Cənubi Qafqazdan min kilometrlərlə uzaqda yerləşib bölgəmizi qarışdırmaq istəyən ölkələlərin sırasına biri də əlavə olunmaqdadır. Söhbət Cənubi Amerikada yerləşən Argentinadan gedir.
Bugünlərdə Argentina Prezidenti Alberto Fernandes Ermənistanla Azərbaycan arasındakı vəziyyəti təhrif edən və daha da gərginləşdirəcək açıqlama ilə çıxış edib. O, sentyabrın 9-da Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən “Böyük İyirmilik” (G20) ölkələrinin dövlət və hökumət başçılarının XVIII sammitinin plenar iclasında çıxışı zamanı Azərbaycanın guya Qarabağın dağlıq hissəsini blokadada saxladığını iddia edib. “Şərqi Avropada müharibənin getdiyi bir vaxtda beynəlxalq ictimaiyyətin diqqətini daha az cəlb edən zorakı münaqişələr çoxalır. Lakin onlar da “humanitar böhran”a səbəb olan Azərbaycanın Laçın dəhlizinin blokadası (?) kimi ağrılıdır. Argentina beynəlxalq qarşılıqlı anlaşmanın ən yüksək metodu kimi çoxtərəfliliyə sadiqliyini təsdiqləyir”, – deyə A.Fernandes qeyd edib.
Argentina Prezidentinin səsləndirdiyi fikirlərə Azərbaycanın reaksiyası özünü çox gözlətməyib. Belə ki, sentyabrın 11-də Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, Argentina Prezidentinin “Böyük İyirmilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası səfirə təqdim edilib.
Görüş zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq, bölgədəki reallıqları təhrif edən, suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı əsassız fikirlərin səsləndirilməsinin təəssüf doğurduğu bildirilib. Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ yollardan, o cümlədən Ağdam–Xankəndi yolundan istifadə təkliflərinin, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsinin vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bəyanatlardan çəkinilməsinin vacib olduğu Argentina tərəfinin diqqətinə çatdırılıb.
Bundan əlavə, Qərbi Azərbaycan İcması da bəyanat yayıb. İcma Argentina Prezidentinin qərəzli fikirlərini kəskin şəkildə pislədiyini bildirib: “Hiss olunur ki, Argentina Prezidenti ya məsələnin mahiyyətindən xəbərsizdir, ya da erməni diasporunun və ya Luis Moreno Okampo, Xuan Mendez kimi son vaxtlar “parlamaqda” olan azərbaycanofob həmvətənlərinin təsiri altında dini təəssübkeşlikdən çıxış edir. Qərbi Azərbaycan İcması Argentinanı beynəlxalq hüquqa hörmət etməyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ikili standartlar prizmasından yanaşmamağa çağırır. Hesab edirik ki, Argentina Prezidenti başqa ölkənin daxili işlərinə kobud müdaxilə etməkdənsə, diqqəti öz ölkəsinin ağır sosial-iqtisadi problemlərinin həllinə yönəltməlidir”.
***
Qeyd edək ki, Argentina hər zaman ermənipərəst siyasət yürütməsi ilə seçilib. Argentinadakı erməni diasporu Latın Amerikasındakı ən böyük diaspordur və sayı təxminən 120 min nəfərdir. İkitətərəfli əlaqələrin yüz ildən artıq yaşı var. Belə ki, 1892-ci ildə Argentinaya, əsasən, Misir və Suriyadan erməni miqrantların ilk qrupu gəlib. Argentina Rusiya imperiyasının dağılması ilə müstəqillik əldə etmiş Ermənistan Respublikasını 1920-ci ildə tanıyıb və ölkələr arasında diplomatik əlaqələr qurulub. 1962-ci ildə Buenos-Ayres əyalətinin erməni icmasının futbol klubu yaradılıb.
1987-ci ilin sentyabrında Argentina Prezidenti Raul Alfonsin ölkənin erməni icması qarşısında çıxış edərək “erməni soyqırımı”nı tanıdığını bəyan edib. Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən Ermənistanla Argentina arasında diplomatik əlaqələr 1992-ci il yanvarın 17-də qurulub. 1992-ci ilin iyununda Ermənistan prezidenti Levon Ter-Petrosyan Argentinaya rəsmi səfər edib. 1993-cü ildə Ermənistan Buenos-Ayresdə səfirlik açıb. 1995-ci ildə Argentina Prezidenti Karlos Menem qondarma soyqırımını tanıyan qanuna veto qoyub. Ancaq o, sonradan mövqeyindən geri çəkilib, hətta 1998-ci ildə İrəvana rəsmi səfər edib. 2007-ci il yanvarın 11-də Argentina Prezidenti Nestor Kirşner isə “erməni soyqırımı”nı rəsmən tanıyan qanunu imzalayıb. 2009-cu ildə Argentina Ermənistanda səfirlik açıb.
