Paşinyanın qorxusu – Bişkek gerçəyi “Qranada mifi”ni dağıda bilərdi

post-img

Ermənistan siyasiləri baş nazirin Qırğızıstana getməməsini necə dəyərləndirirlər?

Baş nazir Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurasının Bişkekdəki növbəti iclasına qatılmaqdan imtina etməsi Ermənistanda müzakirə predmetinə çevrilməkdədir. Müzakirənin motivləri barədə söz açmazdan əvvəl bildirək ki, Rusiya tərəfi Qırğızıstanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyevlə Paşinyanın görüşünün təşkilini planlaşdırırdı. Görüşün həm ikitərəfli, həm də Prezident Vladimir Putinin iştirakı ilə keçirilməsi nəzərdə tutulurdu. 

Heç şübhəsiz, MDB Dövlət Başçı­ları Şurasının iclası narazılıqların və ziddiyyətli məqamların nəzərdən ke­çirilməsi baxımından yaxşı platforma­dır. O anlamda ki, ümumən tərəflərin bir-biri ilə danışıq aparması, bir sıra məsələlərdə ortaq baxışları müəyən­ləşdirməsi müsbət haldır. Lakin dediyi­miz kimi, N.Paşinyan Bişkekə getmədi. Ermənistan toplantıda heç xarici işlər naziri səviyyəsində də təmsil olunma­dı. Orada yalnız nazirliyin departament rəhbərinin müavini iştirak etdi ki, bu da MDB dövlətlərinə münasibətdə böyük sayğısızlıq kimi qiymətləndirilməlidir. Hərçənd, niyyətimiz heç də sırf belə halları diqqətə çatdırmaq deyil. Çünki İrəvanın bu qurumu, xüsusən Rusiyanı “görməzdən gəlməsi” son illərin, belə demək mümkünsə, siyasi trendinə çev­rilib.

Bəli, dediyimiz kimi, Ermənistanın siyasi dairələri Paşinyanın Bişkekə getməməsini geniş müzakirə edir­lər. Mövcud xüsusda irəli çəkilən ilk məqam oktyabrın 5-də keçirilmiş Qra­nada Sammitidir. Məlum olduğu kimi, Prezident İlham Əliyev həmin toplan­tıya qatılmaqdan imtina etdi. Nikolun bir neçə gün əvvəl ölkənin İctimai televiziyasına müsahibəsində səslən­dirdikləri fikirlər isə onu deməyə əsas verir ki, həmin sammitdə Azərbaycan üçün, bir növ, tələ hazırlanıbmış. Di­gər tərəfdən, dövlətimizin başçısının Qranadaya getməməsinin konkret sə­bəbi var – Fransanın erməni tərəfkeş­liyinə qarşı Türkiyənin beşli masaya (Prezident İlham Əliyev, Fransa pre­zidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan – red.) əy­ləşməsi. Bu tələb yerinə yetirilmədi­yindən, beşli, amma altılı olması göz­lənilən masa dördlü masaya çevrildi. Əslində, erməni siyasilər də mövcud məqama diqqət çəkirlər. Ancaq Niko­lun Bişkekə yollanmamasının mən­tiqini anlaya bilmirlər. 

Ermənistan siyasi müşahidəçilə­rinin və politoloq-ekspert cameəsinin diqqət yetirdiyi bir nüans var. Məlum olduğu kimi, Paşinyanın komandası Qaranada Sammitini, az qala, böyük diplomatik qələbə kimi qiymətləndir­məkdədir. Nikolun tərəfdarları hesab edirlər ki, İspaniyada qazanılan uğur Azərbaycan hakimiyyətinin, guya, Qarabağda etinik təmizləməyə görə cavab verməli olduğunun təsdiqlən­məsinə əsaslanır. Başqa bir yan­dan, nəzərə alaq ki, erməni iqtidarı Prezident İlham Əliyevin Qranadaya yollanmamasını Azərbaycanın sül­hdən yayınması kimi dəyərləndirir. Halbuki, belə deyil. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki paylaşımında da bildirdi. O, ölkəmizin sülhə sadiqliyini ifadə etməklə yana­şı, dövlət başçısının Qranadaya get­məməsinin səbəblərinə dolğun şəkil­də aydınlıq gətirdi...

İndi isə Ermənistanın siyasi da­irələri hesab edirlər ki, Paşinyan Bişkekə yollanmamaqla sülhdən ya­yınır. Qeyd edək ki, bunu Prezident İlham Əliyev də MDB-yə üzv dövlət­lərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasındakı çıxışında vurğulayıb. Yeri gəlmişkən, Ermənistan mediası bu məqama diqqət yetirib və dövlətimi­zin başçısının söylədiklərini Paşinya­nın addımına layiqli cavab olaraq qiy­mətləndirib. Əlbəttə, erməni mediası və ekspertləri Prezident İlham Əliye­vin Paşinyana rişxəndlə yanaşdığı, onu ələ salmağı xoşladığı qənaətin­dədir və belə görünür, buna haqq ve­rirlər. Elə isə dövlətimizin başçısının münasibətinə diqqət yetirək: “İndi isə sual yaranır: Ermənistan sülh istə­yirmi? Düşünürəm ki, xeyr. Əgər o, sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saat Qranadaya uçur, orada Azər­baycansız Azərbaycanın müzakirə olunduğu anlaşılmaz görüşdə iştirak edir, Bişkekə isə 2-3 saatlıq uça bil­mir, vacib işləri var. Bax bütün bun­ları biz açıq şəkildə deməliyik. Hamı bunu görür, lakin bunu demək və buna əsaslanmaq lazımdır”. 

