Dünyanı heyrətə gətirən qalib sərkərdə

post-img

Müstəqil Azərbaycan tarixinin ən qara ləkəsi heç şübhəsiz torpaqlarımızın işğalı və on illər boyunca düşmənlərin həm insanımızı, həm milli mədəni abidələrimizi, həm də torpaqlarımızı istismar etməklə bir xalq olaraq bizi çıxılmaz durumda buraxmasıdır. Tarix boyu ən qaniçən imperatorlar, ən qəddar ordular qarşısında mübarizə əzmi göstərən Azərbaycan xalqının bu durumu tarixin ən böyük ədalətsizliyi sayıla bilər. Çünki baş verən faciələr və işğal xalqımızın döyüşkənlik və Vətən sevgisi ilə adekvat deyildi. Hər kəs üçün aydın idi ki, düşmən öz xarici havadarları hesabına nə qədər güclənsə belə, Azərbaycan xalqının gücü və mətanəti layiq olduğu qələbəni qazanmağa yetərlidir. Sadəcə, bu xalqı həmin qələbəyə aparan liderə və sərkərdəyə ehtiyac var idi. 1993-cü ilin ağır günlərində, torpaqların ard-arda işğal olunduğu, bir dövlət və xalq olaraq varlığımızın təhlükə altına düşdüyü bir zamanda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi yalnız məğlubiyyət gedişatına son qoymadı, həm də gələcək labüd qələbənin mükəmməl əsaslarını yaratdı. Faktiki olaraq dağılmış dövləti iqtisadi, siyasi və hərbi baxımdan yenidən ayağa qaldıran dahi rəhbər bütün diplomatik fəaliyyətini işğalçıların beynəlxalq ifşasına, Azərbaycanın ərazi bütövlüyünün ən mötəbər siyasi dairələrdə tanınmasına səfərbər etdi. Amma tarix və dünya gedişatının mahir bilicisi olan Ulu Öndər yekun sözün yenə də xalqın gücü ilə deyiləcəyini, torpaqlarımızın ordumuzun qəhrəmanlığı ilə azad olunacağını açıq şəkildə ifadə edirdi. Böyük dövlət adamının “Biz sülh danışıqlarına sadiqik, ancaq bu danışıqlar fayda verməzsə, Azərbaycan öz gücü ilə torpaqlarını azad etməyə qadirdir” mesajı gələcək üçün verilmiş heyrətamiz dəqiq proqnoz idi. Ulu Öndərin Azərbaycanın gələcəyini inamla etbar etdiyi Prezident İlham Əliyevin ərazi bütövlüyümüzlə bağlı yürütdüyü siyasi kurs həm bu şüara sadiqlik, həm də dahiyanə dəqiqliklə ifadə olunmuş fikrin təsdiqi oldu. 

Ölkəmizi iqtisadi baxımdan böyük beynəlxalq platformalara çıxaran və bununla da milli maraqlarımızın hər bir supergüc tərəfindən qəbul olunmasına nail olan Prezident İlham Əliyev də Ermənistan  hərbi-siyasi rejiminin beynəlxalq normalar çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq sülh sazişi imzalamayacağı təqdirdə uzun illər səbr etməyəcəyimizi, lazım gələcəyi halda ordumuzun qəti addımlar atacağını açıq şəkildə ifadə etmişdi. Ancaq bu mesajları dəyərləndirməyən işğalçı qüvvələr yenə də öz hərbi sərsəmləmələrini davam etdirərək ölkəmizə qarşı təcavüz siyasətindən əl çəkmədilər. 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşlərində Azərbaycan bu hərbi sərsəmləmələrin layiqli cavabını verdi. Hər iki qısa müddətli, amma Azərbaycanın tam hərbi üstünlüyü ilə keçən döyüşlərdə Ermənistan rəhbərliyi ən müxtəlif  beynəlxalq dairələri  və dövlət başçılarını vasitəçi salaraq ordumuzun irəliləyişini dayandırmağa yalvarışla nail oldu. Hər zaman prosesin belə yekunlaşacağını xəyal edən işğalçıların öz havadarları hesabına arxayınçılığı o həddə çatdı ki, dövlət rəhbəri səviyyəsində Qarabağın Ermənistan ərazisi olduğunu bəyan etdilər. Xalqın səbrini son həddə çatdıran bu bəyanata “Qarabağ Azərbaycandır!” nidası ilə cavab verən Azərbaycan lideri  xalqın iradəsini ifadə edərək işğalçıların üzərinə “Dəmir yumruq”la getmək əmrini verdi və tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi layiq olduğumuz zəfəri bizə yaşatdı. 

