“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə dünən “Heydər Əliyev–100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli liderin rolu” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən videokonfransın işinə uğurlar arzulayıb və toplantının Ulu öndərin irsinin hərtərəfli öyrənilməsinə mühüm töhfə olacağını söyləyib. O, Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövündə həyata keçirdiyi misilsiz tədbirlərin tarixi önəmini vurğulayıb.
Sonra dünyaşöhrətli yazıçı, Qazaxıstanın ictimai-siyasi xadimi Oljas Süleymenovun videomüraciəti nümayiş olunub. O, 60 il ərzində üzərində çalışdığı və bu il başa çatdırdığı türkşünaslıq və şumer ədəbiyyatı ilə bağlı tədqiqat əsərini Heydər Əliyevin 100 illik yubileyinə hədiyyə etdiyini vurğulayıb.
Rusiyanın TASS xəbər agentliyinin baş direktorunun birinci müavini, Əməkdar jurnalist Mixail Qusman, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatı Tengiz Dumbadze, Tacikistanın Respublikasının keçmiş xarici işlər naziri, Tayxe İnstitutunun professoru Rəşid Alimov, Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən söz açıblar.
XQ

