Kanada Azərbaycana qarşı çağırışları ilə siyasi alət olduğunu nümayiş etdirir

post-img

Azərbaycanın 30 il dünyanın tanımadığı haqqını öz gücü ilə bərpa etməsi ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Fransanın açıq separatçı addımlarından, Hindistanın hərbi dəstək sayıqlamalarından sonra növbəti cəfəng bəyanat Kanadanın xarici işlər nazirindən gəldi. Ermənistana səfəri zamanı ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən Melani Coli bir az da həddini aşaraq Bakını sanksiyalarla hədələləməkdən belə çəkinmədi.

Əlbəttə, bu ilk deyil, o, bundan əvvəl də Azərbaycana qarşı çağırışları ilə siyasi alət olduğunu nümayiş etdirmişdi. Erməni diasporunun əlaltısına çevrilmiş Melani Colinin özü və nazir olduğu ölkəsi  müstəqil qərar qəbul etmək gücündə  deyil. Beynəlxalq imici gülünc və bərbad olan Kanadanın ABŞ tərəfindən idarə olunan marionet ölkə olduğunu bütün dünya bilir. Ədalət, insan hüquqlarından danışan Melani Coli yaxşı olar ki, Kanadanın keçmişinə boylansın və həqiqətləri ifadə etsin, əgər doğrudan da ədalətlidirsə…

Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur. Multikultural dəyərlər, digər xalqlara ehtiram və tolerantlıq xalqımızın həyat tərzidir.

Kanadadan fərqli olaraq Azərbaycan yerli aborigen xalqların soyqırımı nəticəsində özünə dövlət qurmayıb, kütləvi şəkildə uşaq qatili olan ölkə deyil. Kanadanın gerçək siması məlumdur. Ona görə də bütün bu vəhşiliklərin fonunda ölkəmizi  etnik dözümsüzlükdə ittiham etməsi siyasi əxlaqsızlıq və mənəviyyatsızlıqdır. 

Ümumiyyətlə, okeanın o tayında yerləşən bir ölkənin Qafqazda baş verən hadisələrə bu şəkildə aktiv münasibəti nə iqtisadi, nə də siyasi baxımdan məntiqə uyğun deyil. 30 il ərzində Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyü haqqına göz yuman rəsmi Ottavanın indi öz istəyi ilə Qarabağdan Ermənistana köçən ermənilərə matəm saxlamasının  arxasında heç şübhəsiz humanizm və  insani dəyərləri yox, anti-Azərbaycan maraqları dayanır.

3 il öncə Zəfər savaşı zamanı Kanadanın “Bayraqdar“ məsələsində qardaş Türkiyəyə embarqo məsələsini gündəmə gətirməsi  bu ölkənin Qafqazda baş verən hadisələrə beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipləri əsasında deyil, erməni lobbisinin maraqlarına uyğun davranışının təsdiqidir. 

O zaman Kanadanın bu cəhdi daxil olmaqla, bütün ermənipərəst dairələrin niyyəti boşa çıxdı və Prezident  İlham Əliyev - Xalq birliyi müzəffər ordumuzun qələbəsini təmin etdi. Heç şübhəsiz indi dövlətimizin və xalqımızın haqqı olaraq Xankəndidə dalğalanan üçrəngli bayrağımızdan narahat olan qüvvələr yenə də xəyal qırıqlığına uğrayacaq. 

Çünki artıq Cənubi Qafqazda bütün şərtləri diqtə edən tək qüvvə var, o da Azərbaycandır. Ermənipərəst dairələrin rahatlığını pozan Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü tam təmin etmiş qüdrətli Azərbaycanın varlığıdır!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Siyasət