Makron Qarabağda vəziyyəti təhrif edir

post-img

Sentyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Fransanın “TF1” və “France 2” kanallarına müsahibəsi zamanı növbəti dəfə bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir.

Bu fikirlər XİN-in mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makro­nun həmin kanallara müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb. 

Mətbuat katibi, həmçinin bildirib: “Özü­nü yalandan insan haqlarının və bey­nəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstək­ləyərək, geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda mənfur neokolonialist təcrübəsini tətbiq etməyə çalışması, Azərbaycan Ermənis­tan məsələsində xristianlıq amilini qabart­ması və keçmiş münaqişəyə din amili ilə yanaşması təhlükəli və qəbuledilməzdir.

Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren əra­zilərində Ermənistanın 30 illik işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlü­yü və suverenliyini bərpa etmək məqsə­dilə həyata keçirdiyi tədbirlər beynəlxalq hüquqla təsbitlənən legitim haqqımızdır.

Sentyabrın 19-20-də Azərbaycan əra­zisində mövcud olan erməni silahlı birləş­mələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri zamanı da beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyi Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) daxil, beynəlxalq təşkilatlar tərəfindən təs­diq edilmiş və hətta Azərbaycanın, guya, mülki əhalini hədəf aldığı iddialarının heç bir həqiqəti əks etdirmədiyi Ermənistan baş naziri tərəfindən bildirilib. Bu xüsusda, Azərbaycanın bu tədbirlərinə qarşı səs­ləndirilən fikirlərin heç bir əsası yoxdur.

Müstəmləkə siyasəti çərçivəsində in­san haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların və etnik azlıqların firavan yaşadığı Azərbay­cana dərs keçməyə çalışması qəbuledil­məzdir. Eyni şəkildə, 30 ilə yaxın müd­dətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barə­də indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Fransa tərəfi­nin saxta niyyətindən xəbər verir.

Azərbaycan erməni silahlı qüvvələri­nin ərazilərimizdən çıxarılması və erməni silahlı birləşmələrinin tərk-silah edilməsi ilə yanaşı, erməni sakinlərə yardım göstə­rilməsi və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası işini həyata keçirir.

Qeyd edilənləri nəzərə alaraq, Fran­sanın bölgədə sülhə xidmət etməyən və qarışıqlıq yaratmaq istiqamətində səyləri­nin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”. 

XQ

Siyasət