XİN-in Xankəndidə “seçki oyunu” ilə bağlı bəyanatı

post-img

Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. 

XQ xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Azərbaycanın Qara­bağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı yaydığı bəyanatında əksini tapıb. 

Bəyanatda, həmçinin bildirilir: “Azər­baycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin le­gitim əsasını yalnız Azərbaycan Res­publikasının Konstitusiyası və qanun­ları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren əra­zilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdir­məyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yox­dur.

Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təx­ribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə nor­mallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitu­sion çərçivəsinə reinteqrasiya edilmə­si səylərinə ciddi zərbədir. Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun sax­lanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gər­ginləşdirmək yolunu tutub. Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olma­sı Azərbaycan Respublikasının daxi­li işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir. Azərbaycan Respublikası bey­nəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlü­yünə qarşı törədilən təhdidlərin qarşı­sını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbayca­nın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma re­jimin buraxılmasıdır.

Azərbaycan Respublikası bey­nəlxalq cəmiyyətin bütün üzvlərini beynəlxalq hüquqdan irəli gələn öhdə­liklərinə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiy­mət verməyə, Ermənistanı bölgədə kövrək normallaşma səylərini təhlükə altına alan addımlardan çəkindirmək üçün təsirli tədbirlər görməyə, “seçki” adlandırılan qanunsuz fəaliyyətləri qə­tiyyətlə pisləməyə çağırır”.

XQ

Siyasət