Şər koalisiyası: iştirakçılar eyni, maraqlar isə fərqlidir

post-img

Azərbaycana qarşı 30 illik ədalətsizliyin anatomiyası

Azərbaycan xalqı son otuz ildə ədalətsizliyin çox növü ilə üzləşməli oldu. Zəmanəmizin uzunömürlü və faciəli münaqişələrindən biri olan Ermənistan – Azərbaycan qarşıdurması milyonlarla soydaşımızın taleyində silinməz izlər buraxdı. Artıq yaralarımızın sağaldılma­sı mərhələsi başlanıb. Amma son otuz ildə başımıza gələnləri unutmamaq o acı taleyi bir daha yaşamamaq baxımından çox əhəmiyyət­lidir.

“Hazırda baş verənlərin dəqiq təhlili üçün bizim hamımız keçmişimizə, 1990-cı illərin əv­vəlində nə baş verdiyinə nəzər salmalıyıq”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan İraq Respub­likasının Prezidenti Əbdüllətif Camal Rəşidlə birgə keçirdiyi mətbuat konfransında söyləyib. Cənab Prezidentin son otuz ildə Azərbaycan xalqının başına gətirilənlərin səbəblərinə yığ­cam, amma heyrətamiz dərəcədə arqumentli tarixi ekskursu bu gün Cənubi Qafqazda cərə­yan edən hadisələri düzgün qiymətləndirmək baxımından olduqca vacibdir. Ən azı o zaman buraxılan səhvlərə bir daha yol verməmək, dos­tumuzu-düşmənimizi tanımaq, qarşıda üzləşə biləcəyimiz hərbi-siyasi “fors-majorlardan” özü­müzü sığortalamaq üçün keçmişdə baş verən­lərə yeni gözlə baxmağımıza hamımızın ehtiyacı var.

 

Bizə kimlər yalan demədi?

BMT, ATƏT-in Minsk qrupu, Bişkek protokolu, Madrid prinsipləri, daha sonra münaqişənin uzun müddətə dondurul­masına hesablanmış “təşəbbüslər”, sa­yını itirdiyimiz “dəyirmi masa”lar, vasitə­çilərin tərəflərlə “məşvərətləri”. İndi isə münaqişəyə son nöqtəni qoyacaq sülh müqaviləsinin imzalanmasına mane olan yeni “vasitəçilik missiyaları”. Təkcə Er­mənistan–Azərbaycan cəbhəsində deyil, bütövlükdə Cənubi Qafqaz məkanında böyük güclərin gizli və aşkar iştirakı ilə törədilən çoxsaylı qarşıdurmalara qədər ermənilərin “Qarabağ planı” hazır idi. İndi “Qırmızı imperiya” dediyimiz SSRİ-nin yuxarı eşelonuna soxulmuş ermənilər, İrəvandakı separatçılar, xaricdəki zən­gin daşnak lobbisi və diasporları keçən əsrin 80-ci illərinin sonlarından etibarən bir cəbhədə birləşərək 1923-cü ildə Azərbaycan SSR-in tərkibində yaradıl­mış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-ə birləşdiril­məsi üçün hərəkətə keçmişdilər. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan 250 min­dən çox azərbaycanlı öz tarixi torpaqla­rından zorla qovuldu. Onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirildi, 1154 nəfər isə yaralandı. Onlar erməni zorakılığından canlarını qurtarmaq üçün Azərbaycana sığınmaq məcburiyyətində qaldılar.

1990-cı illərin əvvəlində isə Ermə­nistan Azərbaycana qarşı açıq hərbi tə­cavüzə, faktiki surətdə, elan olunmamış müharibəyə başladı. Hələ SSRİ dönə­mində Ermənistanda müharibəni təbliğ edən ifrat millətçi, şovinist qüvvələrin ha­kimiyyətə yiyələnməsi, onların Moskva­nın birbaşa hərbi dəstəyi ilə başladığı Bi­rinci Qarabağ müharibəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri­nin 20 faizinin işğalı ilə nəticələndi. Özü­nü SSRİ-nin varisi elan etmiş və bu gün Bakı və İrəvan arasında sülh danışıqla­rında əsas vasitəçi sayılan məhz Rusi­yanın dəstəyi ilə ermənilər Azərbaycan türklərinə qarşı etnik təmizləmə həyata keçirdilər. 1992-ci ilin fevralında azərbay­canlılara qarşı törətdikləri Xocalı soyqırı­mı hayların alnına vurulmuş və heç vaxt təmizləyə bilməyəcəkləri qara ləkədir. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. 1994-cü ilin mayında Bişkekdə imzalanmış protokol­la Ermənistan və Azərbaycan arasında atəşkəs elan olunandan sonra ermə­nipərəst Qərbin tərəfləri “barışdırmaq üçün” çeşidli təşəbbüsləri başladı. 

