Sərhədlərin delimitasiyası nə qədər tez baş tutsa, o qədər yaxşıdır – RƏY

post-img

“Azərbaycanın dövlət bayrağının Xankəndidə ucaldılması ölkə tarixində ən sevincli, qürurlu an, əlamətdar hadisədir. Xankəndidəki Azərbaycan bayrağı əsl qələbə rəmzi oldu. Ağdərə, Xocalı, Xocavənd şəhərləri və nəhayət, Xankəndidə bundan sonra Azərbaycan Konstitusiyası, qanunları, Ali Baş Komandanın fərmanları əsas sənədlər olacaq, həmçinin ölkəmizin ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin tətbiqinə şərait yaradılacaq”.

Bu fikirləri XQ-yə açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov deyib.

Analitik bundan sonrakı addımın Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqların olmasını proqnazlaşdıraraq bildirib ki, bu mərhələ nə qədər tez razılaşdırılsa, bir o qədər yaxşıdır. 

“Azərbaycan beynəlxalq münasibətlər sisteminin iştirakçıları arasında münasibətlərin inkişaf tendensiyalarına və dinamikasına uyğun olaraq praqmatik və balanslaşdırılmış xarici siyasət aparır, qonşu dövlətlərlə hərtərəfli əlaqələrin qurulmasına və inkişafına böyük önəm verir. Ölkəmiz regiondakı qonşularla yanaşı, beynəlxalq münasibətlər sisteminin hazırkı vəziyyətinə mühüm təsir göstərən qüdrətli dövlətlərlə də onların regiondakı maraqlarını nəzərə alaraq qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və bu maraqların Azərbaycanın milli maraqları ilə uzlaşdırılmasına diqqət yetirir”, - deyə M.Dəmirov bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət