HƏMAS – İsrail qarşıdurması: zorakılıqlar davam edir

post-img

Bu günlər HƏMAS ilə İsrail arasında son onillərin ən ağır və  amansız silahlı qarşıdurması baş verir. Fələstin yaraqlılarının qurudan, havadan və dənizdən minlərlə raket zərbələri ilə qəfil hücuma başladıqları oktyabrın 7-dən ötən dörd gün ərzində İsraildə ölənlərin sayı 900-ə çatıb. 

Nüfuzlu “Haaretz” nəşri yazıb ki, İsrail ordusu HƏMAS-ın kütləvi hücumu ilə başlayan müharibədə indiyə qədər 123 hərbçi itirb. Yaralıların sayı 2616 nəfərə çatıb. Məlumata görə, hazırda HƏMAS-ın əlində hərbçi və mülki israillilərdən ibarət 100-dən çox girov var.

İsrailli jurnalistlər qeyd edirlər ki, HƏMAS-ın gözlənilməz hücumu ilk saatlar və günlər ərzində İsrail əhalisi arasında dəhşətli qorxu və şok effekti yaratsa da, cəmiyyət artıq dövlətin ətrafında konsolidə olunur və ölkə ictimaiyyəti, bütövlükdə, güclü həmrəylik nümayiş etdirir. 

İsrail sakinləri hazırda qəfil hücum zamanı ağlasığmaz zorakılıqlar törədən HƏMAS yaraqlılarının layiqli cəzalandırılmasını tələb edirlər. İsrail hökuməti və hərbçiləri də bunun fərqindədirlər. Bu məqsədlə HƏMAS-a qarşı antiterror tədbirləri genişləndirilir.  

Son məlumatlara görə, İsrail ordusunun (ÇAXAL) “Dəmir qılınclar” əməliyyatına başlamasından bəri İsrail ərazisində məhv edilən HƏMAS silahlılarının sayı 1500-ə çatıb. Bu barədə “Sky News” telekanalı İsrail ordusunun rəsmisinə istinadla məlumat yayıb. 

İsrail rəsmiləri oktyabrın 9-u günortadan sonra iki gün öncə HƏMAS hücumuna məruz qalan şəhərlərə nəzarəti bərpa etdiklərini bildiriblər. BBC müxbiri hadisə yerindən yazır ki, İsraillə arasında daim gərginlik yaşanan HƏMAS Qəzza zolağına nəzarət edən fələstinli radikal silahlı qrupdur. Qrupuun rəhbərliyi İsraili məhv etməyə and içib və 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra İsraillə bir neçə dəfə müharibə aparıb.

Bütövlükdə, HƏMAS İsrail, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya, eləcə də digər dövlətlər tərəfindən terror qruplaşması kimi tanınır. Məlumat üçün bildirək ki, Qəzza zolağı İsrail, Misir və Aralıq dənizi arasında uzunluğu 41 kilometr və eni təxminən 10 kilometr olan kiçik ərazidir. Dünyada ən yüksək əhali sıxlığına malik yerlərdən biridir. Belə ki, burada 2,3 milyon insanın yaşadığı bildirilir. Sakinlərin maddi durumu bərbad gündədir. İşsizlik baş alıb gedir. BMT-nin məlumatına görə, Qəzza əhalisinin, təxminən, 80 faizi beynəlxalq yardımlar hesabına dolanır. Xatırladaq ki, son hadisəyə qədər İsrail Qəzzanı pulsuz elektrik enerjisi ilə təmin edirdi.

İsrail hərbçiləri son illər Qəzzaya, eləcə də onun sahilləri üzərindəki hava məkanına nəzarət edir və sərhəd keçid məntəqələrindən kimin və hansı malların daxil olub-olmamasına məhdudiyyət qoyur. Eyni zamanda, Misir də Qəzza ilə sərhədindən kimin girib-çıxmasına nəzarət edir. 

HƏMAS-ın İsrailə hücumundan sonra Qəzzada vəziyyət kəskin pisləşib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza zolağı ilə sərhəddəki bütün yaşayış məntəqələrinə nəzarətin bərpa olunduğunu bəyan edib. Onun sözlərinə görə, son bir neçə saat ərzində qoşunlarla HƏMAS yaraqlıları arasında toqquşmaların sayı əvvəlki günlərə nisbətən az olub.

D.Haqari onu da qeyd edib ki, artıq heç bir yerdə silahlı toqquşmalar getməsə da, yaraqlıların hələ də İsrail ərazisində olmaları istisna edilmir. İsrail Müdafiə Qüvvələri, həmçinin Fələstinin hava qüvvələrinin sərhəd yaxınlığında yerləşən Qvaram kibbutzuna (İsraildə kollektiv icma növü) yaraqlıların növbəti sızma ehtimalı barədə xəbərdarlıq edib.

Dünən sutka ərzində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qəzza zolağındakı hədəflərinə zərbələr endirməyə davam etdiyini bildirib. Xüsusilə, oktybarın 10-u axşam saatlarına olan məlumatlara əsasən, silah anbarı və HƏMAS liderlərinin istifadə etdiyi tunel girişinə zərbələr endirilib.

Bundan əlavə, “İslami cihad” terror təşkilatının Zeytun rayonundakı məsciddə yerləşən əməliyyat qərargahı və HƏMAS terror təşkilatının Xan Yunisdəki qərargahı da hücuma məruz qalıb. O cümlədən, HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə keçməyə cəhd edən avtomobilinə də havadan zərbə endirdiyi bildirilir.

İsrail Hərbi Hava Qüvvələrinin vurduğu hədəflər arasında bir neçə komanda məntəqəsi, HƏMAS yaraqlılarının yerləşdiyi bina, Hərbi Dəniz Komandanlığı Mərkəzi və digər obyektlər var. Zərbələrə cavab olaraq HƏMAS yaraqlıları İsrailin bombardmanları nəticəsində əsir düşmüş məhbusların həlak olduğunu iddia ediblər.

HƏMAS–İsrail müharibəsi başlanandan xarici vətəndaşlar arasında ölən və yaralananların sayının artdığı bəlli olub. Dünən daha iki Fransa vətəndaşının cəsədləri tapılıb. ABŞ Dövlət Departamenti qarşıdurma zamanı ölənlər arasında 9 amerikalının olduğunu, digər ABŞ vətəndaşlarından isə heç bir xəbər alınmadığını bildirib.

Bu günlərdə diplomatların da işləri başlarından aşır. İsrail rəsmiləri mütəmadi olaraq dünyanın güc mərkəzlərinin təmsilçiləri ilə əlaqə saxlayırlar. Dünən ABŞ dövlət katibi Antoni Blinken telefonla İsrailin xarici işlər naziri Eli Koenlə danışıb. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, diplomatlar ABŞ-ın İsrailə dəstəyini müzakirə ediblər. A.Blinken bütün girovların dərhal azad edilməsi üçün Vaşinqtonun səylərini davam etdirəcəyini söyləyib.

Bu günlərdə ölkə mətbuatında Azərbaycanın təcavüzə məruz qalmış İsrail xalqı ilə həmrəylik nümayiş etdirdiyi barədə xəbərlər dərc olunur. İsrail vətəndaşları çətin gündə əsl dost köməyinə görə minnətdarlıq edirlər. 

Məsaim ABDULLAYEV 
XQ

 

 

Dünya