Bu yalançı və riyakar vasitəçilik təşəb­büslərinin “lokomotivi” rolunda 1992-ci ildə Belarus paytaxtında yaradılmış və iki il sonra ABŞ, Fransa və Rusiya elçiləri­nin təmsil olunduğu ATƏT-in Minsk qrupu çıxış edirdi. Sonradan məlum olacaq ki, bu qrupun əsas missiyası tərəflər ara­sında sülhə nail olmaq deyil, münaqişəni konservləşdirərək, ömrünü Azərbaycan xalqı Qarabağı “unudana qədər” uzatmaq və işğalı “sənədləşdirmək” imiş. Həmin 1993-cü ilin aprel ayında BMT Təhlükə­sizlik Şurasının Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonun­dan silahlı qüvvələrini qeyd-şərtsiz çıxar­masına dair dörd qətnaməsinə İrəvan so­nadək əməl etmədi, o sənədlər 27 il kağız üzərində qaldı. 

Səbrimizin də həddi vardı

2001-ci il aprelin 3-də ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində Dövlət kati­bi Kolin Pauellin vasitəçiliyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbay­can Prezidenti Heydər Əliyev, Ermənistan prezidenti Robert Koçaryanın birgə gö­rüşü təşkil edildi. İntəhası, orada verilən vədlərin heç birinə əməl edilmədi. Bütün bunları Bakı “ədalətsizlik serialı” kimi gün­dəliyinə qeyd edirdi. 2007-ci ildə İspaniya­nın paytaxtında imzalanan Madrid prinsip­ləri Azərbaycanın “Dağlıq Qarabağ”dan kənardakı 5 rayonunun qaytarılmasını nəzərdə tutsa da, bu razılaşma da İrəvan tərəfindən laqeydcəsinə kənara atıldı. Amma daha belə davam edə bilməzdi. Azərbaycanın səbri 2020-ci ilin sentyabrı­na qədər yetdi. Sonra baş verənləri bizim üçün reallığa çevrilmiş yuxu, ermənilər üçün isə hələ də altından çıxa bilmədikləri “soyuq duş” effekti adlandırmaq olar. 

“Azərbaycan beynəlxalq səviyyədə ta­nınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci mad­dəsi ilə qanunun bizə verdiyi imkandan yararlanaraq işğaldan azad etdi. Ümid edirdik ki, bundan sonra Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kon­tingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq. Lakin bu, baş ver­mədi. Biz, demək olar ki, 3 il çox səbirli ol­duq, Ermənistana beynəlxalq vasitəçilərlə mesaj göndərməyə çalışdıq ki, bu, qəbu­ledilməzdir. Hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin ol­masına imkan verə bilmərik. Qeyd etdiyim kimi, işğal olunmuş ərazilərin böyük his­səsi 2020-ci ildə azad edilmişdi. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə müm­kün qədər çox saxlamaqdan ibarət oldu”. – Azərbaycan Prezidenti İlham Əliyev mü­naqişənin son üç ilinin xronologiyasını Ba­kıda səfərdə olan yalnız İraq Prezidentinin diqqətinə çatdırmırdı. O, bu mesajı həm 44 günlük müharibədə, həm də 24 saatlıq antiterror əməliyyatında haqq etdiyi məğ­lubiyyətin acısını dadmış İrəvana və onun şərqli-qərbli tərəfdaşlarına ünvanlayırdı. İlk növbədə isə bu xəbərdarlıq İrəvana pis məsləhətlərini verməkdə davam edən Fransanın və son vaxtlar anti-Azərbay­can koalisiyasının “zərbəçisinə” çevrilmiş ABŞ-ın diqqətinə çatdırılırdı. Bəli, otuz il əvvəl olduğu kimi, bu gün də erməniyə “daydayılıq”, Bakıya isə “xəbərdarlıq” edənlərin cərgəsi eyni aktorlardan ibarət­dir. 

