XİN: görüşlər, danışıqlar, bəyanatlar

post-img

Sentyabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimlə görüşüb.

Görüşdə Azərbaycanın antiterror tədbir­lərindən sonra bölgədə cari vəziyyət, eləcə də humanitar yardım məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələ­rinin mövcudluğuna son qoyulmasının sülh və sabitliyə xidmət edəcəyini diqqətə çatdı­rıb.

Tərk-silah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan da­nışıqlar barədə qarşı tərəfə məlumat verilib.

Hazırda Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsasının olmadığı, Azərbaycanın erməni sakinlərə heç bir təhdid törətmədiyi diqqətə çatdırılıb. Azərbaycana qarşı səslənən iddiaların əsas­sız olduğunun, bunun sübut edilməsi üçün Azərbaycanın BMT-nin ölkəmizdəki Rezi­dent Əlaqələndiricisinin rəhbərliyi altında BMT orqanlarının Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkil edilməsinə hazır olduğumuz bildirilib. 

Görüşdə tərəflər, həmçinin qarşılıqlı ma­raq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avro­pa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı olub.

Telefon danışığı zamanı, iki ölkə ara­sında əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycan tərəfin­dən Qarabağ bölgəsində görülən lokal anti­terror tədbirlərindən sonra bölgədə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumat­landırıb. 

Görülən antiterror tədbirlərinin, eyni za­manda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasına təkan verdiyi, bu xüsusda Azərbaycan Hökumətinin nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri ara­sında aparılan təmasların nəticəsində həmin sakinlərin ehtiyaclarının qarşılanması is­tiqamətində tərəfimizdən əməli addımların atıldığı bildirilib.

***

Dünən xarici işlər naziri Ceyhun Bayra­mov ilə Özbəkistanın xarici işlər naziri Bax­tiyor Saidov arasında telefon danışığı olub. 

Nazir Ceyhun Bayramov Özbəkista­nın paytaxtı Daşkənd şəhərində beynəlxalq hava limanı yaxınlığında baş vermiş partla­yış ilə əlaqədar qardaş Özbəkistan dövləti və xalqına öz başsağlığını çatdırıb, partla­yış nəticəsində yaralananlara şəfa arzu edib. Nazir Baxtiyor Saidov, başsağlığı və dəstək mesajına görə təşəkkür edərək, bu dəstəyin ölkələrimiz arasındakı dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin daha bir göstəricisi olduğunu diqqətə çatdırıb.

***

Ermənistanın baş naziri Nikol Paşin­yanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin, guya, "etnik təmizləmə"yə məruz qaldığı barədə sent­yabrın 28-də verdiyi bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Na­zirliyinin sözügedən bəyanata dair şərhində bildirilib. Qeyd olunub ki, bu “rəvayət” Er­mənistan baş nazirinin Azərbaycan tərəfin­dən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəya­natı ilə ziddiyyət təşkil edir. Bununla yanaşı, sonuncu bəyanat Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstər­diyi səyləri pozmağa və iki ölkə arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib.

Ermənistan rəhbərliyi, Azərbaycanın mərkəzi hökumət institutlarının operativ şə­kildə Qarabağ bölgəsində yaşayan erməni sakinlər üçün zəruri humanitar dəstək təd­birlərinin həyata keçirilməsinə və təcili ehti­yaclarının ödənilməsinə başladığını nəzərdən qaçırır.

“Azərbaycanın Qarabağ bölgəsində ya­şayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər ermə­ni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onla­rı buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiy­yətinin bir hissəsi olmağa çağırırıq”, - deyə XİN-in şərhində vurğulanıb.

***

Ermənistan Xarici İşlər Nazirliyinin 27 sentyabr tarixli, 44 günlük Vətən müha­ribəsi, habelə müharibədən sonra görülən tədbirlər barədə beynəlxalq ictimaiyyəti yanlış yönləndirən bəyanatını qətiyyətlə pisləyirik.

Bu fikir Azərbaycan Xarici İşlər Nazir­liyinin Ermənistan XİN-in bəyanatına dair şərhində əksini tapıb. Qeyd olunub ki, Ermə­nistan Xarici İşlər Nazirliyi bu bəyanatı ilə Azərbaycan ərazilərinin 30 ildən artıq hərbi təcavüzünə və işğalına, Azərbaycana qarşı törədilmiş kütləvi qırğınlara və insanlığa qar­şı cinayətlərə görə məsuliyyətini açıq şəkildə inkar edərək saxta rəvayətlər yaymaqda da­vam edir.

“Azərbaycanın Ermənistanın işğalına və təcavüzünə qarşı apardığı müharibə hər zaman ədalətli olub və bu ilin sentyabrında Azərbaycanın antiterror tədbirləri beynəlxalq hüququn bütün norma və prinsiplərinə açıq şəkildə zidd olaraq Azərbaycanda yerləşdi­rilmiş qeyri-qanuni erməni silahlı qüvvələri­nin yaratdığı təhlükəni legitim olaraq aradan qaldırıb.

Vurğulayırıq ki, üstəlik, Ermənistan XİN-in yalanlarına zidd və Ermənistanın özündən fərqli olaraq, Azərbaycan heç bir zaman dinc erməni əhalisini hədəf almayıb. Biz bir daha bildiririk ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azər­baycanın heç bir əlaqəsi yoxdur. 

Ermənistanın Azərbaycan ərazilərində qurduğu separatçı rejimin onun gözləri qar­şısında necə dağıldığını və yox olduğunu görməsinin nə qədər ağrılı olduğunu anlayı­rıq, lakin indi onlar üçün Azərbaycanla ərazi bütövlüyünə və suverenliyə həm sözdə, həm də əməldə hörmətə əsaslanan sülh və etimad qurmağa diqqət yetirmək daha yaxşı olardı”, - deyə Azərbaycan XİN-in şərhində bildirilib.

XQ

Siyasət