ABŞ da, Avropa ölkələri də, adını beynəlxalq təşkilat qoyub yalnız Qərbin, ümumilikdə xristian dünyasının maraqlarını qoruyan, müsəlman dünyasının qan gölünə dönməsinə seyrçi qalan təşkilatlar Azərbaycandan ermənilərin Qarabağa geri qaytarılmasını tələb edirlər. Özü də bunu o qədər canfəşanlıqla, o qədər ciddi-cəhdlə edirlər ki, sanki ermənilərə canları yanır. Bakıya biri gedir, o biri gəlir, Avropa Parlamenti qoyur, Avropa Şurası Parlament Assambleyası götürür. Fransa ağlına gələni edir. ABŞ-ın gündə bir rəsmisi bəyan edir ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin geri qayıtması üçün qarantiya versin.
Amma bir qədər diqqətlə təhlil edəndə görürük ki, onlar heç də ermənilərin “ləyaqətli şəkildə geri qayıtması” üçün deyil, özlərinin günahlarını yumaq üçün bu qədər fəallıq göstərirlər. Bildirçin başını kola soxur, elə bilir görən yoxdur. Bunlar ermənilərin evlərini yıxıb, çıraqlarını söndürüblər. Erməniləri qonşu müsəlman ölkəsinə qarşı təcavüzə, işğala həvəsləndirən, ciblərinə geninə-boluna pullar qoyan kim idi? Həmin Qərb. 1988-ci ildən başlanan “miatsum” hərəkatına, sonra genişlənən aqressiv separatizmə, daha sonra günahsız, dinc azərbaycanlılara qarşı silahlı quldur hücumlarına rəvac verən kim idi? Həmin Qərb. Birinci Qarabağ müharibəsi dövründə guya “müstəqillik” istəyən ermənilər ən müasir silahlarla yaraqlanıb Azərbaycanın rayonlarını bir-bir işğal edəndə onlara “dur” deyən oldumu? Yox. Qarabağ və Ermənistan erməniləri bir gecənin içində Xocalı soyqırımı kimi insanlıq əleyhinə dəhşətli hərbi cinayət törədəndə Qərbdə bir ölkənin, bir “beynəlxalq təşkilat”ın səsi çıxdımı? Yox.
Bütün bunların əvəzində, ünvanımıza insan haqlarının, sərbəst toplaşmaq azadlığının və c. kimi onuncu dərəcəli məsələlərin pozulması ilə bağlı ittihamlar səsləndi. Bu gün inadla ermənilərin Qarabağa qayıtmasını tələb edən “baş demokrat” ABŞ neylədi? ABŞ ermənilərə “dur” demək, cinayətkarlara cəza tələb etmək əvəzinə, “Azadlığa dəstək aktı” qəbul edərək Azərbaycana qarşı 907-ci düzəlişi işə saldı. Yenucə müstəqillik qazanmış, eyni vaxtda hərbi təcavüzlə, torpaqlarının işğalı ilə üzləşmiş Azərbaycan ABŞ-ın təkcə maddi deyil, həm də mənəvi dəstəyindən məhrum edildi. Eyni vaxtda həmin akt çərçivəsində Ermənistana hər il milyonlarla dollar maddi vəsait ayrıldı. Hətta Qarabağın separatçı, işğalçı rejiminə müftəcə milyonların ayrılması da yaddan çıxmadı.
Amma həmin illərdə Azərbaycan qaçqın seli ilə üzləşmişdi. 250-300 min soydaşımız Ermənistandan didərgin salındı. Ermənilərə gözün üstə qaşın var, deyən olmadı. Azərbaycanın 7 rayonu bir-bir Ermənistan tərəfindən isğal olundu, qaçqınların ümumi sayı 1 milyonu keçdi. Amma həmin Qərbdən Azərbaycana nəinki kömək əli uzadan olmadı, hətta 907-ci qadağa qüvvədə oldu.
Bu minvalla ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə 30 ilə qədər vasitəçilik missiyası fəaliyyət göstərdi. Amma sonda məlum oldu ki, həmin Qərb torpaqlarımızın azad olunması əvəzinə, bizi ermənilərin yaratdlıqları yeni reallıqla – işğalla barışdırmaq istəyir, ermənilərin işğalına haqq qazandırırmışlar. Bütün bu illər ərzində, təbii ki, ermənilərin başı sığallanırdı. Mirzə Çəlil demişkən, hər gün onlara bir “malades” deyilirdi. İstər Ermənistan, istərsə də Qarabağ erməniləri bu sığalların altında xumarlanaraq daha çox dinc azərbaycanlını öldürür, qəddarlıqlarının dərəcəsini artırır, uşaqlara, qadınlara belə rəhm etmirdilər. Zori Balayan “türk cocuğuna” necə divan tutması ilə öyünür, Qarabağ erməniləri kəndlərimizi işğal etdikcə əsir düşən hamilə qadınlarımızın qarnını yarırdılar. Cəzasızlıq baş alıb gedirdi. Düz 30 il belə davam elədi...
Nəhayət, Azərbaycan 2020-ci ildə 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək, torpaqlarının böyük hissəsini azad etdi. 2023-cü ilin 19 sentyabrında isə Qarabağ separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Özünün suverenliyini bərpa etmiş azərbaycan bir mülki erməniyə belə ziyan vurmadı. İlham Əliyev onların təhlükəsizliyinə qarantiya verildiyi ilə bağlı dəfələrlə çıxış etdi. Təklif etdi ki, Azərbaycan cəmiyyətinə inteqrasiya etsinlər. Bunun üçün Qarabağda ayrıca miqrasiya xidməti də yaradıldı.
Amma ermənilər qalmadı. Bərxanalarını yığışdırıb Ermənistana üz tutdular. İndi guya Qərbdəki himayəçilər bilmirlər ki, Qarabağ erməniləri niyə çıxıb gediblər. Axı qadınların qarnını yaran cinayətkarlar necə qala bilərdi? Demək olar ki, hər gün uşaqlarımıza güllə atmış, onların ata-analarını, nənə-babalarını kütləvi məzarlıqlara gömmüş, günahsız azərbaycanlıları hər cür ağır işgəncəyə məruz qoymuş ermənilər Qarabağda necə qalıb yaşaya bilərdi? Axı Qərb vaxtilə erməniləri bu vəhşilikdən çəkindirə bilərdi, amma bunu etməmişdi. Onların çoxu, bax, etdikləri günahlara görə cəzadan yaxa qurtarmaq üçün qaçdı. İndi Qərbdə bunu lap əla bilirlər. Sadəcə, özlərini güclü, Azərbaycanı gücsüz hesab edərək bizi məcbur etmək istəyirlər. Amma çifayda. Daha Azərbaycan Qərbin diqtəsi ilə oturub-durmur.
P.ƏMİRCANOV
XQ