Hikmət Hacıyev: Azərbaycanın Zəngəzurla bağlı ərazi iddiası yoxdur

post-img

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbay­can və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlb-ediciliyini itirib. Naxçıvana gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addım­lar atılır. Bu məqsədlə İranla razılıq əldə olunub.

“Bizim gündəliyimiz yalnız ikitərəf­li əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasından ibarət idi. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfinin bu proses­lər barədə həqiqətən maraqlandığını göstərməsinə ehtiyac var”, – deyə Hik­mət Hacıyev əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, kommunikasiya Zəngəzur dəhlizi əvə­zinə İran ərazisindən yaradıla bilər.

Qeyd edək ki, bundan əvvəl Avro­panın “Politico” nəşri Amerika diplo­matiyasının rəhbəri Antoni Blinkenin konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məqalə dərc etmişdi.

Xatırladaq ki, Baş nazirin müavi­ni Şahin Mustafayev oktyabrın 6-da Zəngilanda jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilanın Ağbənd qəsəbə­si yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazi­sindən keçməklə bağlantı yaradılacaq. Ş.Mustafayev qeyd edib ki, qarşılıqlı razılaşma əldə olunub, körpünün la­yihəsi hazırlanıb.

XQ

Siyasət