AŞPA-nın payız sessiyasında ölkəmizin uğuru

post-img

Azərbaycanlı deputatın məruzəsi əsasında hazırlanmış qətnamə layihəsi qəbul edilib

Avropa Şurası Parlament Assambleyasının 2-ci plenar iclası Avropa Şurasının (AŞ) Baş katibi Mariya Buriçin parlamentarilərin suallarını cavablandırması ilə başlayıb. 

Sonra AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun məruzəsi əsasında hazırlanmış “İfrat sağçı ideologiya: Avropada demokratiya və insan haqları üçün çağırışlar” adlı qətnamə layihəsinin müzakirəsi olub. Məruzəçi Parlament Assambleyasını Avropada demokratiya və insan haqlarının qorunmasına və gücləndirilməsinə töhfə verməyə və bu qətnaməni qəbul etməyə çağırıb. O bildirib ki, ifrat sağçı ekstremizm ksenofobiya, antisemitizm, islamofobiya və cəmiyyətlərimiz üçün ciddi təhlükə yaradan digər zorakılıq növləridir. İfrat sağçı ekstremizm Avropa ölkələrində sürətlə artan təhlükələrdən biridir. 

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qətnamə layihəsinin müzakirəsi zamanı çıxış edərək bildirib ki, belə mürəkkəb və çox həssas mövzu ilə bağlı son dərəcə balanslaşdırılmış, məntiqli, məzmunlu bir məruzə hazırlanıb. Müəllif illərcə bu problemi izləmiş və onun müxtəlif aspektləri ilə əlaqədar müşahidələr aparmışdır. Məruzə demokratik dəyərləri, insan haqlarını, qanunun aliliyini ayrı-ayrı ifratçı ideologiyaların zərərli təzyiq və təhdidlərindən qorumaq istiqamətində səyləri artırmağa həsr edilib. Bu məruzə Avropa Şurasının özünü qorumaq yolunda daha bir əhəmiyyətli təşəbbüs sayılmalıdır. 

Azərbaycanlı deputat bildirib ki, ifrat sağçı ekstremizm, bütövlükdə, dünya, ölkələrdə demokratik təsisatların ahəngdar inkişafına arzuolunmaz maneələrdir. Məruzə dünyamızın ləyaqətli yaşayış məkanı olmasına ziyan vura biləcək təmayüllərdən necə qurtulmağın yollarını göstərir. 

Qətnamə layihəsinin müzakirələri zamanı erməni deputatlar həmişə olduğu kimi, destruktiv mövqelərini yenə nümayiş etdiriblər. Onlar ifrat sağçı ekstremistdən də aşırı danışıblar. 

Avropalı parlamentarilər qətnamə layihəsinin mövzusunun vacibliyini vurğulayıblar. Qətnamə layihəsi müzakirə olunduqdan sonra səsə qoyularaq qəbul edilib. 

Plenar iclas Fransanın Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsi ilə bağlı məruzənin müzakirəsi ilə işini davam etdirib.

XQ

 



Siyasət