Bu dəhliz məğlub ölkəni bataqlıqdan çıxara bilən yoldur
“Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönələn bir siyasət gözləyir”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır. R.T.Ərdoğan, həmçinin çıxışında İranı “Regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə birlikdə hərəkət etməyə” çağırıb.
Bu, Türkiyə liderinin Zəngəzur dəhlizi ilə bağlı İrəvana və Tehrana birinci müraciəti deyil. İki həftə bundan əvvəl Azərbaycana səfərdən vətənə qayıdan zaman R.T.Ərdoğan jurnalistlərə açıqlamasında demişdi: “Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır”. O, həmçinin belə bir ifadə işlətmişdi ki, Zəngəzur dəhlizi bu il açılacaq. Qardaş ölkənin başçısı nəinki bölgədə, dünyada böyük siyasi çəkiyə malik, sözü keçən bir liderdir. Əgər, o, Zəngəzur dəhlizinin bu ilin sonuna qədər açılacağını deyibsə, deməli, bu yol açılacaq.
İndi Ermənistan bunu istəsə, məsələ daha tez və asanlıqla öz həllini tapmış olacaq. Yox, əgər məğlub ölkə bu geostrateji kommunikasiyanın yaradılmasına süni əngəllər yaratmağa çalışacaqsa, istəyinə nail ola bilməyəcək. Ona görə ki, Azərbaycan qarşısına qoyduğu bu strateji hədəfi reallaşdırmağa qadirdir. Hazırda Bakı Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq–Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində ciddi çalışır. Bu dəhliz ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək. Nəticədə Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər əldə edəcək. İrəvan da dərin iqtisadi böhrandan çıxmaqdan ötrü fürsət qazanmış olacaq. Zəngəzur dəhlizi Ermənistanın xilas yoludur. İrəvan “papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməlidir”: son 30 ildə nələri itirdilər və bundan sonra nələri itirə bilərlər.
Dünyanın nəqliyyat xəritəsi yenilənir
Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir. Biz Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana həm dəmir, həm də avtomobil yolunu açmış olacağıq. Hər şeydən göründüyü kimi, bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşır. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən, transmilli əhəmiyyətə malik çoxfunksiyalı nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal – Cənub, Şərq – Qərb və Şimal – Qərb nəqliyyat marşrutları bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat qovşaqları tarixi İpək Yolunun bərpasında olduqca ciddi əhəmiyyətə malikdir. İndi belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə ilə regionda yeni bir reallıq yaratdı. Bu münaqişənin başa çatdığını təsdiq edən 2020-ci ili noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda icrası nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur nəqliyyat dəhlizi beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşruta çevriləcək. Məhz Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit xətləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq.
Reallığı qəbul etməyin qaçılmazlığı
“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də... İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”. Dövlətimizin başçısının məsələ ilə bağlı Azərbaycan Televiziyasına müsahibəsində dediyi bu sözlər Hayastana və onun arxasında duranlara ciddi xəbərdarlıq kimi qəbul olunmalıdır. Prezident İlham Əliyev müsahibəsində, həmçinin vurğulayıb ki, Azərbaycan xalqı 103 il bundan əvvəl əlindən alınmış Zəngəzura qayıdacaq. “Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin”, – deyən cənab İlham Əliyev bununla bölgədə yaranmış reallığı və onun qəbul edilməsinin qaçılmazlığını İrəvanın nəzərinə çatdırmış oldu.
Əlbəttə, bu layihənin icrası Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirməyə imkan verəcək. Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışında dediyi kimi, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır: “Azərbaycan Şərq–Qərb, Şimal–Cənub, Şimal–Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq – Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.
Beləliklə, əminliklə söyləmək olar ki, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən bütün marşrutlar sisteminə yeni nəfəs verəcək. Bu dəhlizlə, həmçinin Azərbaycan və İran Culfası arasında dəmir yolu xəttinin açılışı və İranın dəmir yollarına çıxış əldə olunacaq. Məlumdur ki, hazırda Türkiyədən yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu maşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti Türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq.
İstək eyni, yanaşma fərqlidir
Qərb Zəngəzur dəhlizindən Mərkəzi Asiya coğrafiyasına çıxış üçün istifadədə maraqlı olsa da, bu layihə bölgədə Rusiyaya da sərfəlidir. Daha doğrusu, Rusiya və Qərb nə qədər qarşıdurma vəziyyətində olsa da, hər iki tərəf Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm keçidlərdən biri kimi dəyərləndirilən Zəngəzur dəhlizi layihəsinin açılmasını istəyir. Sadəcə olaraq, burada yanaşma fərqlidir. Rusiya dəhlizin 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndinə uyğun açılmasında maraqlıdır. Yəni, Moskva özünün sərhəd və gömrük xidmətlərini bura yerləşdirməyi, dəhlizə tam nəzarəti və gəlir əldə etməyi hədəfləyir.
