Fransa və Cənubi Qafqazda sülhə qarşı “gilyotin”

post-img

Rəsmi Paris Ermənistanı yeni müharibəyə təhrik edir

“Biz yada salmalıyıq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri necə oldu? Mən çox yaxşı bunu bilirəm. Çünki atam mənə danışmışdı. O vaxt Fransa Prezidenti Jak Şirak buna çox israr edirdi. Heydər Əliyev isə buna etiraz edirdi. 

Dəfələrlə etiraz eləyirdi və ondan sonra Jak Şirak mənə, hətta, dəfələr­lə bu əhvalatı danışırdı və atama da böyük hörmətlə yanaşırdı. Deyirdi, o, mənə deyirdi ki, mən şəxsən sizə qarşı yox, Fransanın orada həmsədr olma­sına qarşıyam. Çünki, bilirsiz də ermə­nilər çox böyük təsirə malikdirlər və si­zin siyasətinizə təsir edəcəklər. Mən isə onu inandırırdım ki, biz həmişə neytral olacağıq. Ancaq bundan sonra Heydər Əliyev ona razılıq verdi. Doğrudan da, elə idi. İndi onların neyrtal olması, doğ­rudan da, təbii idi. Yoxsa ki, ona görə neytral idilər ki, məsələ öz həllini tap­mırdı, onu mən deyə bilmərəm. Amma onu deməliyəm ki, həmişə Fransa, in­diki hökumətə qədər, balansı saxlama­ğa çalışırdı”. Bu fikri Azərbaycan Prezi­denti İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bildirib. 

Dövlətimizin başçısının söylədiklə­rində bir məqam diqqət çəkməkdədir. O, illərlə Azərbaycan və Ermənistan mü­nasibətlərinin həllini tapmadığını bildirir və Fransanın vaxtilə nümayiş etdirdiyi neytrallığın mövcud xüsusda olduğuna eyham vurur. Ancaq o da məlumdur ki, 44 günlük müharibə zamanı və ondan sonrakı mərhələdə Parisin zahiri tərəf­sizliyi yoxa, aşkar ermənipərəstliyi üzə çıxdı. Azərbaycanın Vətən müharibə­sindəki zəfəri bir çox maskaları yırtdığı kimi, Fransanın da maskasını söküb atdı.

Diqqət yetirək, bu gün Parisin İrə­vanı açıq şəkildə silahlandırması ar­tıq danılmaz reallığa çevrilib. İş o yerə çatıb ki, Prezident İlham Əliyev Avro­pa İttifaqı Şurasının prezidenti Şarl Mişellə oktyabrın 7-də baş tutmuş te­lefon danışığı zamanı deyib: “Fransa­nın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa ola­caq”. 

Göründüyü kimi, dövtləmizin baş­çısı, kifayət qədər, konkret tərzdə Fransanın Cənubi Qafqazdakı pozu­culuq niyyətini ifşa edir və bu niyyə­tin hansı nəticələr doğura biləcəyinin anonsunu verir. Şübhəsiz, nəticələr İrəvan üçün fəlakət yaradacaq. Ancaq bunu nə Ermənistan, nə də Fransa dərk edir, yaxud dərk etmək istəmir. 

Bəli, Fransa Ermənistanı illüzi­ya bataqlığına sürükləməkdə davam edir. Daha doğrusu, İrəvan bataqlıq­dadır, sadəcə, ona ötürülən mesajlar olduğu yerin möhtəşəmliyi görüntüsü­nü formalaşdırır. Baş nazir Nikol Pa­şinyan administrasiyası buna inanır. İnanır və öz aləmində demarş yolunu tutur. Məsələn, Nikol Fransanın pat­ronajlığı ilə keçirilmiş Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısında iştirak üçün Qranadaya həvəslə yol­landığı halda, Bişkekə – MDB Dövlət Başçıları Şurasının iclasına qatılmaq­dan imtina yolu tutur. Bu onu göstə­rir ki, Ermənistan özünü Fransanın forpostu kimi aparır və onun icazəsi olmadan heç bir toplantıya qatılmır. Necə deyərlər, “bacılığa” sədaqət nü­mayiş etdirir.

Əlbəttə, Parisin İrəvanı özünün Cə­nubi Qafqaz avantürasına alət etmə­sini təsdiqləyən ən müxtəlif məsələlə­rin üzərində dayanmaq mümkündür. 2022-ci ilin sonlarına doğru Avropa İttifaqının mülki müşahidə missiya­sının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində yer­ləşdirilməsi ilə başlanmış bu aktiv kurs hazırda hərbi əməkdaşlıq motivlərinə köklənməkdədir. Bu günlərdə İrəvan­da səfərdə olmuş Fransanın xarici işlər naziri Ketrin Kolonna da dedi ki, ölkəsi Ermənistanı silah-sursatla təmin edəcək. Fransanın İrəvandakı səfiri Olivye Dekotinyi isə bildirib ki, fransız hərbçilər Ermənistanda keçiriləcək "HOPE FSX2023" hərbi təlimlərinə qatılacaqlar. Deməli, ABŞ-ın ardınca, Fransa da bu Cənubi Qafqaz ölkə­sində hərbi təlimdə iştirakçılıq niyyə­tini ortaya qoyur. Nəinki ortaya qoyur, eyni zamanda, təlimlərə “Dash” tipli iki təyyarə, 8 ton avadanlıq da göndərib. Necə olur ki, hərbi heyət mülki təhlükə­sizlik təlimlərinə qatılır? Deməli...

Bəli, rəsmi Parisin bu addımı İrəvanla hərbi əməkdaşlıq fonunda diqqət çəkməkdədir. Kolonna da Er­mənistanın təhlükəsizliyinin güclən­dirilməsinə ehtiyacın duyulduğunu dilə gətirmişdi. Yəqin elə buna görə­dir ki, Fransadan gələn hərbi heyətin Ermənistanda yerləşdirilməsinə dair məlumatlar gündəmə çevrilib. Demə­li, Paris bölgədə sistemli hərbi möv­cudluğa can atır. Bu isə onun, keçmiş müstəmləkələrindən biabırçılıqla qo­vulmasından sonra, Cənubi Qafqaz­da nüfuz sahibi olmağa girişməsidir. Yeri gəlmişkən, Nigerdən çıxarılmış fransız hərbçilərin Ermənistanda yer­ləşdirilməsinə dair fikirlər dolaşmaq­dadır. 

Bütün bunlar isə yaşadığımız coğ­rafiyada sülh prosesinə ciddi əngəl törətməkdədir. Əvvəldə haqqında söz açdığımız illüziya məntiqi işə düşür və İrəvan sülhdən yayınmaq yolunu tutur. Əlbəttə, Fransanın kağız üzə­rindəki dəstəkləri də bu gedişatda az rol oynamır. Mövcud anlamda Parisin təşəbbüsü ilə Qranadada keçirilmiş görüşü və görüşün nəticəsi olaraq im­zalanmış sənədləri vurğulamaq müm­kündür. 

Təsəvvür edin, Qranadada Azər­baycan – Ermənistan münasibətləri kontekstində sənəd ərsəyə gətirilir, ona Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Paşinyan imza atırlar. Üstəlik, ölkəmizin imzasının yer alma­dığı sənəd, az qala, Cənubi Qafqaza dair yol xəritəsi kimi təqdim edilir. Sadə məntiq bunun yolverilməzliyin­dən xəbər verir. Ancaq Paşinyanın komandası məsələni böyük diploma­tik uğur kimi səciyyələndirir. Görəsən, məqsəd nədir?

Məqsəd çox sadədir. Fransa Cə­nubi Qafqazla bağlı dünya gündəmi yaratmağa girişib. Ona görə də la­zımsız və mənasız sənədlər imza­latdırır. Yeri gəlmişkən, oktyabrın 11-də Parisin dəstəyi ilə BMT-nin İnsan Hüquqları Şurasında Azər­baycan əleyhinə birgə bəyanat da qəbul edilib. Sənəddə ermənilərin Azərbaycanın Qarabağ bölgəsin­dən köçməsinin səbəblərinə dair əsassız və böhtan xarakterli iddialar yer alıb. Cəfəngiyyata baxın, orada Qarabağdan Ermənistana köçən­lərə “qaçqın statusu”nun verilməsi məsələsi yer alır ki, bunun hüquq baxımından yolverilməzliyi şübhə­sizdir. 

O da şübhə doğurmur ki, Fran­sa sonrakı mərhələdə bu sayaq sənədlərə istinadın vacibliyini təb­liğ edəcək. Habelə Azərbaycanı onlara əhəmiyyətsiz yanaşmaqda günahlandıracaq. Nəticə etibarilə münasibətlərin həllində güc yolunun qaçılmazlığına dair görüntü forma­laşdırmaq əsas götürüləcək. Yəni, Parisin çalışdığı budur. Gücə gəldik­də isə onu yaratmaqla bağlı “təlim ritorikasını” diqqətə çatdırdıq. Ancaq məsələ yalnız bunda deyil. Söhbət Ermənistanın silahlandırılmasından gedir və prosesə Fransa ilə yanaşı, Hindistanın da qoşulduğunu söy­ləmək mümkündür. Hindistan İrəva­na modernləşdirilmiş PİNAKA raket sistemi və ən müxtəlif növ silahlar verib. Əminliklə demək mümkündür ki, hazırda Cənubi Qafqaz siyasi ak­vatoriyasında Fransa – Hindistan – Ermənistan adlı şər üçbucağı forma­laşıb və bu qruplaşmada başlıca rolu Parisin oynadığı gün kimi aydındır. 

Görünür, elə buna görə də Prezi­dent İlham Əliyev Ş.Mişellə telefon danışığında Fransanın hərəkətlərinin bölgədə yeni müharibə riski yaratdığı­nı bildirib. Məlumdur ki, bu tendensiya Ş.Mişelin egidası altında keçirilən sülh tənzimlənməsinə də ziddir. O egidaya ki, onun çərçivəsindəki növbəti görü­şün bu ayın sonunda Brüsseldə təşki­li planlaşdırılmaqdadır. Lakin indidən böyük ehtimal var ki, Aİ Şurası prezi­dentinin vasitəçilik istəkləri gözlənilən real faydanı verməyəcək. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət