Qətnamələr icra olunub, separatizmin kökü kəsilib

post-img

30 ildən sonra BMT-nin Qarabağa gələn ekspertlərinin üzləşdiyi real mənzərə bundan ibarətdir

Əvvəlcədən xəbərdarlığı edilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağa səfərə dəvət etdi. Rəsmi Bakı BMT missiyasının Qarabağa səfər etməsindən qətiyyən narahat deyil. Əslində, şəffaflığını təmin etdiyimiz bu səfər indiki şəraitdə ölkəmiz üçün əlavə dividend deməkdir. Bu səfərin hüquqi bazası BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədidir (2021-2025). Səfər beynəlxalq qurumun Azərbaycandakı rezident-əlaqələndiricisinin himayəsi altında həyata keçirilir. Bu ərəfədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən ölkəmizdə akkreditə olunmuş BMT-nin rezident-əlaqələndirici ofisinin yaxın günlərdə Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğunu demişdi. 

Ədalətin bərpası üçün otuz il 

Otuz ildən sonra BMT missiyasının Qarabağa səfəri tamamilə yeni reallıq­lar fonunda baş verir. Ən azı onu qeyd etməliyik ki, bu, münaqişənin dinc yol­la həllinə dair dörd qətnaməsi və çox­saylı tövsiyəsi İrəvan tərəfindən icrası qulaqardına vurulan nüfuzlu qurumun üzləşəcəyi geosiyasi və humanitar mənzərədir. Prezident İlham Əliyev dünən Bakıda keçirilən 74-cü Bey­nəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında məhz bu amili xüsusi olaraq vurğuladı: “BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərt­siz çıxarılmasını tələb edirdi. Amma bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik. Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində po­zulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük huma­nitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq. Biz 3 il bundan əvvəl ərazilərimizi iş­ğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində su­verenliyimizi tam bərpa etdik”. 

Bir qədər əvvəl Azərbaycan Prezi­dentinin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC Nyus”a müsahibəsində Azərbaycanın bir neçə gün ərzində BMT-nin bey­nəlxalq ekspert qrupunu mediaya çıxış imkanı ilə əraziyə buraxmaq niyyətində olduğunu açıqlamışdı. Beynəlxalq eks­pertlərin səfəri Azərbaycanın hazırda regionda həyata keçirdiyi humanitar fəaliyyətlə tanış olmaq imkanını yarat­maqla yanaşı, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdirilir. Səfərin Bakıya qazandıracağı dividendlərdən biri də Ermənistanın “etnik təmizləmə”, ərazinin demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsi kimi iddialarının əsassız olduğunun sü­buta yetirilməsi olacaq.

Ermənistan ordusunun ərazimizdə qalan tör-töküntüsü bölgədən çıxarı­landan, separatçı rejim rəsmi olaraq özünü buraxandan, Xankəndidə se­paratçı rejimin əski parçası yığışdı­rılandan, Azərbaycan polisi şəhərdə fəaliyyətə başlayandan, təcili tibbi xid­mətin işi təşkil olunandan sonra BMT ekspertlərinin Qarabağda humanitar vəziyyət barədə hazırlayacaqları he­sabatda nə yazacaqları çox maraqlıdır.

BMT missiyasının heç də nə­zarət xarakteri daşımalı olmadığını bildirən tanınmış politoloq Fikrət Sadıxov onların real vəziyyətlə bağlı rəy verəcəkləri qənaətindədir: “Hə­min rəylər obyektiv və ədalətli olma­lıdır. Reallıq ondan ibarətdir ki, Azər­baycan erməni sakinlərin Xankəndidən könüllü şəkildə və dinc şəraitdə tərk etmələrinə maksimum şərait yaratdı. Onlara heç kəs təzyiq etməyib. Təbii ki, onların bəziləri xaricdə ölkəmizə qarşı şüarlar səsləndirəcək, bizi günahlandı­racaqlar. Amma, o, süni ajiotajdır. BMT isə öz hesabatında reallığı əks etdir­məlidir. Qarabağda nələr baş verib, biz nə etmişik və Bakı bundan sonra ora­da yaşayan ermənilərə necə və hansı qanunlar əsasında kömək göstərəcək. Bütün bunlar barədə beynəlxalq missi­yada səhih və dolğun məlumat olacaq”.

Bölgəyə göndərilən eksperlər qru­punun arxasında anti-Azərbaycan qü­vvələrin dayanması ehtimalını istisna etməyən F.Sadıxov bu halda onların missiyasının həmin dairələrin mənafe­yinə uyğun rəyin hazırlanması ilə nəti­cələnəcəyini dedi. 

Bakı dinc sakinlərlə sivil davranır

Azərbaycan hökumətinin hüquq və təhlükəsizliklərinə təminat vermələrinə rəğmən, Qarabağı tərk edən ermənilə­rin sayı ilə bağlı manipulyasiyada İrə­vanın hansı məqsədi güddüyünü anla­maq çətin deyil. Beynəlxalq qurumların qarşısında “departasiya”, “etnik təmiz­ləmə” şouları düzənləmək, ən ümdəsi isə, “məcburu köçkünlərin” hesabına dünyadan maliyə yardımı dilənmək. 

Sentyabrın 19-dək bu insanları Xankəndidəki separatçı-xunta rejimi özünün girovu qismində, bölgədə ger­çəkləşdirməyə çalışdığı utopik xəyallar lövhəsində “piyadalar” kimi saxlayırdı. Amma Bakının çoxdan xəbərdarlığını etdiyi lokal antiterror tədbirlərindən bir sutka sonra vəziyyət kökündən də­yişdi. İldırımsürətli tədbirlərdən sonra Ermənistan silahlı qüvvələrinin sağ qalmış tör-töküntüləri dərhal ağ bayraq qaldırdı və rəsmi Bakının silahları təh­vil verib Qarabağ iqtisadi rayonumuzu tək etmək şərtini qəbul etməyə məcbur oldu. Amma hətta belə kritik durumda da Azərbaycan hərbi hədəf saymadığı Qarabağın dinc erməni sakinlərinə hər cür yardım göstərdi, vətəndaşlığımızı qəbul edərək cəmiyyətimizə reinteqra­siya olunmağı təklif etdi.

Fəqət dünənə qədər bölgədə silah və vahimə altında saxlanılan erməni ic­masının Laçın sərhəd məntəqəmizdən Ermənistan istiqamətində kütləvi köçü başladı. Onlar bir mərkəzdən koman­da alıbmış kimi bölgəni tərk etməkdə israrlıdırlar. 

Siyasi şərhçi Tofiq Abbasov da hesab edir ki, ermənilərin Qarabağ­dan köçməsi məsələsində hansısa təşkilatçılıq özünü büruza verir: “İndi Ermənistan saman çöpündən yapış­mış vəziyətdədir. Nikol Paşinyan yenə Azərbaycanın etnik təmizləmə həyata keçirməsindən danışır. Ona kənardan züy tutanlar da var. İstər BMT, istər Avropa İttifaqı, yaxud Avropa Şurası olsun, elə davranırlar ki, sanki son 30 ildə Azərbaycan başına bu oyunlar gəl­məyib, bir milyon qaçqınımız olmayıb. Bu qurumların heç biri səsimizə səs vermədi. Heç yalandan da olsa, bir fak­taraşdırıcı missiya göndərmədilər. Bəli, həmsədrlər, emissarlar gəlib-gedirdilər, amma o zaman Azərbaycan xalqının yaşadığı müsibət və məhrumiyyətlərlə bu gün ermənilərin üzləşdiyi çətinliklər qəti müqayisə oluna bilməz. 

Çox güman ki, indi Ermənistan öz havadarlarının fitvası ilə bu vəziyyət­dən maksimum siyasi dividend əldə etməyə çalışacaq. Beynəlxalq müstə­vidə Azərbaycana qarşı sanksiyaların tətbiqinə, hansısa məhdudlaşdırıcı tədbirlərin görülməsinə çalışa bilərlər. İrəvan 5 oktyabrda baş tutacaq Qra­nada Sammiti ərəfəsində müəyyən siyasi imtiyazlar əldə etməyə çalışır. Fransanın xarici işlər, ardınca müdafiə nazirlərinin Ermənistana səfərləri buna xidmət edir”. 

Azərbaycanın bütün müstəvilərdə səhvsiz oynadığını və hesab arasın­dakı fərqi daha da artırdığını nəzərə çatdıran T.Abbasov bu gerçəyin onları qıcıqlandırdığını qeyd edir: “Ermənilə­rin bölgədən mütəşəkkil şəkildə get­mələrinin geniş təbliği, afişa edilməsi qarşıdakı manipulyasiya və spekulya­siyalardan xəbər verir. Ayrı-ayrı ölkələ­rin parlamentlərində ermənipərəst qü­vvələrin üstümüzə hücuma keçməsi, beynəlxalq qurumlardakı muzdlu emis­sarların çıxışları gözləniləndir. Amma İrəvanın kobud səhvi ondadır ki, yenə həmin kənar aktorların fitvasına gedir. Əgər bu dəfə də danışıqlardan yayın­sa, onda vay onun halına”. 

Hesabatlar şəffaf və obyektiv olmalıdır 

Azərbaycan bu prosesin tam şəf­faflığını təmin etməklə yanaşı, erməni əsilli sakinlərə xoş niyyətlə, humanist­cəsinə davrandı. Bunu sosial şəbəkə­də köçənlərin həm şərti sərhədin bu üzündə, həm də o üzündə medianın suallarına verdiyi cavablardan görmək və eşitmək mümkündür. Bəli, Azərbay­canın müvafiq hökumət qurumları bay­rağımız altında yaşamaq istəməyən, öz xoşları ilə Qarabağdan gedən et­nik ermənilərə nəinki hər hansı təzyiq göstərdi, əksinə, üzləşdikləri probem­lərin həlli üçün operativ kömək, çeşidli xidmət təklif etdilər. 

Son on gündə Qarabağda cərəyan edən hadisələri yaxından izləyənlər üçün bİr məsələ maraq doğurmaqda­dır. Ermənistanın rəsmi və özəl me­diası Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü tərk edən ermənilə­rin statistikası ilə manipulyasiya edir, rəqəmlərlə oynayır. Rəqəmlər isə səhər və axşam yenilənir. Deyəsən, portallar artıq sonuncu erməninin bölgəni tərk etdiyi barədə xəbəri tirajlamağa giri­şiblər. İrəvanın istəyinə uyğun olaraq statistika ...120 mində yekunlaşacaq. Amma Hayastan iqtidarı unudur ki, ən səhih və real statistika Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsin­dəki kompüterin bank-yaddaşındadır. Bu gün Qarabağa gəlmiş BMT missi­yası üzvlərinə bizim sərhədçilər yəqin həm də bu məlumatı təqdim edəcək­lər. Çünki, onların erməni separatiz­mindən təmizlənmiş Qarabağımızda həmin statistikadan savayı müşahidə edəcəkləri, monitorinqini aparacaqları subyektlər artıq mövcud deyil... 

“Azərbaycanın həyata keçirdiyi anti­terror tədbirlərindən sonra bölgədə ya­ranmış vəziyyətlə bağlı məlumatı BMT səviyyəsinə çatdıracaq missiyannı gə­lişi müsbət haldır”. Bunu qəzetimizə açıqlamasında bildirən politoloq Fərhad Məmmədov “etnik təmiz­ləmə” ittihamı ilə Azərbaycana qarşı cavab tədbirlərinin görülməməsinin aktual olaraq qaldığını bildirir: “Bu kontekstdən yanaşanda, əlbəttə, BMT missiyasının Qarabağa qısamüddətli səfəri, ərazidə real vəziyyətlə tanışlı­ğı, oradakı hərbi infrastrukturun qeydə alınması Bakının ötən onilliklər ərzində dediklərinin həqiqət olduğunu onlara nümayiş etdirəcək. Aydın məsələdir ki, ekspert qrupu müəyyən hesabat hasırlayacaq. Azərbaycan çalışmalı­dır ki, həmin hesabatda ermənilərin yaydığı saxtalaşdırılmış məqamlar yer tapmasın. Bundan başqa, ölkəmizin gələcəkdə hər hansı problemlə üzləş­məməsi üçün bu cür beynəlxalq mis­siyaların həyata keçirilməsi faydalıdır. Əlbəttə, rəsmi Bakı belə missiyalardan sui-istifadə etməyə çalışan ölkələrin fəaliyyətindən sığortalanmayıb. Amma Azərbaycan hökumətinin BMT-nin bu missiyasının bölgəyə səfərinə razılıq verməsi, necə deyərlər, Qarabağda bütün qapıların dünyanın üzünə açıl­ması faktı onu göstərir ki, Azərbaycan özündən tam əmindir. Və bu əminliyi çəkinmədən nümayiş etdirir”. 

Hazırda Azərbaycan Qarabağ iqti­sadi rayonundan Ermənistana köçən­lərə maliyə yardımı məsələsinə gəl­dikdə isə Paşinyan hökuməti onlara hər ay az qala 20 milyon ABŞ dolları həcmində pul ödəniləcəyini vəd edib. Yerli ekspertlər İrəvanın köçkün amili üzərində pul dilənməyin yeni texno­logiyasını düşündüyü versiyasını irəli sürürlər. Yəni, Qarabağdan gedən er­mənilərin hesabına bütün ölkəni ye­dirtmək üçün dünyadan pul ummağa başlayacaqlar. Artıq Birləşmiş Ştatlar və Fransa “əzabkeş və yoxsul” erməni xalqına ilk ianələrini ayırıblar. Təkrarla­nan tarixin tanış səhnəsi. 

Torpağı özlərinə vətən saymayan­ların XXI əsr faciəsi belə start götürür... 

İmran BƏDİRXANLI
XQ







Siyasət