Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 14-cü toplantısında diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi olub.
İclasda TDT Ağsaqqallar Şurasının Azərbaycandan olan üzvü Həsən Həsənov ölkəmizin qazandığı son uğurlar barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Ermənilərin otuz illik işğal dövründə Qarabağda dini-mədəni irsimizə qarşı törətdiyi soyqırımından danışan H.Həsənov məscidlərin dağıdıldığını, talan edildiyini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyev yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur düşmən işğalından tam azad edildi. Hazırda Şərqi Zəngəzurda və Qarabağda fasiləsiz bərpa-quruculuq işləri həyata keçirilir. Otuz il ərzində doğma yurdlarına həsrət qalan keçmiş məcburi köçkünlərin əzəli torpaqlarımıza qayıdışına başlanılıb.
H.Həsənov bildirib ki, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda da Dövlət Bayrağını ucaltması ilə Azərbaycanın suverenliyi tam bərpa olundu. O, Azərbaycanın haqlı mövqeyini daim fəal dəstək verən Türk Dövlətləri Təşkilatına, üzv dövlətlərin hər birinə təşəkkürünü ifadə edib.
Qeyd olunub ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülhün əldə olunması regionumuzun inkişafına mühüm töhfə verəcək. Lakin sülhə doğru aparan bu yol bəzi qüvvələri narahat edir. Azərbaycanın sülh çağırışlarına baxmayaraq, təəssüf ki, Fransa erməniləri müharibəyə təhrik edir.
TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım iclasın yekunları ilə bağlı mətbuata bəyanatında Avrasiya coğrafiyasının geosiyasi və iqtisadi əhəmiyyətinin gündən-günə artmaqda olduğunu vurğulayaraq deyib: “Dünya gündəmində ilk sıralarda yer alan mühüm proseslərin məhz bu coğrafiyada yaşanması ölkələrimizin strateji mövqeyinin və türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinin önəmini daha da artırır. Bunu ən son Azərbaycanın Qarabağ məsələsində bir daha gördük. Otuz il ərzində BMT-nin həll edə bilmədiyi məsələ Azərbaycanın, Prezident İlham Əliyevin iradəsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin dəstəyi ilə döyüş meydanın həll oldu, 44 günlük müharibə Zəfərlə nəticələndi. Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması ilə “Qarabağ Azərbaycandır!” reallığı bütün dünyaya elan edildi, bu məsələ birdəfəlik həllini tapdı”.
B.Yıldırım bu Qələbə münasibətilə Türk dünyası ağsaqqallarının Prezident İlham Əliyevə təbrikini diqqətə çatdırıb.
“Türk Dünyası birlikdə güclüdür. Bu ifadə artıq bir şüar deyil, liderlərimizin və xalqlarımızın inandıqları, şahid olduqları həqiqətdir”, - deyə TDT Ağsaqqallar Şurasının sədri bildirib.