Azərbaycan və Gürcüstanın təkcə qonşu və dost deyil, həm də strateji tərəfdaşdır

post-img

Əsrlər boyu Cənubi Qafqaz regionunda dinc şəkildə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi, mədəni əlaqələr, iqtisadi-ticari münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu dostluğa köklənib.

Bu sözləri XQ-yə Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məzahir Əfəndiyev deyib.

İki ölkənin xalqları arasında dostluq əlaqələrinin dərin tarixi kökləri olduğunu diqqətə çatdıran deputat əlavə edib: “İndiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizə qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir.

Hər zaman qonşuluğumuzda olan və tarixin ən mürəkkəb anlarında bir-birinə əl tutan bu iki dövlətin bütün sahələrdə əməkdaşlığının qarşılıqlı faydalı şəkildə inkişafını müşahidə etmişik. Bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

Dövlətimizin başçısı İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də vurğuladığı kimi, sovet dönəmində Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğu məhz Azərbaycan-Gürcüstan münasibətlərinin bariz nümunəsi idi”.

M.Əfəndiyevin sözlərinə görə, müstəqilliyini əldə etdikdən sonra hər iki xalqın əvəzolunmaz liderlərinin dövlət quruculuğuna və ölkə müstəqilliyinin möhkəmlənməsinə yönəlik birgə fəaliyyəti bugünkü münasibətləri nəinki daha da inkişaf etdirir, eləcə də bu gün Cənubi Qafqazın ictimai-siyasi həyatında yeni üfüqlərin, habelə xalqların rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

Bu gün keçirilən ənənəvi görüşlər Azərbaycanla Gürcüstanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə şərait yaradır. Bu, Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri arasında keçirilən görüşlərin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb.

“Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasına sayca 11-ci səfəri qardaş Gürcüstan xalqına, eyni zamanda, Gürcüstan hökumətinin siyasi hakimiyyətinə göstərilən davamlı diqqətin və qardaşlığın növbəti təzahürü idi. Dövlətimizin başçısı səfər çərçivəsində keçirdiyi görüşdə, habelə mətbuat qarşısında etdiyi çıxışda da Cənubi Qafqazda sülhün tam bərqərar olunması üçün artıq bütün imkanların olduğunu dedi və bu tarixi fürsətdən region xalqlarının istifadəsinin vacibliyini bildirərək dedi: “Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq... Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq”.

Eyni zamanda, Prezident İlham Əliyev Gürcüstan hökuməti tərəfindən Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək diqqəti qeyd etməklə, Azərbaycanın regionda bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın yaranacağına ümidvar olduğunu bildirdi, ölkəmizin bu istiqamətdə bütün tədbirləri həyata keçirdiyini xüsusi olaraq vurğuladı.

Otuz ildən sonra Azərbaycan torpaqlarını işğaldan azad edən Ordumuz bu gün Cənubi Qafqazın hər üç subyektinin yeni siyasi düzəndə, müasir çağırışlar əsasında birgə gələcəyi təmin etmək kimi tarixi missiyasını düzgün dəyərləndirir və tam təhlükəsiz, xoşbəxt, rifahlı həyatın Cənubi Qafqazda çiçəklənməsinə nail olacaqdır”, - deyə deputat vurğulayıb.

Anar ƏLİ,

XQ

Siyasət