RF XİN: Rusiya Zəngəzur dəhlizinin yaradılması üzrə razılıq əldə olunmasında Azərbaycan və Ermənistana fəal köməklik edir

post-img

Moskva bu il oktyabrın 12-də Bişkəkdə MDB-nin sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi imkanını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə RBK agentliyinə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. O deyib: “Bu il oktyabrın 12-də Bişkəkdə MDB-nin sammiti çərçivəsində xarici işlər nazirləri səviyyəsində bu diskussiyaların aparılması imkanını nəzərdən keçiririk. Artıq Azərbaycan tərəfi prinsipial razılıq verib. Hesab edirik ki, erməni tərəfi də bu məsələyə məsuliyyətlə yanacaq və həmin danışıqlarda iştirak etməyə razılıq verəcək”.

Nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması mövzusuna toxunan nazir müavini qeyd edib ki, iyunun 2-də keçirilmiş üçtərəfli işçi qrupunun iclasında tərəflər nəqliyyat kommunikasiyalarının açılması istiqamətində nəzərəçarpacaq irəliləyiş olduğunu bildiriblər. Rusiya Zəngəzur dəhlizinin yaradılması üzrə razılıq əldə olunmasında Azərbaycan və Ermənistana fəal köməklik edir.

M.Qaluzin vurğulayıb: “Hesab edirik ki, bu razılaşma Cənubi Qafqazda ümumi sabitliyin mühüm amili olacaq, regionun bütün dövlətlərinin iqtisadi inkişafına kömək edəcək, çünki belə olan halda, Ermənistan nəqliyyat-logitika qovşağına çevrilmək imkanı əldə edəcək, həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya ilə nəqliyyat əlaqələrini möhkəmləndirəcək və genişləndirəcək. Azərbaycan ölkənin iki hissəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsini təmin etmək imkanına malik olacaq. Cənubi Qafqazda ümumi sabitlik isə gələcəkdə Ermənistan ilə Azərbaycan arasında etimadın əsaslarını möhkəmləndirməyə şərait yaradacaq. Beləliklə, bundan sonra da üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirmək əzmindəyik”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət