Noyabrın 20-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülmüş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünün qeyd olunmasına dair BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, “Dünyamızın transformasiyası: Davamlı İnkişaf üçün 2030 gündəliyi” adlı qətnamədə Xüsusi Proqramın üzv dövlətlər üçün qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq və regional inkişafı təşviq edən regional proqram kimi mühüm rolu vurğulanıb.
Xüsusi proqramın təsis edildiyi 1998-ci il 26 mart tarixli Daşkənd Bəyannaməsinin məqsəd və məramları xatırladılıb, Mərkəzi Asiya ölkələrində əldə olunan tərəqqi, onların Avropa və Asiya iqtisadiyyatları ilə inteqrasiyasını və qlobal iqtisadi artıma töhfələri alqışlanıb.
Qətnamədə Xüsusi Proqramın iştirakçısı olan dövlətlərin və BMT-nin Xüsusi Proqram çərçivəsində layihələrin həyata keçirilməsi üçün maliyyə resurslarının səmərəli və vaxtında səfərbər edilməsi üçün BMT-nin çoxtərəfdaşlı etimad fondunun yaradılması imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd olunub.
Habelə qətnamədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək üçün Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.
Qətnamə ilə bu internet keçidindən tanış olmaq mümkündür.