İrəvanda Ermənistanın KTMT-dən çıxması müzakirə olunmur

post-img

Ermənistanda KTMT-dən çıxmaq məsələsi müzakirə olunmur, bu barədə jurnalistlərə respublikanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

O qeyd edib ki, İrəvan KTMT, MDB və Aİİ məkanlarında keçirilən görüşlərdə iştirakını davam etdirir: "Biz müvafiq iclaslarda iştiraka davam edirik. Nazir müavini və ya baş nazirin müavininin səviyyəsi kifayət qədər yüksək səviyyədədir. Biz lazımi səviyyədə iştirak edirik".

Diplomat bildirib ki, Rusiyanın Qafan şəhərində baş konsulluq açmaq qərarı “ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcək”.

Ovanisyanın sözlərinə görə, Maltada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak arasında keçirilən görüş “anti-Rusiya xarakteri daşımayıb? Mən deməzdim ki, bu görüş Ukraynaya həsr olunub. Bu görüşün gündəliyini nəzərə alsaq, belə bir qiymətləndirmə doğru deyil".

XİN rəhbərinin müavini Ermənistan, Azərbaycan və Rusiya XİN başçılarının Moskva görüşünə İrəvanın dəvət almadığını bildirib: "Belə bir təklifdən xəbərim yoxdur. Bu, indiyədək ideya kimi səsləndirilib. Konkret addımlardan xəbərim yoxdur".

O, Ermənistanın Avropa İttifaqı ilə Aİ-nin müşahidə missiyasının statusu və faydaları haqqında saziş imzalayacağını bildirib: “Yeni sahə kimi siyasət və təhlükəsizlik sferasını qeyd etmək lazımdır. Bu baxımdan biz artıq Aİ-nin Ermənistandakı missiyasının statusunun müəyyənləşdirilməsində irəliləyiş əldə etmişik. Yaxın vaxtlarda müvafiq saziş imzalanmalıdır".

Onun sözlərinə görə, söhbət müşahidəçi statusundan, güzəştlərdən, məsələn, tibbi xidmətdən, nəqliyyatdan istifadədən gedir: “Biz bunu bütün beynəlxalq strukturlara münasibətdə edirik”.

O, həmçinin qeyd edib ki, Ermənistanda Aİ müşahidəçilərinin sayının artırılması və “bəzi yeni funksiyalar” məsələsi danışıqlar mərhələsindədir.

Qeyd edək ki, bu il fevralın 20-də Avropa İttifaqı Ermənistanda iki illik mülki missiyanın (EUMA) fəaliyyətə başladığını elan etdi. Missiyanın məqsədlərinə patrul xidmətinin həyata keçirilməsi, vəziyyət barədə hesabatların təqdim edilməsi, Ermənistanın sərhədyanı ərazilərində sabitliyin təşviqi və Aİ-nin dəstəyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün əlverişli şəraitin təmin edilməsidir. Missiya 50 silahsız müşahidəçi də daxil olmaqla, təxminən 100 personaldan ibarətdir.

P.ƏMİRCANOV

XQ

Siyasət