Ən müxtəlif xarici dövlətlərin dəstəyi ilə torpaqlarımızı illər ərzində addım-addım işğal edən erməni ordusunu  44 gün ərzində darmadağın etməklə dövlətimiz öz hərbi qüdrətini, xalqımız qəhrəmanlıq gücünü dünyaya göstərmiş oldu. Tam məğlubiyyətə uğrayan işğalçı ordu daha böyük itkilərə məruz qalmamaq üçün yenə də ortaya minnətçi salmaqla kapitulyasiya sənədinə imza atdı. Ermənistanın şəksiz məğlubiyyəti ilə bitən Zəfər savaşının sonunda imzalanmış  10 noyabr  üçtərəfli Bəyanata zidd olaraq Ermənistan yenə də separatçı mövqeyinə sadiq qalaraq öz silahlı qüvvələrini və texnikasını Azərbaycan ərazisindən çıxarmadı. Bu müddət ərzində Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdi. Bunun nəticəsidir ki, ötən müddət ərzində üçtərəfli razılaşmanın əksinə olaraq bölgədə dəfələrlə hərbi təxribatlar və terror aktları törədildi.  Azərbaycan bölgədə sabitliyin qorunması naminə öz sülhpərvər mövqeyinə sadiq qalaraq bu hadisələrə şifahi, diplomatik etirazlarını bildirir və dünya birliyini Ermənistanı bu mövqedən çəkindirməyə çağırırdı. Ancaq bütün bu diplomatik cəhdlər də nəticə vermədikdə Azərbaycan öz suveren hüquqlarından istifadə edərək antiterror tədbirləri keçirməyə məcbur oldu. 24 saatdan da az bir vaxtda müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu yenidən dünyanı öz gücü ilə heyrətləndirdi. Bu “Nəyi, nə zaman etməyi mən hamıdan yaxşı bilirəm” deyən Prezident İlham Əliyevin diplomatik və “Dəmir yumruq yerindədir” mesajını verən  Ali Baş Komandanın qəti və möhtəşəm hərbi qələbəsi idi. Aparılan antiterror tədbirlərində Azərbaycan ordusunun dünyanı heyrətə gətirən daha bir keyfiyyəti ancaq hərbi obyektlərin hədəf alınması və Qarabağ bölgəsində yaşayan erməni əhalisinin zərbə altına düşməməsi, mülki əhalinin qorunması oldu. Bununla Azərbaycan bir daha bölgə xalqları üçün niyyətində səmimi olduğunu təsdiqlədi. Bu şanlı qələbənin ardınca Qalib Sərkərdə kimi xalqa müraciət edən Prezident İlham Əliyevin verdiyi mesajlar da bunun nümunəsi idi. 

Prezident bir daha dünyaya bəyan etdi ki, Azərbaycan bəşəri prinsiplərə sadiq qalan çoxmillətli, çoxkonfessiyalı və azad cəmiyyətli dövlətdir. Tarixi ənənələrə söykənən multikultural dəyərlər, milli və dini tolerantlıq Azərbaycan dövlətində ən yüksək şəkildə qorunub saxlanılır. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Azərbaycan qanunlarına əməl edəcək, dövlətimizin və bayrağımızın himayəsi altında vətəndaşımız olmağı qəbul edəcək ermənilər də buna öz həyatında şahid ola bilərlər. Bu gün işğaldan azad olunmuş ərazilərdə inkişaf və quruculuq prosesinə bütün dünya şahiddir. 30 ildir xarabaya çevrilmiş bu ərazilərdə indi ən müasir şərtlərə uyğun şəhərlər və kəndlər salınır. Ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Artıq bu şəraiti və abadlıq-quruculuq işlərini biz Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda  müşahidə edəcəyik. Bütün bunlar həm də Qafqazda sabitlik və inkişafın təməlidir ki, bunun da tək müəllifi Prezident İlham Əliyevdir. Vətən uğrunda savaşda qalib Sərkərdə kimi tarixə adını yazdıran, diplomatiya meydanında mükəmməl siyasətçi kimi özünü təsdiqləmiş İlham Əliyev həm də inkişaf və quruculuq memarı olaraq dövlət rəhbəri kimi dünyanın diqqət mərkəzindədir. 

Xalqımız öz lideri ilə qürur duyur və onunla qüdrətli Azərbaycanın xoşbəxtliyini yaşayır! Sevinən isə Vətəndir!

Amin İsmayılov,
AMEA-nın müxbir üzvü, professor,
YAP İdarə Heyətinin üzvü



Siyasət