Bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır.
XQ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olmaları barədə yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, sentyabrın 19-da bir nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində 2 mülki şəxs həlak olub.
“Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.
Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, üçtərəfli Bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır. Bununla yanaşı, bu təxribatların məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır”, - deyə XİN-in açıqlamasında vurğulanıb.