi Azərbaycanda etnik təmizləmə həyata keçirdi, kənd və şəhərlərimizi xaraba qoydu, xalqımız isə heç vaxt işğalla barışmadı, əzab-əziyyətdən, ağrı-acıdan sınmadı, “Qisas qiyamətə qalmaz” deyimi ilə bir gün aydın sabahlara çıxacağı ümidini də itirmədi. Bu inam-əminlik isə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gəlməsi ilə yaradıldı və Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildi. Eyni zamanda, bu müddətdə vətənpərvər ruhda gənc nəsil yetişdirildi. Elə bir nəsil ki, 44 günlük Vətən savaşında bəlkə də dünya hərb tarixində olmayan qəhrəmanlığı dillərdə dastan oldu. Vətən, torpaq uğrunda ölümə getməkdən çəkinməyən bu nəslin döyüşlərdə mərdlik, şücaət göstərməsi onların Prezident İlham Əliyevin Vətən, torpaq sevgisindən qaynaqlanırdı.  

Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirən Ali Baş Komandan İlham Əliyevin sərkərdə məharəti, qətiyyəti, xalqımızın birliyi,  Ordumuzun güc-qüdrəti, döyüşçülərimizin əzmkarlığı Vətən savaşında tarixi Qələbəmizi şərtləndirdi. Bu parlaq Zəfər “Azərbaycanın ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyən, Vətən, torpaq sevgisi ilə Liderlik fəaliyyətinin 17 ilində ən möhtəşəm uğurlara imza atan ölkə rəhbərinə xalqımızın inam-etimadını daha da gücləndirdi.

Vətən müharibəsindən, Qarabağa qovuşmağımızdan ötən 3 il ərzində əsarətdən azad edilən yurd yerlərimizin yaraları sağaldılır, bu yerlərə yeni nəfəs verilir, bu məkan doğmalarını ağuşuna alır. Dövlət başçısı işğal dövründə məcburi köçkünlərin problemləri ilə,  Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində ev-eşiklərindən didərgin salınan insanların harayına  çatıb onların dərd-sərləri ilə maraqlandığı kimi, Qarabağda artıq məskunlaşan sakinlərlə, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşləri də xalqın liderinin xalqla bir olmasını, XALQ, VƏTƏN sevgisini göstərir.  

Vaqif BAYRAMOV
“Xalq qəzeti”

 

 

 

Siyasət