İrəvan etiraz aksiyalarından yaxa qurtara bilmir

post-img

Radikal-revanşistlər və daşnaklar iğtişaş törətmək niyyətindədir

Sentyabrın 19-u günortadan sonra Ermənistan paytaxtında başlayan etiraz aksiyası dünən də davam edib. Ancaq əvvəlki günlərdən fərqli olaraq, dünən iştirakçıların saylarının azlığı diqqət çəkib. 

Yayılan videolardan görünür ki, əsasən gənclərdən ibarət kiçik qrup­lar əllərində plakatlar tutaraq İrəvanın mərkəzi küçələrində yürüş ediblər. On­ların önündə gedən gənc oğlan səs­gücləndirici vasitəsilə müxtəlif şüarlar səsləndirib, insanları onlara qoşulmağa çağırıb. Lakin arxasınca gələn 15-20 nəfərdən başqa onlara heç kəs qoşul­mayıb.

İştirakçılar Ermənistan baş naziri Nikol Paşinyanı və onun komandası­nı Azərbaycanın maraqlarına xidmət etməkdə (?) ittiham ediblər. Bildiriblər ki, belə bir siyasi qüvvə öz mövqeyini dəyişə və Ermənistanın maraqlarına xidmət edə bilməz.

Qeyd edək ki, N.Paşinyan sentyab­rın 20-də xalqa müraciətində dövlət çevrilişinə cəhd barədə informasiyalar əldə etdiklərini bildirmişdi. O qeyd et­mişdi ki, qeyri-qanuni aksiyaların qar­şısı qanunvericiliyə uyğun, ən sərt şə­kildə alınacaq. Paşinyan vurğulamışdı ki, paytaxtda iki dəstə anarxiya və xaos yaratmaq istəyir. Bunlardan biri ölkənin eks-prezidentlərindən birinin oğlunun başçılıq etdiyi idmançılardan ibarət dəstə, digəri isə ali məktəb tələbələrin­dən ibarət qrupdur. Sentyabrın 22-də idmançılardan ibarət dəstəyə eks-pre­zident, Xocalı soyqırımının iştirakçısı Robert Koçaryanın oğlu Levonun rəh­bərlik etdiyi məlum olub. Həmin gün o, etiraz aksiyasında saxlanılıb. Qırmızı beretli 4 polis xüsusi təyinatlısı idmançı Levonu çox çətinliklə həbs edə bilib. O, polis avtomobilinə mindirildikdən sonra da müqavimət göstərib və buna görə polislər tərəfindən yaxşıca döyülüb.

Vəkil Aleksandr Koçubayev “Face­book” hesabında bildirib ki, R.Koçar­yanın oğluna cinayət işi açılıb. “Saat 12:00-da polis əməkdaşları Levon Ko­çaryana hücum edərək, onu şiddətlə döyüblər. Biz istintaq orqanına Levon Koçaryana işgəncə verilməsi ilə bağlı protokol təqdim etmişik. Ancaq polislər ifadələrində Koçaryanın onları döydü­yünü bildiriblər. Bu arqument əsasında cinayət işi başlanıb. Bu, hüquqi özbaşı­nalıqdır. Koçaryan bu məsələyə təbəs­sümlə yanaşaraq, təslim olmamağa və mübarizəni davam etdirməyə çağırıb”, – deyə vəkil yazıb.

Vəkil, həmçinin Koçaryanın həb­si zamanı polislər tərəfindən döyül­düyünə dair videonu da paylaşımına əlavə edib: “Mən İstintaq Komitəsini məsələyə baxmağa və bir oftalmoloqla əlaqə saxlamağa çağırıram”.

Bundan əlavə, Ermənistan medi­asında R.Koçaryanın oğlunun “Nairi” xəstəxanasına köçürülməsi xəbəri ya­yılıb. Ona qapalı kəllə-beyin travması – beyin silkələnməsi diaqnozu qoyulub, vəziyyəti orta ağır kimi qiymətləndirilir.

***

Dünən İrəvanda informasiya kam­paniyası apardıqlarını iddia edən bir qrup gənc isə Ermənistan parlamen­tinin təhlükəsizlik və müdafiə daimi komissiyasının sədri Andranik Koçar­yanın evinə yürüş edərək, orada qısa­müddətli aksiya keçirib.

