O, bütün azərbaycanlıların lideri və qəhrəmanıdır

post-img

"Bəşəriyyətin tarixini dahilərin tərcümeyi-halı təşkil edir”
Tomas KARLEYL,
Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu

 

Dahi şəxsiyyətlərin bəşəriyyətin tarixindəki yeri və rolu haqqındakı fikirlər, onların tərcümeyi-halı qədər müxtəlifdir. Lakin əksər fəlsəfi cərəyanların ilk carçıları və parlaq nümayəndələri şəxsiyyətlərin tarixi proseslərin inkişafındakı rolunun danılmaz olduğunu bildirirlər. Bu yazıya "Dünən və bu gün”, "Qəhrəmanlar, qəhrəmana pərəstiş və tarixdə qəhrəmanlıq”, "Tarixi və tənqidi təcrübələr” kimi seçilmiş insanların tarixdəki rolundan bəhs edən əsərlərin müəllifi, şotland əsilli Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu Tomas Karleylin sözləriylə başlamağım təsadüfi deyil.

Karleylin şəxsiyyətlərin tarixdəki rolu­na münasibəti müasirlərindən, xüsusilə də şəxsiyyətlərin tarixdəki rolunu sub­yektiv ədəbi baxış bucağından təqdim etməyə çalışan müasiri Lev Tolstoydan və tənqidçisi Bertran Rasseldən daha ay­dın, daha əsaslandırılmış və faktolojidir. Tomas Karleyl ideya və məqsəd, həm­çinin onların həyata keçirilməsi ilə bağlı mülahizə yürüdəndə də haqlıdır. Çünki o, şəxsiyyətlərin tarixdəki roluna, fransız fi­losofu Raymon Arondan fərqli olaraq, "tə­sadüflər” prizmasından yanaşmır”. Yaxud Hegel kimi "tarixi reallıqları şəxsiyyətlərin yaratmadığını, onların yalnız proseslərin gedişatına təsir göstərə bildiklərini” iddia etmir və mistik "bəşəri ruh” anlayışına üz tutmur. Karleyl insan amilini və onun yüksək ideallara sahiblənərək və bütün maneələri dəf edərək hədəfinə doğru irəliləmək potensialını önə çəkir. Tomas Karleyl yazır: "İdeal (hədəf, məqsəd) sizin özünüzdədir! Bu hədəfə çatmağa mane olan sədlər də sizin öz içinizdədir.

İdeya və məqsədlərinizi həyata ke­çirmək üçün yeganə amil isə mövqeyiniz və iradənizdir”. Qənaətimə görə, Tomas Karleyl tamamilə haqlıdır. Çünki cəmiy­yətdə qəhrəmanlıq, fədakarlıq amilləri zəiflədikcə, liderlik keyfiyyətləri aşılan­dıqca, kütlənin gizli dağıdıcı qüvvəsi önə çıxır və bu dağıdıcı qüvvə, toplum öz gerçək qəhrəmanını yenidən kəşf edib önə çıxaranadək qarşısına çıxan hər şeyi, o cümlədən yüksək dəyərləri, yaradıcı potensialı darmadağın edir. Biz gerçək qəhrəmanların və liderlərin tarixi proseslərdəki rolunun arxa plana keçdiyi zaman kəsiyində 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində kütləvi şüurun və antiqəhrəmanların ağır fəsadlara yol açan dağıdıcı gücünün şahidi olmuşuq və nə yaxşı ki, bu proses uzunmüddətli olmayıb.

...Yenidən Tomas Karleylin, hədəf, məqsəd və iradə haqqında daha öncə iqtibas gətirdiyim fikirlərinə qayıtmaq və şəxsiyyətin tarixi proseslərdəki rolunu, onun öz içində, düşüncəsində cücərdiyi, inkişaf etdirdiyi və həyata keçirdiyi idealla bağlı konkret nümunəyə müraciət etmək istəyirəm.

Qeyd edim ki, Prezident, Ali Baş Ko­mandan İlham Əliyevin müsahibələrin­dən birində yer alan bu nümunəyə daha öncəki yazılarımdan birində də diqqət çəkmişəm. İndiki halda, tarixi zəfərimizin və uğurlarımızın memarının sözügedən müsahibəsində yer alan önəmli məqam­ları yenidən gün işığına çıxartmaqda məqsədim, şəxsiyyətin, liderin öz idealı­na doğru necə inamla, qətiyyətlə addım­ladığını və xalqın arzusundan boy atan bu idealı milyonların hədəfinə çevirmək məharətini bir daha vurğulamaqdan ibarətdir.

Beləliklə, Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də, "Hakimiyyətin formulu” müəllif proqramına müsahibə­sində həmyerlimiz Mixail Qusmanın ona ünvanlandığı "Təsəvvür edin, siz "zaman maşını”nda keçmişə qayıtmağı bacar­mısınız. Həyatınızdakı hansı hadisələrə qayıtmaq və onları yenidən hiss etmək istərdiniz”,- sualına belə cavab verir:

"...Əgər belə bir imkanım olsaydı, gələcəyə gedərdim. Deyək ki, 10 il irə­liyə. Baxmaq istəyərdim, görüm düşün­düklərim, nəzərdə tutduqlarım alınıb, ya yox və hansı dərəcədə alınıb”.

