Ermənistanın keçmiş XİN rəhbəri Azərbaycanla mübarizənin yolları barədə “ağıl” verir
Ermənistanın baş naziri Nikol Paşinyan daxili və xarici təzyiqlər, eləcə də Qarabağın təzyiqləri ilə Praqada səsləndirdiyi mövqeyindən əl çəkməyə məcbur edilməlidir. Əks halda, vəziyyət müharibəyə gətirib çıxaracaq. Bu fikrin müəllifi Ermənistanın keçmiş xarici işlər naziri, hazırda işi-peşəsi avantürist bəyanatlar səsləndirmək olan Vardan Oskanyandır. Bəli, Oskanyan özünün “Facebook” səhifəsində canlı yayım açaraq “ağıllı” məsləhətlər verməyindən qalmır və yenə “ampluasına” sadiqdir.
***
Bəribaşdan deyək ki, Ermənistanın keçmiş XİN rəhbərinin bildirdikləri ölkədə onsuz da gərgin olan durumu bir qədər də gərginləşdirməyə hesablanıb. Məsələn, o deyib ki, Azərbaycan Paşinyandan onun vermək istədiyindən, hətta vermək üçün təsəvvür edə biləcəyindən də çox şey istəyir. Yəni, indiki halda Bakının şərtləri ilə qəbullanmaq, İrəvanın bəlalarını bitirməyəcək.
Göründüyü kimi, Oskanyan tipik erməni avantürizminə xas düşüncədən çıxış edir. 1918-ci ildə İrəvanı Vardanın babalarına verdik, qane olmadılar, sonra Zəngəzuru peşkəş elədik, yenə doymadılar və Qarabağı da ələ keçirməyə cəhd göstərdilər. Məşhur deyimdəki kimi, iştah yedikcə yaranır. Erməni başıpozuqlar, necə deyərlər yedilər, daha da iştahlandılar. Ona görə sabiq XİN rəhbəri belə danışır. Axı, xislətindəki budur...
***
...Oskanyan “çıxış yolu” müəyyənləşdirir. Xalq ayağa qalxmalı, küçələrə çıxmalı, kəskin vəzifələr qoymalı və hakimiyyətin mövqeyini dəyişməyi hədəf götürməlidir. Belə bir deyim də var: “Vətənpərvərlik alçaqların son sığınacağıdır”. Arqumentsiz Oskanyanın xalqı üsyana çağırış motivli “vətənpərvərliyi” də alçaqlıqdan başqa bir şey deyil.
Yeri gəlmişkən, sabiq XİN başçısı əsil niyyətini də ortaya qoyur. Təxminən belə: əgər indiki hakimiyyət heç nəyi dəyişə bilmirsə, o zaman getsin, bunu bacaran insanlar gəlsin. Onun fikrincə, diplomatik imkanlar tükənməyib, hələ də dinc alternativ var. Deməli, həmin imkanları baş nazir Nikol Paşinyan yox, başqaları dəyərləndirməlidir. Əlbəttə, Oskanyan haqqında ağzını köpürdərək danışdığı imkanların nədən ibarət olduğunu açıqlamır. Çünki məqsədi təkcə danışmaqdır. Açıqladığı isə xunta rejimindən qalma avantürizm qırıntılarıdır.
***
Qocalmış, mumiyaya oxşayan Oskanyanın düşüncəsi də sir-sifəti qədər əcayibdir. Belə görünür, adamın məqsədi yalnız xalqı Paşinyan əleyhinə qaldırmaqdır, başqa heç nə. Diqqət yetirək, o, deyir ki, baş nazir Azərbaycana vədlər verib, onu yerinə yetirməsə, müharibə olacaq və bu müharibədə beynəlxalq ictimaiyyət Bakının tərəfini tutacaq. Yəni, hamı qəbul edəcək ki, savaş Paşinyanın sözünə xilaf çıxması səbəbindən baş verdi. Nəticə – Ermənistanın hazıkı iqtidarı getməlidir.
Əlbəttə, Oskanyan yeni söz demir. O, erməni şovinist-revanşist dairələrinin baxışlarını özünəxas üslubda təkrarlayır, həmin baxışlara boz çalarlar əlavə edərək, öz aləmində, mövzuya cazibədarlıq gətirir. Ancaq həm keçmiş baş diplomat, həm də digərləri niyəsə elə sanırlar ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla, Azərbaycanı istəklərindən yayındırmaq mümkün olacaq. Məgər Bakıda bilmirlər ki, Ermənistanda hakimiyyət dəyişikliyi yaşansa, bu, Qarabağ amilinə bağlı proses olacaq? Yaxşı bilirlər və heç şübhəsiz, əks addımlar hazırlayıblar.
Digər tərəfdən, 2018-ci ildə Ermənistanda inqilab baş verdi. Nikol hakimiyyətə gələndə nə etdi? Cavab sadədir – həmin vaxtadək aparılan Azərbaycan-Ermənistan danışıqlarının formatına zidd davrandı. Nəticədə müharibə baş verdi və İrəvan üçün rüsvayçılıq yaşandı. İndi Paşinyan gedib digəri gəlsə və Oskanyanın ağlı ilə davranıb danışıqların hazırkı motivini kənara qoymağa cəhd göstərsə, nələrisə qondarsa, yenə müharibə olacaq. Deməli, qoca Oskanyan bu baxımdan da yanılmaqdadır. Müharibə isə Ermənistan dövlətçiliyinin məhvidir.