Fəqət ortada olan fərq üzdə özlərini ermənilərin təəssübkeşi kimi göstərən həmin imperialist güclərin Cənubi Qafqazda dəyişən maraqlarıdır. İndi onlar transmilli enerji daşıyıcısına və kommunikasiya qovşağına çevrilmiş böl­gədən “əzəli rəqibləri” Rusiyanı kənar­laşdırmaq üçün Ermənistandan “maşa” kimi istifadə etməyi hədəfləyiblər. Tarixən müstəmləkə siyasətinə köklənən həmin güclərin məqsədlərinə çatmaqdan ötrü dünyanın müxtəlif yerlərində törətdikləri müharibələrin, lokal münaqişələrin qur­banları, adətən, müsəlmanlar olub. Bu mənada hər iki ölkənin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan ədalətli sülhə tərəfdar olduğunu elan edən Azərbayca­nı Ermənistana “hərbi təcavüzə hazır­laşmaqda” ittiham etməsi “səlibçi” koali­siyanın altməqsədini ortaya qoyur. Yəni, koalisiyanın qarşısında Cənubi Qafqaz­da planlarını həyata keçirməyə mane ola biləcək tək bir güc var – Azərbaycan! 

Ədalətsizliyə “hüquqi” don biçənlər 

Bu gün Azərbaycan ermənilərin və onların havadarlarının törətdikləri vəh­şiliklər nəticəsində dağıdılmış yurd yer­lərində yeni evlər tikir, rahat yollar salır. İntəhası, İrəvan və onun qərbli tərəfdaş­ları, 30 il əvvəl olduğu kimi, bu gün də ölkəmizə qarşı siyasi şantaj yolunu tutub­lar. ABŞ Senatı erməni lobbisinin canfə­şanlığı nəticəsində torpaqlarını işğaldan və işğalçılardan təmizləyən Azərbaycana qarşı 31 il əvvəl qəbul etdiyi, 2001-ci il­dən isə tətbiqi dayandırılan “Azadlığa dəstək aktı”na 907-ci düzəlişi yenidən qüvvəyə mindirib. İşğalçı ilə işğala məruz qalanın yerini “dəyişik salan”, ədalətsiz­liyə beynəlxalq hüquqdan “don biçən” yenə həmin qüvvələrdir.

Rəsmi İrəvanın və onun havadar­larının Azərbaycana qarşı irəli sürdüyü əsassız, uydurma ittihamların, qarayax­maların yaşı azı yüz ildir. “Miatsum” viru­suna yoluxmuş hay ideoloqları, onların Qərbdə, okeanın o tayında “züytutanları” bir əsrdən çoxdur ki, Azərbaycanı, eyni zamanda, Türkiyəni şantaj etməklə məş­ğuldurlar. Xəstə təxəyyüllü ideoloqlardan birinin – Zori Balayanın adı, yəqin ki, oxuculara tanışdır. Hələ SSRİ dövründə “Ocaq” adlı kitabında tarixi saxtalaşdıran, Azərbaycana və Türkiyəyə qarşı iddialar irəli sürən həmin Balayan Ermənistanın “türklərin mühasirəsində” yaşadığını iddia edirdi. Bu cani 1996-cı ildə nəşr olunan “Ruhumuzun canlanması” adlı əsərində Xocalı soyqırımına haqq qazandırır, bu şəhərdə azərbaycanlılara qarşı soyqırımı törətdiklərini fəxrlə etiraf edirdi. Nə yazıq ki, bu daşnakın xəstə düşüncəsini otuz il əvvəl olduğu kimi, indi də dəstəkləyən­lər var. Onlar bununla mənsub olduqları etnosun yalan və riyakarlığa söykənən adət-ənənəsini davam etdirirlər. Zorilərin, silvaların yalanları ayaq açıb, Fransadan ABŞ-dək gedib çıxsa da, Cənubi Qafqaz­da yeriməyəcək. Çünki ermənilərdən fərq­li olaraq, Qafqazda sözünə və əməlinə sahib durmayanların, yalana, harama, saxtakarlığa əl atanların cəzasını verməyi bacaran Azərbaycan türkləri var. 