Onlar bildiriblər ki, aksiyanın keçi­rilməsinə A.Koçaryanın dediyi fikirlər səbəb olub. Qeyd edək ki, parlamentin daimi komissiyasının sədri sentyabrın 22-də müsahibə zamanı lazım gələrsə, etirazçılara atəş açacaqlarını bildirmiş­di.

Etirazçılar isə deyiblər ki, onların məqsədi hansısa inzibati binanı zəbt etmək, nəticədə onlara atəş açılıb-açıl­mayacağını gözləmək deyil. “Bizi atəş açmaq üçün ən vacib yerdən məhrum etdilər. Biz deyirik: bu “soyqırımı” aktı­nı dayandırın, biz silahlarımızı “Artsax” adına hara tuşlayacağımızı bilirik”, – deyə nümayişçilərdən biri revanşist fi­kirlər söyləyib. Qalan etirazçılar isə bu zaman “Qarabağ, Qarabağ” deyə şüar səsləndiriblər. Sonra isə “Qarabağ” şüarını “Ayıb olsun” şüarı əvəz edib.

Revanşist fikirlər səsləndirən digər şəxs isə müxalifçi deputat, Respublika Partiyasının üzvü Tiqran Abramyandır. O, “Facebook” səhifəsində yazıb ki, kimsə Qarabağda müharibənin bitdiyi­ni düşünürsə, dərindən yanılır və bütün bunlar sadəcə, atəşkəsdir.

Abramyan qeyd edib ki “Qara­bağ xalqı”nın (?) gələcəyi qaranlıqdır: “Azərbaycanlılarla daimi danışıqlar aparılır, lakin bütün bunları danışıqlar adlandırmaq çox çətindir. Rayonlar ayrılıb, Xankəndi də öz növbəsində mühasirəyə alınıb, insanlar girov sta­tusundadır və beynəlxalq ictimaiyyət tərəfindən addımlar atılmasa, heç nə əldə etmək mümkün olmayacaq. Bunu ona görə demirəm ki, mən təbiətcə pessimistəm. Sadəcə olaraq, necə irəliləyəcəyimizi başa düşmək üçün vəziyyəti mümkün qədər dəqiq qiymət­ləndirməliyik”.

Bu arada “Joxovurd” qəzeti Ermə­nistanın bütün polislərinin sentyabrın 14-də 120 min dram mükafat aldığını yazıb. Qəzet qeyd edir ki, hakimiyyət orqanlarının payladığı və aldığı inanıl­maz mükafatlar artıq heç kimə yenilik deyil. Amma məlum olur ki, hüquq-mü­hafizə sistemi onlardan nəinki müka­fatların sayına, hətta “əsaslandırma­larına” görə də geri qalmır. Belə ki, Paşinyan iqtidarı tez-tez, ciddi əsas olmadan hüquq-mühafizə oranlarına mükafatlar verir.

Onu da qeyd edək ki, sentyabrın 24-də Ermənistan Mərkəzi Seçki Ko­missiyası İrəvan Ağsaqqallar Şurasına seçkinin nəticələrinə yekun vuracaq. Komissiyanın saat 15:00-da keçirilə­cək növbədənkənar iclasının gündəli­yinə yalnız bu məsələ daxil edilib.

Bazar günü saat 18:00-da isə İrə­vanda müxalifətin növbəti mitinqi keçi­riləcək. Milli komitənin (?) və “Ana Er­mənistan” blokunun rəhbəri Andranik Tevanyan bildirib ki, mitinq zamanı ilkin nəticələrə yekun vurulacaq və gələcək planlar təqdim olunacaq.

Ermənistanın ilk baş naziri Vazgen Manukyan bildirib ki, kütləvi itaətsiz­lik aksiyaları davamlı olacaq. Onun “ümummilli hərəkat” adlandırdığı ba­şıpozuq dəstələrin əlaqələndirilməsi üçün “milli komitə” yaradılıb. Komitənin tərkibinə 11 nəfər daxil olmalıdır. Ha­zırda onlardan beşinin adı məlumdur. Bunlar Ayk Mamicanyan, Vazgen Ma­nukyan, Avetik Çələbyan, Andranik Te­vanyan və “Daşnaksütyun”un ali orqa­nının təmsilçisi İşxan Saqatelyandır.

Səxavət HƏMiD
XQ

Siyasət