Qənaətimə görə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edil­məsi ilə bağlı 2020-ci il sentyabrın 27-dən başlayaraq günümüzə qədər davam edən, bizə silah tuşlayanların rüsvayçı məğlubiyyəti, ağ bayraq qaldıraraq təslim olmaları, müharibə canilərinin əli qandallı Bakıya gətirilməsi ilə nəticələnən, çoxla­rına möcüzə təsiri bağışlayan qürurve­rici hadisələrə Prezident İlham Əliyevin məhz bu müsahibədəki fikirlərindən yol almaq lazımdır. Bu gün Ali Baş Koman­danın 22 il öncə haqqında açıq danış­madığı, sadəcə işarə etdiyi müqəddəs ali məqsədin, ana xəttin, ata yolunun necə addım-addım, həm də mükəmməl bir şə­kildə qət edildiyinə şahidlik edirik.

Bu, xalqın arzularının onun qəhrəma­nının – liderinin düşüncəsində necə boy atdığının, müqəddəs ideala çevrildiyi­nin, mürəkkəb, öncədən təxmin edilmə­si mümkün olmayan kombinasiyalarla, zərgər dəqiqliyi ilə gerçəkləşdirildiyinin bariz nümunəsidir. Bu öz xalqını, Vətə­nini, dövlətini canından artıq sevən, həyatının mənasını xalqının qürurunun yüksəldilməsində, yurdunun, elinin bü­tövləşməsində görən şəxsiyyətin, liderin, qəhrəmanın timsalında bir insanın tarixin gedişatını dəyişə biləcək zəka və xarak­terə sahib ola bilmək potensialının tarixin qaranlıq səhifələrinə boylanmadan, keç­mişə ayna tutmadan, fəlsəfi mülahizələr içərisində itib-batmadan gözümüzün önündə sərgilənən sübutudur.

Şəxsiyyətlərin tarixdəki rolu ilə bağlı keçmişə ayna tutmaq istəməsəm də, bizi bu günümüzə gətirən dünyagörüşünün, dərin strateji zəkanın ötən illərin foto və videogörüntülərindən boylanan cizgilə­rinə nəzər salmağı vacib hesab edirəm.

Sadə azərbaycanlı qəhrəman

1990-cı ilin 20 Yanvar qırğınından sonra Ulu öndərin Azərbaycanın Mosk­vadakı daimi nümayəndiliyində keçirdiyi mətbuat konfransından çəkilən foto və videogörüntülərə nəzər salıram. İlham Əliyev hüznlü və qayğılıdır. İçindəki eti­razı gözlərində kök salan fikir yükü ilə, üz cizgilərində tarıma çəkilən hüznlə pər­dələdiyi açıq-aşkar görünür. O gündən başlayaraq, bizi Zəfərimizin mükəmməl bir şəkildə tamamlandığı günə qədər olan bütün fotoşəkilləri, təbii ki, hərəkət­lilik və konkret situasiyaya uyğun reaksi­ya tələb edən məqamlar istisna olmaqla, göz önündən keçirirəm. Qəhrəmanımız bütün fotoşəkillərdə gözlərini, həmin za­man kəsiyində sezə, mahiyyətini anlaya bilmədiyimiz məchul bir nöqtəyə dikərək düşünür... Yalnız özünün görə bildiyi uzaqlarda Böyük Zəfərimizə və Bütövlü­yümüzə aparan yolun cizgilərini çəkir.

İlham Əliyev qəhrəmanlığın və lider­liyin bütün çalarlarıyla tarixin və yaşadı­ğımız zamanın amansız gedişatını bizə qarşı olan misli görünməmiş haqsızlıq və ədalətsizliyə sinə gərməklə kökündən dəyişməyi bacaran, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən mükəmməl cizgilərini xarakterində daşı­yan insan obrazıdır.

O, xalqının ağır günündə, bütün ma­neələrə baxmayaraq, onunla birlikdə olan, hüznünü, ağrı-acısını bölüşən sadə azərbaycanlıdır.

O, şəhid anasının gözlərindəki dərdi ürəyinə köçürən, Vətən yolunda canını fəda edən qəhrəmanların doğmalarının acısını öz ağrısı kimi yaşayan, şəhid məzarları önündə acısını köksünə sıxan qardaşdır...

O, Azərbaycan xalqının arzularını ifadə edən ata vəsiyyətini yerinə yetirdiyi üçün qürurunu, sevincini, öz yurduna geri dönənlərin sözlə ifadə edilməsi mümkün olmayan duyğularını gözünə sıxıb köv­rələn övladdır, atadır!

O, 20 il ərzində öz xalqını zamanın dolanbaclarından keçirərək, məğlubiyyət sindromunu qətiyyəti və inamı ilə yenən, dünyanın haqsız düzənində meydan su­layan şərin himayəsinə sığınan qaranlığı zəkasının işığıyla qovan, total ədalətsiz­liyə savaş açan və qalib gələn sərkərdə­dir!

O, bütün azərbaycanlıların qəhrəma­nı və lideridir!

Elçin MİRZƏBƏYLİ

Siyasət