Təkzibolunmaz fakt ondan ibarətdir ki, ötən əsrin 60-cı illərindən başlayaraq müasir, müstəqil və suveren Azərbaycanın əsaslarını qoyan və 1993-cü ildən 2003-cü ilə qədər olan dövrdə dövlətçiliyimizi möhkəmləndirən məhz Ümummilli lider Heydər Əliyev olub. Bu gün ölkəmiz müasir dünyanın nəinki ciddi aktorudur, həm də qədim və zəngin tarixi ilə meydana atılan müasir, müstəqil Azərbaycanın dövlətidir. Amma dövlət quruculuğunda dövlətçiliyimizin daha da formalaşması yolunda liderin rolu ilə bağlı bir mühüm tarix var - bu tarix 2003-cü il oktyabrın 15-i - cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Bu əlamətdar tarix - müasir Azərbaycan dövlətinin siyasi təqviminin incisidir.
Bu fikirləri XQ-yə açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov deyib.
“Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapıb. Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoyub.
Dövlətimizdə istər mənəvi, istərsə də hüquqi baxımından, Azərbaycan vətəndaşına verilən önəm aparıcı faktor olaraq, bu gün də ümumi inkişafın stimullaşdırıcı qüvvəsidir”, - deyə analitik vurğulayıb.
M.Dəmirov diqqətə çatdırıb ki, son 20 il ərzində dövlətimizin başçısının rəhbərliyi ilə rəqabət mühitinin yaxşılaşdırılması və xarici iqtisadi amillərin mənfi təsirinin azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi məqsədilə, daxili bazarın qorunması üçün konstruktiv addımlar atılır. Aparılan sosial-iqtisadi siyasət əhalinin aztəminatlı təbəqəsinə yardım sisteminin təkmilləşdirilməsi və islahatların mənfi təsirlərinin yumşaldılması ilə yanaşı, müqayisəli üstünlüklərin formalaşmasına da öz töhfəsini verir və Azərbaycan iqtisadiyyatının daha da yüksəlişini təmin edir.
“Bu illər ərzində qazanılmış nailiyyətlər sırasında milli mədəniyyətin inkişafını xüsusi qeyd etmək lazımdır. Milli-mənəvi dəyərlərimizin təbliğinə, mədəni həyatımızın zənginləşməsinə göstərilən diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanıdılmasında böyük nailiyyətlər qazanmağa imkan vermişdir”, – deyə M.Dəmirov fikirlərinə yekun vurub.
Rizvan FİKRƏTOĞLU
XQ