Fəqət, Qərb Rusiyanın bu strateji və gəlirli yola nəzarət etməsini istəmədiyi üçün onun Ermənistanın nəzarətində olmasına çalışır. Son vaxtlar Paşinyan hakimiyyətinin özünün pik həddinə çatmış anti-Rusiya mövqeyini, Qərbə maksimum yaxınlaşmasını nəzərə alan siyasi ekspertlər bunun Ermənistan üçün mənfi nəticələri barədə proqnozlar verirlər. Hayastan ictimaiyyətində də bu rəyi formalaşdırmağa cəhdlər edilir.
Bakı üçün əsas məsələ Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun şəkildə açılması – Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsidir. Bölgədə son proseslərin məhz bu istiqamətində getdiyi aydın görünür. Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin 2024-cü ildə fəaliyyətə başlayacağı barədə müjdəni “Azərbaycan Dəmir Yolları” (ADY) QSC verdi. Qurumdan verilən məlumata görə, Füzuli–Ağbənd dəmir yolu xəttinin 60 faizindən çoxu artıq hazırdır. Üç ildən az müddət ərzində multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib. Dəhliz boyu 3 tunel, 10-dan çox körpü və 9 dəmir yolu stansiyası inşa ediləcək. Türkiyə şirkətləri tərəfindən Həkəri çayı üzərindən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda yekunlaşaraq istifadə üçün hazır olacaq.
Oxuculara xatırladaq ki, keçən həftə Şərqi Zəngəzur dəhlizi adlandırılan, Araz çayının sol sahili boyunca Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat kommunikasiyalarının Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib. İran Yollar və Şəhərsalma naziri Mehrdad Bəzrpaşın və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin iştirak etdiyi mərasimdə Horadiz – Ağbənd dəmir yolunu və çoxzolaqlı avtomobil yolunu İrana birləşdirmək üçün Araz çayı üzərindən salınacaq yeni dəmiryolu və avtomobil yolu körpüsünün təməli qoyulub. Qalır yaxın gələcəkdə bu yolu dəhlizə çevirmək məsələsi. Amma bir il ərzində inşası yekunlaşacaq bu yolla vətəndaşımız Bakıda avtomobilinə əyləşib birbaşa qardaş Türkiyəyə gedəcəksə, bu, rəsmi Bakının hədəfə çatması demək olacaq.
Zaur MƏMMƏDOV,
politoloq
Cənubi Qafqaz regionunun ən böyük layihələrindən biri olacaq, eləcə də, Avrasiyanın əsas nəqliyyat qovşağına çevriləcək Zəngəzur dəhlizinin reallaşması istiqamətində mühüm işlər aparılır. Amma bu layihənin reallaşmasına Ermənistanın əngəl yaratdığı da heç kimə sirr deyil. Buna baxmayaraq, Azərbaycan və Türkiyə liderləri öz çıxışlarında Zəngəzur dəhlizinin mütləq açılacağını və bunun regionun inkişafına böyük töhfə verəcəyini dəfələrlə vurğulayıblar. Hazırda dəhlizin nə zaman açılacağı ən çox müzakirə edilən mövzular sırasında yer almaqdadır.
Bu, təkcə Naxçıvanı Azərbaycanla birləşdirən bir xətt olmayacaq. Dəhliz iki yüz ildən sonra Avrasiyanın mərkəzində yeni kommunikasiya qovşağına çevriləcək. Bu da siyasi-iqtisadi, humanitar və mədəni cəhətdən böyük önəm daşıyır. Şübhəsiz ki, region ölkələri arasında baş verən proseslər Zəngəzur dəhlizinin açılmasına öz təsirini göstərir. İlkin mərhələdə dəmir yolu xəttinin açılaması ilə bağlı məsələ müzakirə olunur. Biz bilirik ki, Ermənistanın dəmir yolu xətti, bütövlükdə, Rusiyaya aiddir. Eyni zamanda, bu xətt hazırda işlək vəziyyətdə deyil. Ona görə də bu məsələ, istər-istəməz, müəyyən qədər vaxt aparacaq. Amma önəmli olan odur ki, Zəngəzur dəhlizi və sülh müqaviləsi məsələsi ayrıca müzakirə edilir.
İmran BƏDİRXANLI
XQ