Ermənistan – KTMT “izdivac”ının son akkordları

post-img

İrəvan qurumun Minsk sammitində iştirakdan imtina etdi

Görəsən, nə lazımdır, yaxud nə olmalıdır ki, Ermənistan dövləti açıq-aşkar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yollarını ayırdığını bəyan etsin? Rəsmi İrəvan KTMT ilə münasibətlər məsələsində sanki ər evindən küsüb ata ocağına dönən gəlinə bənzəyir. Bəlkə, gözləyir ki, gəlib ona xahiş-minnət eləsinlər. Hərçənd, xahiş-minnətə oxşar şeylər də nəzərə çarpır. 

Məsələn, noyabrın 23-də Belarusun paytaxtı Minskdə KTMT-nin növbəti sam­mitinin gündəliyinə Ermənistana yardım məsələsi də salınıbmış. Amma qurumun baş katibi İmanqali Tasmahambetovun sammitin ev sahibi Belarus Prezidenti Aleksandr Lukaşenkoya dediyinə görə, İrəvan məsələnin gündəlikdən çıxarılma­sını istəyib: “Erməni tərəfi, bütün digər müttəfiqləri bu qərarı dəstəkləsələr də, sənədə heç bir maraq göstərmədilər və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəlikdən çıxarılmasını xahiş etdilər”. 

Yəni, bu, o deməkdir ki, Ermənistan KTMT-nin köməyinə ehtiyac duymur, yaxud qurumdan kömək gözləmir. Bu öz yerində. Lukaşenko isə daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinya­nı Minskə təşrif buyurmağa razı salmaq istəmişdi. Amma “gəlin” çox höcətdir, necə deyərlər, tutduğunu buraxmır, bəlkə də, naz eləyir. Yeri gəlmişkən, Lukaşenko Paşinyana, təxminən, onun naz eləyən vaxtının keçdiyini də xatırladıb. Deyib ki, münasibətləri gərginləşdirmək yolu tutmasın. Amma Belarus liderinin söylə­dikləri erməni baş nazirin bir qulağından girib digərindən çıxıb. 

Hazırda məlum olur ki, nəinki N.Paşinyan, ümumiyyətlə, Erməistanın yüksək ranqlı məmurlarından heç kəs KTMT-nin Minsk samitinə qatılmayacaq. Götürək, xarici işlər naziri Ararat Mirzo­yanı və müdafiə naziri Suren Papikyanı. Onlar da baş nazir kimi, Belarusun pay­taxtına getməkdən imtina ediblər. Özü də imtinalarını, kifayət qədər, ictimailəş­diriblər. Məsələn, Ermənistan XİN məlu­mat yayıb ki, Belarus tərəfinin təşəbbü­sü ilə noyabrın 21-də ölkənin xarici işlər naziri A.Mirzoyan Belarusun xarici işlər naziri Sergey Aleynik ilə telefonla danı­şıb. Diqqət yetirin, yəni, danışmağı biz istəməmişik, onlar istəyiblər, – məntiqi qabardılıb. Erməni nazir deyib ki, Minskə gedə bilməyəcək. Niyə və nə üçün? Sə­bəb açıqlanmayıb. Müdafiə naziri S.Pa­pikyanın da KTMT-nin Müdafiə Nazirləri Şurasının Minskdə dünən keçirilmiş icla­sına qatılmamasının səbəbi göstərilmir. Yalnız o bildirilir ki, Ermənistan MN-nin rəsmi nümayəndəsi yerli medianın sual­larını cavablandırarkən, Papikyanın Be­larusa getməyəcəyini vurğulayıb. 

Bu arada Ermənistan parlamentinin vitse-spikeri, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Akop Arşakyan deyib ki, Ermənistan KTMT ilə əməkdaşlığa son qoymaq məsələsini müzakirə etmir. Onun sözlərinə görə, ölkə qurumun yar­dım paketindən imtina edib, çünki təşki­lat özünün məsuliyyət zonasının harada başlayıb, harada bitdiyini qeyd etmir. “Təəssüf ki, bu məsuliyyət zonası və Er­mənistanın konkret xəritəsi qeydə alın­mayıb. Problem budur”, – deyən Arşak­yanın KTMT-ni ələ saldığı aşkardır. Onun dediklərindən belə çıxır ki, qurumdakıla­rın Ermənistan ərazisi ilə bağlı təsəvvür­ləri yoxdur. Ağır ittihamdır, eyni zaman­da, başqa sözlə desək, başından yekə danışmaqdır. Arşakyan sanki ağıl öyrə­dir. Təxminən belə: əvvəlcə Ermənista­nın xəritəsini öyrənsinlər, sonra baxarıq. Aydındır ki, Ermənistan heç nəyə baxan deyil. Daha doğrusu, baxdığına baxıb. O da tam aydındır ki, Qərbdəki dostları Pa­şinyana Rusiyanın olduğu istənilən yerə getməmək tapşırığını veriblər. İndi Niko­lun komandası həmin tapşırığın icrası ilə məşğuldur. Özü də can-başla.

Məlumdur ki, ötən il KTMT-nin Ermə­nistan-Azərbaycan sərhədinə müşahidə missiyası göndərəcəyi güman edilirdi. Hərbi-texniki əməkdaşlıq baxımından da addımlar nəzərdə tutulurdu. Amma hazırda erməni iqtidarı tamam başqa ha­valardadır. Onu da deyək ki, İrəvan KT­MT-dəki nümayəndəsi Viktor Biyaqovu geri çağırıb və onun yerinə yenisini təyin etməyib. 

Bəli, Ermənistanda hesab edirlər ki, amorf qurum kimi göstərdikləri KTMT-dən fərqli olaraq, ABŞ-nin və Fransanın təmsil olunduğu Qərb bir çağırışla Azərbayca­nın mümkün təcavüzünü dayandıra bilər. Erməni siyasi ekspertləri isə bildirirlər ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra baş vermiş hərbi toqquşmalar za­manı “qüdrətli Qərb dünyası”nın bu çağı­rışının niyə özünü hiss etdirmədiyi ritorik sualdır. Onların qənaətincə, hazırkı Qərb Azərbaycana təsir imkanından məhrum­dur. Amma Ermənistanın, belə demək mümkünsə, yerli qərbliləri əmindirlər ki, sözügedən çağırış tələb olunacaq. Çünki İrəvan Rusiyanın Cənubi Qafqaz regio­nundan sıxışdırılması vədini yerinə yeti­rir. Mövcud xüsusda Qərbin Ermənista­na ciddi dəstək göstərəcəyinə, sözdən əmələ keçəcəyinə böyük ümid var. 

İrəvanın KTMT-dən incikliyinin konk­ret səbəblərindən söz açaq. Daha doğru­su, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan desin. O bildirir ki, ölkəsi ötən ilin sentyabrında “Azərbaycanın Ermənistana təcavüzü ilə bağlı təşkilatdan aydın siyasi qiymət gözləyirdi”, amma KTMT, guya Ermə­nistanın işğal olunmuş ərazisinin bir his­səsinin qurumun təsir zonası olduğunu açıqlamadı: “KTMT bəyan etməlidir ki, bu 200 kvadratkilometrlik ərazi sərhədlərim daxilindədir, himayəm altındadır. Yaxud öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığını qəbul etməlidir. Bundan sonra biz öz qərarımızı verəcəyik”.

Deməli, E.Marukyanın fikrincə, İrə­vanın hərbi-siyasi blokda sonrakı işti­rakı ilə bağlı yekun qərarın çıxarılması, KTMT-nin bu günlərdə Minskdə keçirilən sammitinin “Azərbaycanın təcavüzünə” siyasi qiymət verib-verməməsindən asılı olacaq. Belə bir şeyin mümkün olmadı­ğını nəinki Marukyan, ümumən Ermənis­tanda hər kəs çox yaxşı bilir. Yaxşı bilirlər ki, Azərbaycan KTMT-də təmsil olunan hər bir ölkə ilə ayrılıqda sağlam əlaqələrə malikdir. Amma, ermənilər buna baxma­yaraq, avantüraya gedirlər, yerinə yeti­rilməsi mümkünsüz məsələləri qabardır, bəhanə axtarırlar. 

Bəli, “axtaran tapar” deyimi ilə yanaş­saq, Ermənistan da KTMT ilə yollarını ayırmaq üçün bəhanələr tapır. Daha bir bəhanədən söz açaq. General-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının Ermənistana göndərilməsi­ni yada salaq. A.Sidorov təmsil olunduğu qurumun yanaşmasını belə təqdim et­mişdi: “Bizim nizamnaməmizdə, sənəd­lərdə və KTMT müqaviləsində yazılıb ki, siyasi və diplomatik üsullara üstünlük verilir. Ona görə də biz hələlik heç bir qı­lıncı qınından çıxarmırıq və problemləri mümkün qədər sülh yolu ilə həll etməyə çalışırıq”.

Deməli, hazırda obrazlı desək, ər evindən incik düşmüş gəlinin boşanma qərarını verməsi üçün kifayət qədər bə­hanələri var. Ancaq görünür, bunu etmək üçün cəsarəti və qətiyyəti yoxdur. Bəlkə də daha münasib vaxtı gözləyir. Uyğun vaxt nə zaman yetişəcək, bunu söyləmək çətindir. Amma hazırkı KTMT–Ermənis­tan “izdivacının” yalnız kağız üzərində olduğu da aşkardır və bu aşkarlıq Ermə­nistanın anti-Rusiya xəttinin mühüm tər­kib hissəsini təşkil etməkdədir.

Sonda “Axırıncı aşırım” filmindən bir epizodu yada salaraq, mövzunu tamam­layaq. Söhbət Qəmlonun Kərbəlayi İs­mayıla dillərdə əzbər olan müraciətindən gedir: “Abbasqulu bəyin nazı ilə çox oy­nayırıq ha, Kərbəlayi”. İndi həm Rusiya, həm də onun hakim rol oynadığı KTMT Ermənistanın nazı ilə çox oynayır, şıltaq­lıqlarına dözür. Görəsən, nə vaxtadək?

Ə.RÜSTƏMOV
XQ

Siyasət