Torpaq əgər uğrunda ölən varsa, Vətəndir!

post-img

İmran HƏSƏNQALA
[email protected]

Dəmir sipərləri aşan şirürəkli oğullar

...Tarixi şəxsiyyətlərin dilindən çıxmış, vaxtına və məqamına tam ya­pışmış, yaxud bədii əsərlərdə işlənmiş xalq deyimləri sonradan geniş yayılaraq zərb-məsələ, aforizmə çevrilir. Misal olaraq, indi müəyyən işdə, yarışda asan uğur qazanan birisi təkəbbürlə “Gəldim, gördüm, qələbə çaldım” – deyir. Bu ifadəni ilk dəfə Qay Yuli Sezar işlədib. Bir-birinin ardınca məmləkətləri zəbt edən Roma imperatoru hər dəfə Senata qələbəsi barədə geniş hesabat yazırmış. Həmin qələbələr çoxalanda və adiləşəndə Sezar hesabatda cəmi üç söz işlədirmiş: “Gəldim, gördüm, qələbə çaldım” (“Veni, vidi, vici”). Deyilənlərə görə, hər qələbədən sonra Romaya zəfərlə daxil olan Sezarın zər-zibaya tu­tulmuş döyüş arabasının önündə əsgərlər böyük hərflərlə bu sözlərin yazıldığı plakatı aparırlarmış.

Yaxud Maksim Qorkinin “Şahin nəğməsi” əsərindən sonra “Sürün­mək üçün doğulanlar uça bilməz­lər” aforizmi dillərdə əzbər oldu. Müasir dövrümüzdə də bu aforizmi işlədəndə böyük rus yazıçısına is­tinad edir, məşhur əsərini xatırla­yırlar.

İstiqlal şairi Midhat Cemal Kun­tayın 

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa, Vətəndir!

misraları isə özündə Türkün yurd sevgisini, mehmetciyin dö­yüş əzmini təcəssüm etdirir. Böyük Turanın qapısına çevriləcək Azər­baycanın nər oğulları bunu üç il bundan əvvəl Qarabağı işğaldan azad edəndə, 15 gün öncə lokal antiterror tədbirində bütün çılpaq­lığı ilə sübuta yetirdilər. 

...İkinci Qarabağ savaşında fə­rarilərin sayı 12 minə çatmış hayla­rın silah-sursatını, hərbi texnikası­nı döyüş meydanında atıb qaçması heç kəsi təəccübləndirmədi. Çünki Azərbaycanın müzəffər ordusunun yurd sevgili, şir ürəkli əsgərləri qar­şısında heç zaman torpağı Vətənə çevirməyi bacarmamış bir qövmün gözüqıpıq törəmələri duruş gətirə bilməzdi və bilmədilər. 

Azərbaycan Müdafiə Nazirliyi Qarabağ bölgəsində keçirilən lo­kal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra düşmənin döyüş meydanında qoyub qaçdı­ğı və ordumuzun müsadirə etdiyi hərbi texnika, silah və sursatların statistikasını verir. Bakıdakı Hərbi Qənimətlər Parkındakı eksponat­ların sayını xeyli zənginləşdirəcək həmin silah-sursatın çoxu müasir döyüş vasitələridir. Amma əsgər, zabit ən mükəmməl silahdan, tex­nikadan yararlana bilməyəndə on­lar sadəcə metal yığınına dönür. 

Əgər sənin 2608 avtomatı sinəsinə sıxmağa, 5880 qumbara­nı əlinə götürməyə qadir şirürəkli Xudayarların, 5177 mərmini qur­ğuya daşıyacaq məğrur topçu Vüsalların, 31 tankı idarə edəcək polad biləkli Albertlərin yoxdursa, hərb meydanında nə işin var?!

“General olmağı arzulamayan əsgər əsgər deyil”. Bu aforizmin müəllifi Aleksandr Suvorov olub. Əlbəttə, döyüşməyi bacarmayan sıravi əsgər heç vaxt general rüt­bəsinə gedib çata bilməz. Bundan ötrü onun hərbi bilik və bacarığın­dan savayı, həm də yurd sevgisin­dən yoğrulmuş polad iradəsi, onu düşmənin üstünə aparan şir ürəyi və qurd ciyəri olmalıdır. 

...Silah və ürək. Metal və insan orqanının düz mütənasibliyindən rişələnən qəhrəmanlıq nümunəsi. Həmin silahları ən müxtəlif yerlər­də icad edə bilərlər, amma qurd ürəkli oğullar heç də hər yerdə do­ğulmur!

Siyasət