AŞPA-nın ölkəmizə ədalətsiz yanaşması qətiyyətlə rədd edilir

post-img

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) tərəfindən oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edilib.

Azərbaycanın AŞPA-da nümayən­də heyəti bununla bağlı etiraz bəyanatı yayıb. 

Bəyanatda qeyd edilib ki, bu sənəd­lərdə regionda mövcud olmuş mü­naqişənin kökündə dayanan, Ermənis­tanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənar buraxılıb. Bu, əslində, Avropa Şurası­nın Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürüdür. 

Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarak­terli antiterror tədbirlərinin məram və məqsədləri təhrif edilərək, ölkəmizə qarşı əsassız iddialar səsləndirilir. Bu mənada, həmin tədbirlərin Azərbay­cana qarşı davam edən hərbi təhdid­lərin aradan qaldırılması və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi göz ardı edilir. Həmçinin Qarabağ regionunun erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyə­tinə reinteqrasiyası istiqamətində atılan addımlara lazımi qiymət verilmədən, regiondakı gələcək davamlı sülh üçün əlavə maneələr yaradılır. Görünən odur ki, Fransa və Avropanın bir sıra digər ölkələrinin ermənipərəst siyasətçiləri erməni lobbisindən ani dividendlər qa­zanmaq naminə Azərbaycanın region­da başlatdığı normallaşma prosesinə süni əngəllər törətməyə və ölkəmizin haqq işinə kölgə salmağa çalışırlar. 

“AŞPA-da Azərbaycanın nümayən­də heyəti olaraq, ölkəmizə qarşı nü­mayiş etdirilən bu ədalətsiz yanaşma­nı qətiyyətlə rədd edir və bunu Avropa Şurası daxilində demokratik dəyərlərin iflasa uğramasının bariz nümunəsi kimi qəbul edirik”, - deyə bəyanatda bildirilir. 

XQ

Siyasət