Lemkinçilik, yoxsa ermənipərəstlik

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Bəşəri humanizm carçısının adını daşıyan qurumun növbəti rəzaləti

“Soyqırımı” termininin və BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya layihəsinin müəllifi, keçmiş SSRİ-də doğulmuş, 1941-ci ildə ABŞ-a mühacirət etmiş yəhudi mənşəli Rafael Lemkin sağ olsaydı, heç şübhəsiz, dəhşətə gələrdi. Çünki onun adını daşıyan institut bu böyük dühanın vandalizm aktlarından, etnik təmizləmələrdən qorunmaq məqsədilə göstərdiyi təşəbbüsü ermənipərəstliyə xidmət platformasına çevirib. 

Bəli, Soyqırımı cinayətlərinin qar­şısının alınması üzrə Lemkin İnstitutu ilk dəfə deyil ki, yaramaz dəst-xətt se­çir. Qurum 2021-ci ildən bu “yoldadır”. 2023-cü ilin mayından başlayaraq isə “fəaliyyətini aktivləşdirib”. Bu ilin may ayında institutun başbilənləri Avropa İt­tifaqı Şurasının Prezidenti Şarl Mişelə ağıl öyrətməyə qalxmışdılar. Onlar bil­dirmişdilər ki, Aİ Şurası geosiyasi du­ruma və enerji məsələlərinə görə Azər­baycanın “diktatura”sına göz yumur... 

Lemkin İnstitutu Azərbaycan və Er­mənistan liderlərinin mayda keçirilmiş Brüssel görüşü ərəfəsində Şarl Mişelə göndərdiyi açıq məktubda onu da vur­ğulamışdı ki, Qərb dünyası Qarabağın blokadasına məhəl qoymamağa davam etməklə, guya, indiyədək heç vaxt Azər­baycanın olmayan 4000 illik (?) yerli er­məni icması ilə, onun istədiyi kimi rəfta­rını tamamilə cəzasız saxlayır. 

Digər tərəfdən, görünür, Lemkin İnstitutunda çalışan ermənilərin, yaxud ermənipərəstlərin sayı həddən artıq çox­dur və onlar 44 günlük müharibə dövrü­nü gözəl xatırlayırlar. Nəinki xatırlayırlar, eyni zamanda, incələyirlər də. Qurumun başbilənləri Azərbaycan Prezidenti İlham Əliyevin müharibə ritorikasından irəli gələn o zamankı ifadələrinin hamısını mayda Ş.Mişelə yazdıqları məktuba kö­çürüb, bu yolla həm ikincinin fikirlərinə təsir göstərməyə, həm də dünya ictima­iyyətinə ölkəmizi mənfi yöndə təqdim et­məyə çalışmışdılar. “Lemkinçilər” indi də “ənənələrinə” sadiqdirlər. 

Əlqərəz, Lemkin İnstitutu Qarabağ­da “soyqırımı” təhlükəsi ilə bağlı sax­talığı şübhə doğurmayan hesabat dərc edib. Sənədin girişində bildirilib ki, onun ərsəyə gəlmə səbəbi həm blokada şə­raitinin yaratdığı soyqırımı təhlükəsidir, həm də Azərbaycanın, guya, Qarabağ­da və Ermənistanın sərhədləri boyunca hərbi toqquşma yaratmaq istəməsidir. Qondarma tarixi notlara köklənmiş he­sabatda Türkiyə amili də qabardılıb. An­karanın Bakıya silah satması üzərində dayanılıb. Elə bil, müharibə dövründə Ermənistan xaricdən silah almırdı... “Lemkinçilər”, həmçinin, bu qənaətdə­dirlər ki, 44 günlük müharibənin başa çatması və rus sülhməramlılarının Qa­rabağda yerləşdirilmələri, bölgəyə sülh gətirmədi. Azərbaycan, guya, hərbi təx­ribatını davam etdirir və sair.

Anlamaq olmur, bu sadalananların soyqırımı məsələsinə, daha doğrusu, Lemkin İnstitutunun işinə nə dəxli var? Belə çıxır ki, qurum dünyanın istənilən nöqtəsində baş verən hərbi qarşıdurma­lardakı tərəflərdən birinə, belə demək mümkünsə, soyqırımı törədən yarlığı yapışdıra bilər. Axı, soyqırımının Rafael Lemkinin özü tərəfindən dəqiq müəy­yənləşdirilmiş əlamətləri var. Bu əlamət­lər onun müəllifi olduğu və haqqında yazımızın ilk cümləsində söz açdığımız konvensiyada açıq şəkildə göstərilib. Görəsən, niyə “lemkinçilər” onlardan bi­rini misal olaraq göstərmirlər?

Təsəvvür edin, institutun özünün dəyərləndirməli heç nəyi yoxdur, durub əsas kimi Beynəlxalq Cinayət Məh­kəməsinin keçmiş baş prokuroru, bey­nəlxalq miqyaslı argentinalı dələduz Luis Moreno Okamponun hesabatına istinad edir. Lemkin İnstitutunun hesa­batındakı daha bir məqamın da onun adından irəli gələn iş prinsipinə heç bir dəxli yoxdur – qurum dünyanın ermə­nipərəst təşkilatlarının anti-Azərbaycan yönümlü sənədlərindəki qərəzli motiv­ləri bir-birinə calayır. Guya, soyqırımı üçün əsas formalaşdırır. Ən başlıcası isə “lemkinçi” tutuquşular belə qənaətə gəlirlər ki, sən demə, Azərbaycanın si­yasi sistemi ilə “Artsax”ın siyasi siste­mi arasında uyğunsuzluq var. Əlbəttə, desəydi ki, ikincidə separatçılıqdır, bu, müəyən qədər ədalətli yanaşma olardı. Hərçənd, belə bir ədalətin də “Lemkin” başbilənlərinə qətiyyən aidiyyatı yoxdur. 

Əlbəttə, Lemkin İnstitutunun hesa­batındakı digər yaramazlıqlardan da söz aça bilərik. Başlıca məqamı bildir­dik. Yenə də deyək ki, institut bir dənə də konkret məqama diqqət yetirmir ki, onu soyqırımı kimi qiymətləndirmək mümkün olsun. Onun diqqətə çatdırdıq­ları Ermənistan baş naziri Nikol Paşin­yanın və komandasının, o cümlədən, Qarabağdakı separatçıların, erməni lobbi və diaspor təşkilatlarının təkrarla­dıqlarından başqa bir şey deyil. 

Sonda yenidən Rafael Lemkinin üzərinə qayıdaq. O, bəşəriyyət üçün çox böyük işlər görüb, xidmətləri danıl­mazdır. Çox təəssüf ki, onun adını da­şıyan qurum siyasi oyunbazlıqlar üçün alətdir. Ən pisi isə budur ki, təkcə Lem­kin İnstututu deyil, eləcə də insan hüquq və azadlıqlarının təminatına çalışdığını bəyan edən digər qurumlar da bəşəri dəyər və prinsiplərlə manipulyasiya yolu tuturlar. Bu gün Qarabağda baş verən­lərin timsalında gerçəklikləri nəzərə almayıb ədalətsizliyə yol açanlar, heç şübhəsiz, sabah həqiqi soyqırımı ha­disələri qarşısında susqunluqları ilə də eyni yaramazlıqlarını davam etdirəcək­lər. Necə ki, 1992-ci ildə Xocalıda baş verənlərə münasibətdə susmuşdular.

Siyasət