Bununla belə, Buenos-Ayresin ermənipərəstliyi indiyədək özünü daha aşağı səviyyələrdə nümayiş etdirirdi. İndi isə ölkənin prezidenti səviyyəsində ermənilərin könlünü xoş edən fikirlər səsləndirilir. Bu fikirlərin yüksək tribunadan, beynəlxalq səviyyəli platformadan, yəni, “Böyük İyirmilik” ölkələrinin dövlət başçılarının sammitindən səsləndirilməsi də diqqətdən yayınmır. Sanki həmin platforma qəsdən seçilib. Bu isə Ermənistanın və dünya ermənilərinin maraqlarına tam cavab verir. Məsələ ondadır ki, rəsmi İrəvan ayrı-ayrı dövlətlərdən və beynəlxalq təşkilatlardan sui-istifadə edir. Haylar mövcud bütün imkanların istifadəsi ilə bölgədə, guya, “blokada” və “humanitar böhran”ın olması haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldurlar. Argentina Prezidentinin belə fikirlər səsləndirməsi isə onlar üçün lap göydəndüşmə olub. Halbuki, Ermənistanın beynəlxalq birliyə “humanitar böhran”, “blokada” kimi təqdim etməyə çalışdığı məsələnin, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi kampaniya olduğu hamıya, elə Argentina Prezidentinə də tam aydındır və bu, heç bir şübhə doğurmamalıdır. Ona görə də Azərbaycan tərəfi haqlı olaraq Argentina Prezidentinin bu yanlış və ziyanlı bəyanatına rəsmi cavab verdi. Yaxşı olardı ki, A.Fernandes erməni lobbisinin və diasporunun gücünü bu gün bölgəmizdə sülhə yaranmış təhlükənin aradan qaldırılmasına yönəldəydi. Həmçinin yaxşı olardı ki, Argentina dövlətinin başçısı bölgədə sülhün taleyinə prioritet kimi yanaşaydı. Bu çərçivədə Ermənistanın, eləcə də Qarabağdakı separatçı rejimin tör-töküntüsünün hərəkətlərinin nə qədər dağıdıcı olduğu məsələsinə toxunaydı.
Onu da bildirək ki, Xankəndidəki separatçı rejimin oynadığı oyunlar, keçirdiyi seçki şouları bugünlərdə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə pislənilib. Argentina isə beynəlxalq birliyin yanaşmasına zidd mövqe ortaya qoyur. Cənab Fernandesin mövqeyindəki bağışlanmaz nüanslardan biri də bundan ibarətdir. Onun mövqeyi perspektivsiz olmaqla yanaşı, bölgədə gedən proseslərə hər hansı təsir göstərmək gücündə də deyil. Əslində, Cənubi Qafqazla heç bir coğrafi bağlılığı olmayan bir dövlətin başçısının Ermənistan–Azərbaycan münasibətləri barədə fikir yürütməsi, özü də yanlış mövqedə olması bağışlanmaz və ziyanlıdır.
Argentina Prezidentinin bu cür baxışlarla “Böyük İyirmilik” konsepsiyasına hansı töhfəni verə biləcəyi də artıq şübhə altındadır. Çünki Alberto Fernandesin yaranmış fürsətdən dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda sülhün perspektivləri üçün daha geniş imkanlar yaratmağa çalışmaq əvəzinə, vəziyyəti daha da gərginləşdirən mövqedən çıxış etməsi “Böyük İyirmilik” platformasının özü üçün başucalığı gətirən hal sayıla bilməz. Əslində, “Böyük İyirmilik” ölkələri strategiyaları baxımından son dərəcə müxtəlif ölkələrdir. Lakin onların heç də hamısı beynəlxalq hüquq normalarına, dövlətlərin suveren hüquqlarına bu cür açıq-aşkar haqsız yanaşma sərgiləmir. Argentina Prezidentinin yanlış və qərəzli bəyanatı isə “Böyük İyirmilik” platformasının özünün nüfuzuna da zərbə vurur. Onun mövqeyi təkcə Azərbaycanın suveren hüquqlarına qəsd etmək deyil, “Böyük İyirmilik” platformasının strateji xəttinə ziyan vurmaq nöqteyi-nəzərindən də diqqəti cəlb edir. Zənnimizcə, “Böyük İyirmilik” ölkələri bu məqamı nəzərə almalıdırlar.
Aydın QULİYEV,
siyasi şərhçi
– Argentina Prezidentinin “Böyük İyirmilik” ölkələrinin dövlət və hökumət başçılarının sammitində Laçın yolu ilə bağlı məsələyə toxunması müasir dünyaya, onun təhlükəsizlik problemlərinə münasibətdə olduqca ziyanlı, dağıdıcı və yanlış mövqedir. Eyni zamanda, onun Laçın yolu barədə səsləndirdiyi fikirlər regiondan çox-çox uzaqda yerləşən bir dövlətin başçısının Cənubi Qafqazda baş verən proseslərin əsl mahiyyətindən xəbərsizliyinin əlamətidir. Aşkar şəkildə görünür ki, Argentina Prezidenti ya Laçın yolunda baş verən proseslərin həqiqi mahiyyətini bilmir, ya da bilmək istəmir. Bu məsələ ilə bağlı öz siyasətini birbaşa erməni lobbisinin təsiri altında formalaşdırır.
Sirr deyil ki, Argentina dünyada erməni lobbisinin təsirlərinin nisbətən üstün olduğu ölkələrdən biridir. Argentina Prezidentinin də belə yanlış, ziyanlı mövqedən çıxış etməsi onun erməni diasporunun və lobbisinin təsiri altında olduğunu göstərən əlamətdir. Xüsusilə Fernandesin çıxışında Şərqi Avropada gedən bəlli müharibə ilə yanaşı, Laçın yolunda “blokada”nın olduğunu iddia etməsi xüsusilə bağışlanılmaz və anlaşılmaz bir yanaşmadır. Şərqi Avropada gedən müharibə hara, Laçın yolundakı vəziyyəti bu kontekstdə nəzərdən keçirmək hara? Laçın yolu ilə bağlı Azərbaycanın siyasəti hansısa blokada yaratmaqdan ibarət deyil. Bu, Azərbaycanın suveren hüquqları çərçivəsində həyata keçirdiyi beynəlxalq normalara uyğun siyasətdir.
Səxavət HƏMİD
XQ