Haqq işimizə şübhə edənlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğan üç il bundan əvvəl Zəfər paradında iştirak etmək üçün Bakıya yola düşməz­dən əvvəl keçirdiyi mətbuat konfransında bu sözləri demişdi: “Öz ərazilərində apar­dığı 44 günlük Vətən müharibəsi nəticə­sində Azərbaycan Ordusu Dağlıq Qara­bağı işğaldan azad edib. Qarabağda 30 ildir davam edən ədalətsizlik başa çatdı”. 2003-cü ildə prezident seçildikdən sonra “Zəngin və qüdrətli Azərbaycan uğrun­da” çağırışını edən İlham Əliyevin zərgər dəqiqliyi ilə düşünülmüş, məqsədyönlü daxili və xarici siyasəti sayəsində Azər­baycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi uğurla həyata keçirildi. Məhz 20 il əvvəl Azərbaycanın bütün sahələr üzrə, xüsusilə də, xarici siyasətində yeni mərhələyə keçidinin təməli atıldı. Həmin mərhələni xalqın ürəyindən keçən sonluğa çatdıran, onun yuxularını gerçəyə çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əli­yev oldu. Dövlət başçımızın dediyi kimi, “həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqət­lə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam”. 

Bu gün Azərbaycan dünyanın geo­siyasi coğrafiyasında özünəməxsus yeri və sözü ilə seçilən bir dövlətdir. Ona bu mövqeyi qazandıran arxalandığı xalqın qətiyyətli lideri, bütün hərbi-siya­si müstəvilərdə dediyi sözün arxasında duran, ona əməl edən, XXI əsrdə Cə­nubi Qafqazda tarixin təkərini ədalət cı­ğırına salmağı bacaran İlham Əliyevdir. Bu həqiqəti qəbul etməkdən ötrü dönüb arxada buraxdığımız 30 ilə, dirçəlişlə mü­şayiət olunub Zəfərlə yekunlaşan son 20 ilə baxmağımız yetər. 

Tofiq ABBASOV, 
siyasi analitik

Otuz il əvvəl Cənubi Qafqaz­da gedən proseslərə münasibət bu gün də dəyişməyib. O zaman Azərbaycana qarşı işğal siyasətinə başlayan Ermənistan yüz minlərlə insanımıza qaçqın və məcburi köç­kün aqibəti yaşatdı. Azərbaycanın bu qanunsuzluq, açıq-aşkar hərbi təcavüz, etnik təmizləmə ilə bağlı dünya birliyinə çağırışlar edəndə, bizə məhəl qoyan olmadı. 

Ortada “öz aranızda dil tapın” xarakterli formal yanaşmalar var­dı. BMT-nin Ermənistanın təca­vüzünə qarşı dörd qətnaməsinin icrası üçün heç kəs, o cümlədən beynəlxalq istitutlar əlini ağdan-qa­raya vurmadı. Müharibədən sonra ermənilərin yeni hərbi təxribatları, mina fəaliyyəti ilə bağlı müraciətlə­rinə də münasibət bildirilmədi. Biz burada, sözün həqiqi mənasında, həm “səlib yürüşü”nün işartılarını, həm də Qərbdən ötrü dini və milli amillərin öndə gəlməsinin şahidi oluruq. Belə bir müqayisə aparaq: MDB məkanında bir neçə etno-ərazi münaqişəsi var. Abxaziya, Cənubi Osetiya, Dnestryanı və sair. Bunlardan hansı biri ilə bağlı ABŞ senatında, yaxud Dövlət Departa­mentinin nəzdindəki qurumlarda diskussiya aparıblar, dinləmələr keçiriblər? Heç birində! Onlar yalnız və yalnız Ermənistan–Azərbaycan münaqişəsi ətrafında məlum pro­sesi “qaynadırlar”. Məqsədləri gər­ginliyi artıraraq, yenidən müharibə ab-havasını bölgəyə gətirməkdir. Yolverilməz yanaşmadır. 

Azərbaycan həmin prosesin arxasında kimlərin durduğunu yaxşı bilir. Bəli, bu qüvvələr Ermənistan vasitəsilə Cənubi Qafqaza girmək, buraya hərbi kontingentlərini yer­ləşdirmək istəyirlər. Kollektiv Qərb qlobal gündəlikdə çoxdan yoxdur, amma Qafqaz məsələsində onlar mövcuddur. ABŞ-ın, Fransanın, Av­ropa İttifaqının mövqeləri üst-üstə düşür. Onlar Rusiya, İran və Türkiyə amilinə görə bölgəyə girməyə çalı­şırlar. Əlbəttə ki, Azərbaycan buna imkan verməyəcək. Yaxşı bilirik ki, onların məqsədi zəngin sərvətə malik müsəlman bölgələrində əsas rıçaqları ələ keçirməkdir. Bizi “zəif bənd” sayırlar. Fəqət, onların Cə­nubi Qafqazda yeni neokolonializm siyasəti alınmayacaq!

 

İmran BƏDİRXANLI
XQ



Siyasət