Çexiya parlamentarilərə Azərbaycanın sülh təşəbbüsləri barədə məlumat verilib

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Praqada Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Milli Məclisin sədri kimi Çexiyaya ilk səfərinin və keçirilən görüşlərin münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyinə inandığını bildirib. O, parlamentlər müstəvisindəki münasibətlərin Azərbaycan və Çex Respublikası arasında əlaqələrin mühüm bir hissəsini təşkil etdiyini qeyd edərək, qarşılıqlı səfərlərin və müntəzəm dialoqun önəminə vurğulayıb. Parlamentin sədri xüsusilə dostluq qrupları arasında təmasların daha da genişləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini qeyd edib.

Milli Məclisin sədri, həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri barədə məlumat verib.

Çexiya parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik Azərbaycana, o cümlədən işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri, keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılmasının, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Siyasət