Beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmiş lider

post-img

Prezident İlham Əliyev son 20 ildə bu istiqamətdə tarixi dönüş yaradıb 

Qardaşım İlham Əliyevin uzaqgörən liderliyi və müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik. Şuşaya gələrkən bu işləri gördük... Fasiləsiz iş görülür, infrastruktur sahəsində intensiv iş aparılır. Bir tərəfdən yollar salınır, bir tərəfdən enerji stansiyaları açılır, bir tərəfdən yüksəkgərginlikli xətlər çəkilir… Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. 

Rəcəb Tayyib ƏRDOĞAN, 

Türkiyə Cümhuriyyətinin Prezidenti

Şuşa, 15 iyun 2021-ci il

Bir neçə gündən sonra müasir türk dünyasının ən ünlü simaların­dan biri, gənc müstəqil Azərbaycan dövlətini beynəlxalq aləmin nüfuzlu aktorlarından birinə çevirmiş İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti postuna seçilməsinin 20 ili tamam olacaq. Cənab İlham Əliyev bu mühüm dövlət vəzifəsinə seçilən­də biz hamımız düşünürdük ki, onun əsas vəzifəsi Azərbaycan xalqının problemlərini həll etmək – yəni ölkə­mizin ərazi bütövlüyünün bərpası və respublikamızın hər yerində suveren­liyimizin təmin edilməsi olacaq. Təbii ki, bizim gözlədiklərimizin hamısını reallaşdırdı. 

Ancaq sonra məlum oldu ki, o, bizim güman etdiyimiz kimi lokal məkanda deyil, daha geniş sferada siyasi fəaliyyət göstə­rir. Yəni o, türkdilli dövlətlərin iş birliyinin, əməkdaşlığının, Turan ideyası ətrafında daha mütəşəkkil birləşməsinin əsas sti­mulverənlərindən biri kimi ortaya çıxmağı bacardı və bütün dünyada istədiklərinə nail olan lider nüfuzu qazandı. Nəticədə, Azərbaycan Prezidenti təkcə regional müstəvidə deyil, ümumiyyətlə, bütün Av­rasiyada söz sahibinə, bir çox siyasətçilə­rin səmimi şəkildə məsləhət aldığı dünya miqyaslı siyasətçi statusuna nail oldu. 

Bir məqamı da xatırladım ki, Azər­baycanla eyni dövrdə dövlət müstəqilli­yinə nail olmuş ölkələrin əksəriyyətində bizə həsədlə baxırlar. Çünki müasir Azər­baycanın BMT Təhlükəsizlik Şurasının sessiyalarına, AŞPA Nazirlər Kabinetinin iclasılarına sədrlik etmiş, sıralarında 120 dövlətin olduğu Qoşulmama Hərəkatına sədrliyi davam etdirən, BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edən və ona nail olan, xəyanətkar qonşularımızın iki əsrlik fitnə-fəsad toru­nu darmadağın edərək ölkənin ərazi bü­tövlüyünün bərpasına nail olan Lideri var. İlham Əliyev bütün bu keyfiyyətləri ilə son 20 ilin istənilən günündə xalqımıza üzağ­lığı gətirmişdir. 

Bu gün hamı bilir ki, İlham Əliyev Azərbaycanı beynəlxalq kosmik ailənin üzvünə, Bakını dünyanın əksər problem­lərinin həlinə çalışan beynəlxalq təşki­latların fəaliyyət mərkəzinə çevirmişdir. Onun sözübütövlüyü, tərəf-müqabillərinə sədaqəti, beynəlxalq hüquqa və döv­lətlərarası münasibətlərin təməl prinsip­lərinə dərindən bələd olması heç kəsin nəzərindən yayınmadığına görə müasir dünyanın müxtəlif siyasi qütbləri öz ara­larındakı problemləri məhz Bakıda müza­kirə etməyi məqsədəuyğun hesab edirlər. Mən NATO – Rusiya və ABŞ – Rusiya hərbçilərinin Bakıda keçirilmiş yüksək səviyyəli görüşlərini də nəzərdə tuturam. 

