Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.

İşçi qrup Azərbaycan Respublikası­nın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərir.

İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azə­rişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.

2023-cü il sentyabrın 20-dən etibarən İşçi qrup tərəfindən aşağıdakı tədbirlər həyata keçirilib:

• 2023-cü il sentyabrın 22-də Fövqə­ladə Hallar Nazirliyi tərəfindən erməni sa­kinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avto­mobili və 2 çörək dolu avtomobil fəaliyyət­də olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb;

• Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağ­dam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərə­findən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir;

• Sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nü­mayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla ya­nacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək;

• Rusiya sülhməramlı qüvvələri kon­tingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolun­dan ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur;

• Beynəlxalq Qırmızı Xaç Komitə­si (BQXK) tərəfindən Ağdam-Əsgə­ran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır;

• BQXK müraciəti əsasında tibbi yar­dıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır.

***

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbayca­nın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğın­söndürmə xidmətlərinin yanacaq-sürtgü materialları ilə təmin edilməsi xahişinə uy­ğun olaraq, sentyabrın 23-də Bərdə-Ağ­dam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yola salınıb.

Son xəbərlər