Peskov Ermənistanın KTMT-də fəaliyyətini davam etdirəcəyinə ümid edir

post-img

Kreml Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid edir. Bunu noyabrın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Məlumatı “İzvestiya.ru” yayıb. 

“Təəssüf hissi ilə demək olar ki, sabahkı sammitdə Ermənistanın yüksək səviyyədə iştirakı olmayacaq. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik”, - deyə o, brifinqdə bildirib.

Noyabrın 22-23-də Minskdə KTMT-nin sammiti keçiriləcək. Sammit çərçivəsində KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyası və Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Şurasının birgə iclaslarının keçirilməsi planlaşdırılır.

Bir gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan telefon danışığı zamanı belaruslu həmkarı Sergey Aleyniki Minskdə KTMT çərçivəsində keçiriləcək görüşlərdə iştirak edə bilməyəcəyini deyib.

 

P.ƏMİRCANOV

XQ

Siyasət