Erməni siyasilər, eyni zamanda, belə hesab edirlər ki, Paşinyan Biş­kekdəki görüşdən imtina etməklə, Prezident Əliyevə ən azı Moskva qar­şısında əlavə xal toplamaq üçün əla səbəb verir. Onlar Nikolun nə üçün belə davrandığına izah tapa bilmədik­lərini vurğulayırlar. Onlar, həmçinin dövlətimizin başçısının Qranadaya yollanmaqdan imtinasını başa düş­düklərini bildirirlər. Əlbəttə, səbəbi öz prizmalarından izah edirlər. Deyirlər ki, Azərbaycan Prezidentinin Qara­bağdakı etnik təmizləməyə görə Av­ropa liderləri qarşısında özünü doğ­rultmaq arzusu yoxdur. Əslində isə Qarabağda heç bir etnik təmizləmə olmayıb, bölgənin erməni əhalisi öz xoşu ilə ərazini tərk edib və bu halı etnik təmizləmə kimi sırımağa çalışan istənilən platforma ölkəmiz üçün qey­ri-məqbuldur. Qranada da belə oldu.

“Bəs, Paşinyan niyə Bişkekə get­mir?”, – deyə erməni siyasilər sual verirlər? Onlar bildirirlər ki, əgər, həqiqətən, Qranadada uğur qaza­nılmışdısa, onu Bişkekdə möhkəm­ləndirmək olardı və Nikol bu şansı qaçırdı. Əlbəttə, mövcud xüsusda İspaniyada heç bir uğurun qazanıl­madığını söyləmək yerinə düşər. Elə Prezident İlham Əliyevin dördlü masanı “anlaşılmaz görüş” adlan­dırması da bunun təsdiqidir. Digər tərəfdən, erməni ekspert cameəsinin üzərində dayandığı daha bir məqam var – Bişkekdə Moskvanı qıcıqlandı­ran Ermənistanın ratifikasiya etdiyi Roma statutu barədə bir daha izahat vermək imkanı var idi. Axı, Paşinyan özü deyir ki, bu məsələdə Moskva ilə anlaşılmazlıq mövcuddur. Yəni, yaxşı olardı ki, gedib anlaşılmazlığı aradan qaldırsın. 

O da məlumdur ki, Paşinyan Bişkekə getməməklə, öz aləmində, dünyaya mesaj verdiyini düşünür. Təxminən belə: görürsünüz, mən Bişkekə, yəni Rusiyanın hakim rol oynadığı təşkilatın toplantısına get­mirəm, amma İlham Əliyev gedir. Yaxud, İlham Əliyev Qranadaya get­mədiyi üçün, mən də Bişkekə get­mirəm. Hər halda, erməni siyasilər bunu ucuz gediş adlandırırlar. Onlar, eyni zamanda, Nikolun Bişkekə yol­lanmaqdan sadəcə qorxduğunu önə çəkirlər. Onu sözünü, danışığını bil­məyən, Qərbdən asılı aciz siyasətçi kimi qələmə verirlər. Əlbəttə, ermə­ni ekspertlər Paşinyanın oktyabrın sonlarına doğru Brüsseldə Prezident İlham Əliyevlə onsuz da görüşəcə­yini vurğulayırlar. Yəni, qorxunun əcələ faydası yoxdur. 

Söhbət qorxudan düşmüşkən, er­məni mediası hesab edir ki, Nikolun Bişkekə getməkdən boyun qaçırma­sı, həm də onun Rusiya Prezidenti ilə üzləşməkdən qorxması ilə bağlıdır. “Nikol ona cavab verməkdən qorxur? Nə üçün?”, – deyə siyasi icmalçı Ruben Marqaryan da sual edir. R.Marqaryan Paşinyanın Putindən han­sı səbəbə qorxmasına və buna görə onunla üz-üzə gəlmək istəməməsinə özünün ritorik sualları ilə aydınlıq gə­tirir: “Bəlkə Rusiya sülhməramlı kon­tingetinin Qarabağdakı fəaliyyətini gözdən saldığına və ümumiyyətlə, hakim komandanın anti-Rusiya təb­liğatına görə? Roma statutunun ra­tifikasiyası üçün? Bəlkə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda qeyd olunan və Azərbaycanın qərbini Naxçıvanla, Ermənistan ərazisindən keçməklə, birləşdirməli olan yol boyu tranzit təhlükəsizliyinə nəzarətin Ru­siya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təminatı­nı istəmədiyinə görə? Qarabağı Azər­baycanın bir hissəsi kimi tanımasına baxmayaraq, Moskvanı Qarabağ fa­ciəsinə görə məsuliyyət daşımaqda günahlandırdığı üçün? Yoxsa Paşin­yanın Qarabağ sakinlərinin bölgəyə qayıtmaları və orada təhlükəsiz ya­şamaları imkanlarını müzakirə etmək niyyəti yoxdur?”

Əlbəttə, Nikolu Bişkekə yollanma­maqda ittiham edən başqa deyim­lər və habelə çoxsaylı ritorik suallar da var. Onların hamısının üzərində dayanmaq istəmirik. Ümumən, bu ittihamlarda iki xətt nəzərə çarpır. Birincisi, Prezident İlham Əliyevlə gö­rüşdən çəkinmək. Çünki məlumdur ki, Paşinyan ona Qranada eyforiyası ruhunda nələrdənsə söz aça bilməyə­cək. Nəticədə hazırda erməni cəmiy­yətinə sırınan Qranada qələbəsi mifi alt-üst olacaq. İkincisi isə Putindən qorxu. Əlbəttə, Nikolu aşağılayan bir deyim də var: Qranadadan fərqli ola­raq, Bişkekdə elə bir əyləncə proqra­mı planlaşdırılmayıb ki, Paşinyan ailə üzvlərindən birini özü ilə aparmaq istəsin.

Ə.RÜSTƏMOV
XQ

Siyasət