Ancaq cənab Prezidentin siyasi fəa­liyyətinin başqa bir istiqaməti də var ki, o barədə hər gün yazsaq, yenə də azdır. Həmin istiqamət Türkdilli ölkələrlə əmək­daşlığın qardaşlıq səviyyəsinə qaldırıl­ması üçün atılan addımlardır. Qətiyyətlə deyə bilərəm ki, türk dövlətlərinin hamı­sında Prezident İlham Əliyevi türk dünya­sını Turana doğru aparan lokomotivlər­dən biri kimi qəbul edirlər. 

Bəri başdan qeyd edim ki, İlham Əli­yev təkcə Prezident seçiləndən sonra deyil, hətta Azərbaycan Milli Məclisinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri olarkən də həmin qurumdakı Azərbaycan və Türkiyə deputatlarının əlbir işləməsinə nail olmuşdu. Bu da AŞPA tarixində ilk dəfə olaraq Ermə­nistanın işğalçı dövlət kimi tanınmasını sübut edən sənədin qəbul olunması ilə nəticələnmişdi. Onun Azərbaycan Prezi­denti seçilməsindən sonra bu istiqamət­də həyata keçirdiyi layihələr və atdığı addımlar isə Türkiyə mətbuatında “türk tarixinin şərəfli səhifələri” olaraq, yad­daşlara yazılmışdır.

Həmin şərəfli səhifələrə bugünkü Türk Dövlətləri Təşkilatının təməli qo­yulmuş TDƏŞ-in Naxçıvan Sammitindən Şuşa Bəyannaməsinə qədər olan yoldakı qətiyyət və prinsipiallıqdır. Məmnuniyyət­lə xatırladırıq ki, TDT dövlət başçımızın həmin fəaliyyətini həmişə yüksək qiy­mətləndirmişdir. Elə 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Döv­lətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi də həmin qiymətləndirmənin nə­ticələrindən biri idi. 

Orada qeyd olunmuşdu ki, Azərbay­can Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası­nın ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respubli­kasının Prezidenti Zati-aliləri Rəcəb Tay­yib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qə­rar qəbul etmişdir. 

Ordeni dövlət başçımıza təqdim edən Türkiyə Prezidenti demişdi: “Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən erməni işğalına 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiy­yət daşımaqdadır… Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri hə­yata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir”.

Ancaq İlham Əliyevin Türk dünyası qarşısındakı titanik xidmətlərinə verilən qiymət bununla bitmir. Belə ki, ötən il avqustun 24-də Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Ka­sım-Jomart Tokayev dövlət başçımızı öz ölkəsinin ən ali mükafatlarından olan “Qızıl qartal” (“Altın Kran”) ordeni ilə təltif etmişdir. Bu yüksək qiymətə münasibət bildirən Azərbaycan Prezidenti demişdir: “İlk növbədə, artıq nümayəndə heyətləri­nin iştirakı ilə məni Qazaxıstan Respub­likasının “Altın kıran” ali ordeni ilə təltif etdiyinizə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu mükafata layiq gö­rülməyim mənim üçün böyük şərəfdir və mən bunu xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın mü­nasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət he­sab edirəm”.

Bəli, Prezident İlham Əliyev Azər­baycanı ucaltdıqca özü də ucalır, Türk dünyasının daha da qüdrətlənməsinə çalışdıqca özü daha da qüdrətlənir, bizi Turana yaxınlaşdırdıqca, özü o böyük səltənətin – Turanın qapılarını döyür. O, Azərbaycan tarixinə uğurlarla dolu onil­liklər yazdıqca, biz əmin oluruq ki, qar­şıdakı onilliklərimiz daha böyük uğurlarla zəngin olacaq. İnşallah!

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət