Siyasi varislikdən milli liderliyə doğru

post-img

Ümumiyyətlə, “siyasi lider” an­layışının müxtəlif aspektləri möv­cuddur. Bura “adi siyasi liderlik”, “milli liderlik”, “ümummilli liderlik” və digər anlamlar daxildir. Mahiy­yətcə siyasi liderliyin hər bir növü olduqca çətin fəaliyyətdir. Çağdaş tarixi mərhələdə müstəqil dövlət quruculuğu prosesi kontekstində isə “milli lider”, “ümummilli lider” anlayışları özəl fəlsəfi, siyasi-nəzəri və praktiki məzmun kəsb edir. 

Bu məsələnin politoloji və fəlsəfi izah­ları bir-birindən fərqlənə bilər. Biz burada liderliyə BMT-nin sənədlərində ifadəsi­ni tapmış konkret tezislər prizmasında baxmağa çalışacağıq. BMT-nin sənəd­lərində “millət” anlayışı “vətəndaş dövləti toplumu” anlayışı ilə sinonim kimi işlədilir. Bu mənada, insanlar millət olmağı eyni bir dövlətə mənsubluğu ilə identifikasiya edirlər. Politoloqların fikrincə, bu səbəb­dən müasir mərhələdə “dövlət millətçiliyi” anlayışına daha çox fikir verilir və vətən­daşın şüurunda “dövlət – millət” və “milli lider” anlayışları bir-birinin davamı kimi dərk edilir.

Dövlətçilik və cəmiyyətin mövcudluğu üçün fundamental sayıla biləcək iki anla­yışın – “millət” və “lider” anlayışlarının va­hid bir anlamda birləşməsi çox maraqlı və əhəmiyyətli hadisədir. Bu, o deməkdir ki, müasir mərhələdə müstəqil dövlətdə siya­si liderin milli lider olması mühüm şərtdir. Təcrübə göstərir ki, heç də hər bir siyasi lider milli lider səviyyəsinə yüksələ bilmir. Çünki milli liderliyin mühüm şərtlərindən biri ölkənin perspektivli və inandırıcı inki­şaf kursunu topluma təklif etmək qabiliy­yəti ilə sıx bağlıdır. Əgər lider həqiqətən millidirsə, o, dövlət başçısı olaraq dövlət institutlarının fəaliyyətini milli maraqların təmini kontekstində qurur və eyni zaman­da, dövlətçiliyin inkişafına, toplumun təh­lükəsizliyinin və rifahının təmininə xidmət edən siyasət həyata keçirir.

Daha zəkavi, uzaqgörən, iradəli və yüksək mənəvi keyfiyyətlərə malik milli liderlər isə ümummilli liderlik səviyyəsinə yüksələ bilirlər. Nümunə kimi Mustafa Kamal Atatürkü, Mahatma Qandini, Şarl de Qollu, Heydər Əliyevi və başqalarını göstərə bilərik. 

Eyni zamanda, ümummilli liderliyin fəlsəfi və politoloji meyarlarını tam müəy­yən etmək çox çətindir. Hətta XX əsrin görkəmli politoloqlarından olan J.Blondel etiraf etmişdir ki, bu vəzifənin öhdəsin­dən gəlinməmişdir. 

Burada vəziyyəti mürəkkəbləşdirən məsələlərdən biri hər bir toplumun özünəməxsus liderlik anlayışının möv­cudluğu və həmin əsasda “uğurlu lider kimdir” sualına birmənalı cavabın olma­ması ilə bağlıdır. Məsələn, ABŞ prezi­dentləri ilə işləmiş politoloq A.Braun yazır ki, Qərbdə “güclü lider” anlayışı haqqında aydın fikir yoxdur. O, D.Trampın bir sıra dairələr tərəfindən “güclü lider” adlandı­rılmasının meydana gətirdiyi ziddiyyətlər haqqında geniş yazmışdır. 

Məhz bütün bu kimi özəlliklərə görə, çağdaş politologiyada “lider”, “milli lider”, “ümummilli lider”, “uğurlu lider” anlayışla­rının fərqli izahına rast gəlinir. Məsələn, K.Hockinson, S. və T.Kuçmarskilər, Q.Feyrholm, M.Berns, İ.Adizes, B.Keller­man, Y.V.Kudryaşova və digər tədqiqat­çılar liderliyi təhlil etmişlər və bu proses davam edir.

Müasir fəlsəfə və politologiyada li­derlik haqqında mövcud olan fikirlərin vurğuladığımız qisminin işığında Azər­baycan Prezidenti İlham Əliyevin 20 illik dövlət başçısı və liderlik fəaliyyətinin po­litoloji dərki olduqca maraqlı və əhəmiy­yətli qənaətlər əldə etməyə imkan verir. İlham Əliyev çox ciddi, arxivacib fəaliyyət göstərir və bu, əsaslı, ciddi və müasir fəlsəfi-elmi yanaşma prizmasında təhlil tələb edir. 

“Bir millət, iki dövlət” formulu, siyasi varislik və XXI əsrin çağırışları

“Bir millət, iki dövlət” formulu dərin si­yasi, fəlsəfi, ideoloji və kulturoloji anlamı olan qiymətli kəlamdır. Ulu öndər Heydər Əliyev faktiki olaraq çağdaş şərtlər daxi­lində Azərbaycanda uğurlu müstəqil döv­lət quruculuğunun strateji yollarını müəy­yən etmiş və onu eksklüziv olaraq (yəni, eyni zamanda, konseptini hazırlamış və onu praktiki həyata keçirmişdir) reallaş­dırmışdır. Heydər Əliyev “Bir millət, iki dövlət” formulunu ideyadan konseptə (özündə innovativliyi daşıyan anlayış statusunda) və ondan da konsepsiyaya (özündə sistemli olaraq nəzəri və prak­tiki reallaşdırma keyfiyyətini sintez edən əhatəli biliklər toplusu) mükəmməl şəkil­də yüksəltmişdir. 

İlham Əliyev isə müstəqil demokra­tik (bu anda Azərbaycan Respublikası) dövlət quruculuğunun Heydər Əliyev mənasında dərk edilən strateji kursunu siyasi varislik prinsipi çərçivəsində, “Bir millət, iki dövlət” formulu əsasında XXI əsrin çağırışları fonunda böyük uğurla inkişaf etdirmişdir. Son 20 ildə Azərbay­can Prezidentinin göstərdiyi bu fəlsəfi, siyasi-nəzəri, praktiki idarəetmə və dip­lomatik fəaliyyətini, obrazlı olaraq, “yeni milli liderlikdən yeni ümummilli liderliyə yüksəliş yolu” kimi xarakterizə edə bilə­rik! Təbii ki, məsələnin bu tərəfi hələ çox araşdırılmalıdır və biz burada imkan daxilində yalnız vacib saydığımız bir sıra məqamlara toxunmağa çalışacağıq. 

Geosiyasi təlatümlər: inkişafın anatomiyası

2003-cü ildə Azərbaycan Respublika­sının Prezidenti seçilməsinə həsr edilmiş andiçmə mərasimində İlham Əliyev çox ciddi vədlər vermişdir. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Azərbaycan Respublikasını yüksək inki­şaf səviyyəsinə çatdıracağını, milli döv­lətçiliyin inkişafını, insanların rifah halını yaxşılaşdıracağını, ərazi bütövlüyünün təminatını, enerji strategiyasının uğurla davam etdiriləcəyini həlli vacib vəzifələr kimi qarşıya qoymuşdu. 

XXI əsrin mürəkkəb, turbulentli zid­diyyətlərlə dolu və sürətlə dəyişən geo­siyasi reallığı fonunda, bəlkə də, dünya liderləri arasında həmin vədlərə inanma­yanlar vardı. Doğrudan da, olduqca çətin vəzifələrdir. Lakin məşhur kəlamlardan birində deyildiyi kimi, əsl lider arzuladığı­nı reallaşdıra biləndir. İlham Əliyev 20 ilin hər bir günündə bu deyimin doğruluğunu sübut etmişdir. Bunun üçün Azərbaycan Prezidenti XXI əsrin tələblərinə uyğun yeni liderlik nümunəsi yaratmalı idi. O, bunu böyük uğurla bacardı! Avrasiya mə­kanında yeni lider nümunəsinin yaradıcı­sı məhz İlham Əliyev oldu!

Tarixi baxımdan qısa müddətdə Azər­baycanda sosial-iqtisadi yüksəliş yeni di­namika aldı. Həyatın bütün sferaları üzrə konkret nəticələr əldə edildi. Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirdi. Bu prosesdə Heydər Əliyevin neft strategi­yasının dinamik inkişaf etdirilməsi ayrıca əhəmiyyət kəsb etdi. 

İndi mütəxəssislər vurğulayırlar ki, neft strategiyası bütün maneələrə və çə­tinliklərə baxmayaraq, Azərbaycan büdcəsinə külli miqdarda vəsait gətirməyə imkan verdi. Ən əsası isə İlham Əliyev həmin vəsaitin səmərəli şəkildə Azərbay­canın inkişafına sərf olunmasını təmin etdi. Sosial-iqtisadi və idarəetmə sfera­larında inkişafla yanaşı, ordu quruculuğu üçün maksimum səy göstərildi. Azərbay­can sürətlə ordusunu yeniləşdirir, onun maddi-texniki bazasını inkişaf etdirir, ən müasir silahlarla təchiz edirdi. Bun­lar sakit, reklam edilmədən və davamlı olaraq aparılırdı. Bu, İlham Əliyevin milli lider kimi böyük bacarığı və qabiliyyəti sayəsində baş verib.

Prezidentin 2003-cü ildən başlaya­raq həyata keçirdiyi siyasətdə yuxarıda vurğulanan vacib məqamların fonunda Azərbaycanın yeni geosiyasi, mədəni-ideoloji, diplomatik dəyərlər yaratması xüsusi qeyd edilməlidir. “Bakı prosesi” faktiki olaraq, Azərbaycan Prezidentinin yaratdığı yeni geosiyasi dəyərdir. Mədə­niyyət və ideologiya sahəsində multikul­turalizmin Azərbaycan modelinin daxili və xarici siyasətdə konkret məzmun kəsb etməsi yeni kültür dəyəridir. İlham Əliye­vin ikitərəfli, regional və qlobal miqyaslar­da müxtəlif əməkdaşlıq formatlarını təklif etməsi və onları reallaşdırması yeni dip­lomatik dəyərdir. Bu təşəbbüslərin sayə­sində Azərbaycan regional liderliyə nail oldu və eyni zamanda, qlobal miqyasda söz sahibinə çevrildi. Bu prosesdə çox vacib bir faktoru İlham Əliyevin aktuallaş­dırması və reaktuallaşdırması (davamlı həyata keçən prosesə çevrilməsi) mütləq vurğulanmalıdır.

Biz İlham Əliyevin bütün maneələrə və ətrafda baş verən ziddiyətli, riskli ge­osiyasi proseslərə rəğmən enerji stra­tegiyasını yüksək səmərəliliklə həyata keçirməsini nəzərdə tuturuq. 2008-ci ildə Gürcüstanda yaranmış müharibə, 2013–2014-cü ildə Ukraynadakı enerji böhranının fonunda Azərbaycan qətiy­yətlə və təhlükəsiz şəkildə enerji strate­giyasını reallaşdırmağı bacardı. Bunlarla yanaşı, Azərbaycan Prezidentinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində dövlətimizin müstəqilliyi kontekstində israrla davamlı olaraq yeni əməkdaşlıq paketi təklif etməsi ayrıca tarixi-siyasi və geosiyasi dəyərdir. Azər­baycan bununla Aİ-yə anlatdı ki, bizimlə yalnız bərabərhüquqlu tərəfdaş kimi da­nışa bilərsən. 

2023-cü ilin reallıqları işığında bu məsələyə baxanda bir daha İlham Əliye­vin yüksək səviyyədə lider və diplomat olduğuna tam əmin olursan. Azərbay­can Prezidenti faktiki olaraq Aİ-nin “yeni qonşuluq siyasəti” kursuna qarşılıq Azər­bacan öz xəttini qoydu və bunun daha ədalətli olduğunu sübut etdi. Azərbay­can öz qonşuluq siyasəti prizmasında regionun hər bir dövləti ilə konstruktiv əlaqələri inkişaf etdirməklə yanaşı, tə­cavüzkarın cilovlanmasına da nail oldu! Müasir tədqiqatçıların hər bir dövlət üçün “qonşuluq siyasəti”nin prioritet olduğu haqqında fikirlərinin işığında (məsələn, M.Langer, L.Y.Blyaxer,. V.T.Yunqblyüd, A.Karavayev və s. ) İlham Əliyevin XXI əsrdə Azərbaycanın “yeni qonşuluq si­yasəti” xəttinin banisi olduğu qənaətini ala bilərik. Tədqiqatçılar İlham Əliyevin bu nailliyyəti şəxsi keyfiyyətləri, o cümlə­dən, yüksək inandırma qabiliyyəti, diplo­matik məharət və ünsiyyətdə peşəkarlığı sayəsində əldə etdiyini vurğulayrlar. 

Böhranlı situasiyada uğurlu liderlik

Bütün bunlar pandemiya mərhələ­sində İlham Əliyevin müasir liderliyin nümunəsi olduğunun ciddi məntiqi əsa­sının mövcudluğundan xəbər verirdi. Doğrudan da həmin mərhələdə hətta dünyanın inkişaf etmiş ölkələrinin lider­ləri təmkinini, ədalətliliyini və humanitar­lığını saxlaya bilmədilər. Onlar pande­miyaya qarşı olan peyvəndlərin ədalətli şəkildə bölüşdürülməkdə və bu bəlaya qarşı mübarizədə qarşılıqlı yardımlaş­maya tam açıq olmaqda axsadılar. Ka­sıb ölkələrə az peyvənd qaldı, onlara yardımlar verilmədi və ya çox az verildi. 

Azərbaycan Prezidenti isə Qoşulma­ma Hərəkatı, Türk Dövlətləri Təşkilatı və BMT miqyaslarında davamlı olaraq bu hallara qarşı mübarizə apardı. Azərbay­can bir neçə ölkəyə yardım etdi. Pey­vəndlərin ədalətli paylanması istiqamə­tində İlham Əliyev təsirli addımlar atdı. Ayrıca, BMT-də xüsusi iclasın çağırılma­sına və bu məsələnin müzakirə edilmə­sinə nail oldu. Bununla da Azərbaycan Prezidenti xüsusi böhranlı situasiyada liderliyinin bütün cəhətləri ilə nümunə göstərdi. İlham Əliyev real olaraq siya­si ədaləti və humanitarlığı ilə yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Yeri gəlmişkən, onu da deyək ki, müasir araşdırmaçılar ümummilli liderliyin vacib şərtləri kimi xüsusi böhranlı situasiyada liderin yalnız milli deyil, həm də regional və qlobal miqyaslarda səmərəli fəaliyyət göstərə bilməsini və humanitar siyasət yeritməsini nəzərdə tuturlar. 

Proseslər göstərdi ki, Azərbaycan Prezidenti dövlətin uğurlu sosial-iqtisa­di, mədəni və təhlükəsiz inkişafını xü­susi böhranlı situasiyada da təmin edə bilmişdir. Bu, liderlik baxımından olduq­ca vacib məqamdır. Həm də ona görə ki, vurğulanan mərhələdə bütün dünya mürəkkəb çətinliklərlə, o cümlədən, kommunikasiya və maliyyə sferalarında, üzləşmişdi. Və ən inkişaf etmiş dövlətlər belə buna adekvat reaksiya verə bilmir­dilər. Azərbaycan isə davamlı şəkildə, dinamik inkişafını davam etdirdi. Hesab edirik ki, həmin özəllik İlham Əliyevin yeni milli liderlik nümunəsinin başlıca meyarlarından biridir.

Milli liderliyin kriteriyası

Yəqin ki, vurğulanan məqamla­rın prizmasında İlham Əliyevin yeni ümummilli liderlik nümunəsinə doğru yüksəlişinin bir sıra məntiqi və siyasi məqamlarını görmək mümkündür. On­lara akademik İsa Həbibbəylinin 2019-cu ildə “Azərbaycan” qəzetində dərc olunan məqaləsində ümummilli lider­liyin meyarları kimi liderliyin “miqyası” və “missiyası” anlayışları kontekstində baxmaq olar. Bununla biz ümummilli li­derliyin aşağıdakı politoloji meyarlarını müəyyən edə bilərik:

- Ümummilli lider toplumun hər bir üzvünün vətəndaş statusunda hüquqla­rının və təhlükəsizliyinin təminini millətin və dövlətin hüquq və təhlükəsizliyinin təmini ilə sıx surətdə uyğunlaşdıra bil­məlidir;

- Ümummilli lider fərdi və toplumsal inkişafı milli maraqlar aspektində təmin etməlidir;

- Ümummilli lider dövlətin ölkədaxili milli maraqlarla, ümumilikdə, milli ma­raqların sintezinin ifadəsi olan gələcək inkişafın strateji ümummilli ideyasına malik olmalıdır; 

- Ümummilli lider inkişafın strateji ümummilli ideyasını reallaşdırmağa qa­dir strateji zəkaya, siyasi-diplomatik mə­harətə, Vətən sevgisinə, müstəqil döv­lətçilik məfkurəsinə və yüksək iradəyə malik olmalıdır;

- Ümummilli lider dövlətçiliyin inkişaf strategiyasını davam etdirməyə qadir, dövrün tələblərinə tam uyğun və çevik fəaliyyət göstərə bilən yeni lider yetiş­dirə bilməli, ümummilli maraqlara cavab verən yeni liderlik məktəbi yaratmalıdır;

- Ümummilli lider milli liderlik masşta­bını aşan fəaliyyət sayəsində beynəlxalq inkişafa təsir edə bilən beynəlxalq nüfuz sahibi olmalıdır.

Böyük qayıdış

Bu tezislərin prizmasında öncə Bö­yük Qayıdışın fəlsəfi və siyasi anlamına baxaq. Azərbaycan Prezidentinin təq­dimatında Böyük Qayıdış azərbaycan­lıların Qarabağa (daha geniş mənada, deportasiya edildikləri bütün ərazilərə) fiziki qayıdışlarında ifadə olunan siya­si, ideoloji, kulturoloji, tarixi və mənə­vi-əxlaqi məna çalarlarının sintezidir. Bu baxımdan, Böyük Qayıdış, həm də, Azər­baycan dövlətçiliyinin möhtəşəmliyinin, əbədiliyinin və daim inkişafda olmasının rəmzi ifadələrindən biridir. 

Böyük Qayıdışın başqa bir anlam ça­ları, ümumiyyətlə, Azərbaycanın ölkə kimi və azərbaycanlıların toplum olaraq öz kimliklərinə, “sən özünə qayıdanda böyük olursan” kəlamı kontekstində qayıdışıdır. Bu tezis qədim Şərq fəlsəfəsinin başlıca fikirlərindən biridir. Aristotelin fəlsəfəsində hər hansı obyektin öztəkamülü nəticəsin­də tamlaşması, mükəmməlləşməsi həm də onun rahatlanması, bütövləşməsi, təkmilləşməsi, tərəqqisi, özünü tapması kimi dərk edilir. Bunu böyük yunan filosofu “Politika” əsərində dövlətin formalaşması nümunəsində gözəl izah edir. 

Nəhayət, bunu ulu öndərin Böyük Qayıdışı kontekstində rəmzi olaraq anla­ya bilərik. Yəni indi Azərbaycanın toplum olaraq qürurla həyata keçirdiyi doğma yurd yerlərinə qayıdışının siyasi təməlin­də Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə xalqın tələbi ilə qayıdı­şı dayanır! Bu iki faktorun nəzəri və siyasi müqayisəsinə ehtiyac vardır. 

Böyük millət quruculuğu

Böyük millət quruculuğu strateji kon­septdir. Biz artıq bu anlayış haqqında “konsept” ifadəsini işlədə bilərik. Çünki Prezident, bizcə, bu terminlə toplumun inkişafında sosial-mədəni, psixoloji, ide­oloji, yaradıcı və digər yeniliyin (innova­tivliyin) nəzəri ilə yanaşı, həm də praktiki tətbiqi mərhələsinin başladığını ifadə edir. Daha ümumi formada dövlət baş­çısı “XXI əsrin kreativ milləti” tezisini irəli sürmüşdür. Məhz həmin kontekstdə də İlham Əliyevin “intellekt milli sərvətdir” tezisinin fəlsəfi və siyasi anlamını dərk etmək gərəkdir. 

Bu konseptin reallaşmasının bir sıra əlamətləri vardır. Onlar siyasi-hüquqi müstəvidə ölkənin strateji inkişaf kursu ilə bağlı qəbul edilən bir sıra sənədlərdə konkret əksini tapmışdır. Nümunə kimi, “2021‒2025-ci illərdə sosial-iqtisadi inki­şaf Strategiyası”, “Azərbaycan 2030: so­sial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və s. sənədləri göstərə bilərik. 

Bunlardan başqa, həyata keçirilən bir sıra nəqliyyat-loqistika, enerji, texnoloji layihələri vurğulamaq gərəkdir. Həmin layihələr geniş geosiyasi məkanı əhatə etməklə yanaşı, yeni texnologiyaların tətbiqi sayəsində insan kapitalının sürətli inkişafına hesablanmışdır. 

Nəhayət, Böyük millət quruculuğu toplumun yaradıcı (kreativ) potensialını artırmaqla yanaşı, onun praktiki reallaş­ması üçün lazımi şəraitin yaradılması ilə sıx bağlıdır. Bu aspektdə Böyük millət, həm də, öz hüququnu təmin etməyi ba­caran, dünyanın bütün regionlarında ya­şayan azərbaycanlıların vahid Vətən və millət ideyası ətrafında sıx birliyini təmin etməyi nəzərdə tutur.

Deməli, Böyük millət quruculuğu et­nik aspekti nəzərdə tutmur (bu məsələ həllini tapmışdır – Azərbaycan türk döv­lətidir). Burada başlıca qayə Azərbaycan toplumunun siyasi, mədəni, sosial-iqtisa­di, mənəvi-əxlaqi sistem olaraq davamlı, müasir, qabaqcıl tərəqqisini davamlı edə biləcək məcraya yönəltməkdən ibarətdir. Azərbaycanı müstəqil dövlət və toplum olaraq dünyanın ən inkişaf etmiş ölkələri kateqoriyasına yüksəltməkdir!

***

Beləliklə, İlham Əliyevin yeni ümum­milli liderliyə doğru inamlı addımlar atdı­ğına tam əmin oluruq. Bir qədər obrazlı ifadə etsək, İlham Əliyev Yeni respublika yaradır. Xronoloji olaraq, onu şərti “5-ci Respublika” kimi təsəvvür etmək olar. Bu kontekstdə 1-ci Respublika AXC, ikinci Azərbaycan SSR, üçüncü Elçibəy dövrü, dördüncü Heydər Əliyevin inşa etdiyi res­publika və beşinci İlham Əliyevin Heydər Əliyevin dövlət quruculuğu konsepsiya­sını XXI əsrin çağırışlarına uyğunlaşdı­raraq, sürətlə inkişaf edən, ərazi bütöv­lüyünü bərpa etmiş, regional və qlobal əmədaşlıq formatlarının təşəbbüskarı, Cənubi Qafqazın lideri, multikultural, de­mokratik və geniş inkişaf potensialına malik, yüksək texnologiyalar əsasında “yaşıl iqtisadiyyat”ı hədəfləmiş Azərbay­can Respublikası! Yeni Respublikanı yeni ümummilli lider yaradır! Sonrakı mərhələdə Azərbaycanın yeni ümummil­li lideri kimi Prezidentimizi daha böyük zəfərlər gözləyir!

 

Füzuli Qurbanov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru





Siyasət