***
V.Oskanyan kələfin ucunu tamamilə itirib. O, argentinalı dələduz, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Morena Okamponun “Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı hesabatına istinad yolu tutub. Sən demə, Oskanyan Okamponun qaldırdığı Qarabağda erməni soyqırımı şousunu Azərbaycan–Ermənistan danışıqlarının predmeti kimi görmək istəyir. Belə düşünməsi üçün “əsası” da var imiş – Vardan iki saat Okampo ilə telefonda danışıb və hiss edib ki, argentinalı oyunbaz mövqeyində qətidir, ay nə bilim məqalələr yazacaq, çıxışlar edəcək və sair.
Əlbəttə, Oskanyanın Ermənistan rəhbərliyinin avqustun 16-da BMT-də “Qarabağda humanitar böhran” adlı şousunun iflasa uğradığından xəbəri var. Ondan da xəbərdardır ki, həmin şounun tərkibində soyqırımı müddəası da yer alırdı. Bu isə o deməkdir ki, Oskanyanın düşündüklərini rəsmi İrəvan artıq həyata keçirməyə cəhd göstərib, ancaq nəticəsiz qalıb. Okampo ilə danışığa gəlincə, Paşinyan administrasiyası ilə bu beynəlxalq miqyaslı dələduzun təmasını baş nazirin bacılığı porno ulduz Kim Kardaşyan qurub. Hər halda Kardaşyan Okampoya qoca Oskanyandan daha uyğun variantdır. Özü də təkcə telefonla danışmaq üçün yox. Daha doğrusu, Kardaşyanın porno- filmləri Vardanyanın diplomat obrazından daha maraqlıdır…
***
Bir məqam da var. Sən demə, Oskanyan ABŞ-da imiş və orada görüşlər keçirib, təşəbbüs göstərib, nələrsə edib və yekununda yenə N.Paşinyanın hakimiyyətdən getməli olduğu qənaətinə gəlib. Bu yerdə yaxşı deyirlər ki, ayının min oyunu bir armudun başındadır. Ancaq Oskanyanın baxışlarında aşkar təzad var. Diqqət yetirək, artıq bildirdik ki, keçmiş XİN rəhbəri Ermənistan iqtidarının danışıqların hazırkı axarını dəyişməsinin müharibə vəziyyəti doğuracağı və savaşda beynəlxalq ictimaiyyətin İrəvanı, əvvəlki razılaşmaya xilaf çıxması səbəbindən, dəstəkləməyəcəyi düşüncəsindədir. Digər tərəfdən isə o, Nikolu fikrindən daşındırmaqdan dəm vurur: “Biz Ermənistan hakimiyyətini öz yanaşmalarını dəyişməyə məcbur etməliyik. Paşinyanın Praqada Azərbaycanın, Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıması əsas maneədir. Azərbaycan özü də keçmişdəki razılaşmalardan imtina edib. Ermənistan da bu gün bunu edə bilər. Əgər danışıqlar prosesini normal məcraya salmaq istəyiriksə, bunu etməliyik”.
Əvvəla, Azərbaycan danışıqların əvvəlki axarına ona görə sadiq idi ki, məsələnin dinc yolla həllinə ümid bəsləyirdi. Bu, Ermənistanın avantürizmi səbəbindən baş vermədi. Bir halda ki, müharibə oldu, qan töküldü və ölkəmiz zəfər çalaraq yeni reallıq formalaşdı, o zaman həmin reallığa uyğun şərtlər olmalıdır. Şərtləri diktə etmək isə qalib ölkə kimi Azərbaycanın haqqıdır. Oskanyan, deyəsən, lap ağlını itirib. Görəsən, belə bir dar düşüncəli adam necə on il ərzində Ermənistanın XİN rəhbəri olub?
***
Nəhayət, V.Oskanyan özünün paradoksal səciyyəli anti-Paşinyan “manifestinə” daha bir “tezis” əlavə edib. Əlbəttə, fikrini özünəxas həyasızlıq elementləri ilə “zənginləşdirməyi” də unutmayıb. O deyib ki, dünyada 40-a yaxın öz müqəddəratını təyinetmə hərəkatı var və onu başladanların heç biri hüquqlarından imtina etməyiblər: “Ermənilər birinci ola bilərlər. Dünyanın 40-dan çox ölkəsində müxtəlif səviyyəli muxtar statusa malik 120 ərazi var. Qarabağa bu gün çörək qırıntıları təklif olunur. Yəni, hüquq və təhlükəsizliyin təminatı. Sonra Azərbaycan qanunları və Konstitusiyası gələcək. Bunu dünyada baş verənlərlə müqayisə edin. Biz ən sadəlövh insanlarıq? Biz öz mövqeyimizdən, Qarabağın müqəddəratını təyin etmək hüququndan əl çəkməliyik?”
***
Sonda bir məsələyə şərhsiz toxunaraq yazımızı tamamlayaq. Məlum olduğu kimi, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir neçə gün əvvəlki brifinqində çox aydın şəkildə bildirdi ki, Ermənistanın baş naziri Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ruhundan irəli gələn məsələləri kənara qoyub, yeni reallıqlar formalaşdırıb. Göründüyü kimi, Oskanyan da eyni şeyi deyir. Bu məqam barədə düşünməyi oxucuların ixtiyarına buraxırıq. Son vaxtlar Vardanyanın ortaya atılmasının bir qayda olaraq Moskvadan gələn bəyanatlarla eyni vaxta təsadüf etməsi reallığı ətrafında fikirləşməyi də həmçinin.
Ə.RÜSTƏMOV,
XQ