İcma: Paris Azərbaycana düşmən münasibəti davam etdirir

post-img

Fransa Prezidenti və xarici işlər nazirinin son açıqlamaları bir daha onu göstərir ki, rəsmi Paris bütün səviyyələrdə və platformalarda Azərbaycana qarşı düşmən münasibətini davam etdirir. İrqçiliyə qarşı etirazları polis gücü ilə yatıran və bu hadisələr fonunda dünyada imici darmadağın olan, Afrika qitəsində dalbadal biabırçı məğlubiyyətlərə düçar olaraq ölkələrdən qovulan Fransa, görünür, Azərbaycana qarşı hansısa addımların atılması ilə təskinlik tapmaq istəyir. 

Bu fikirlər Qərbi Azərbaycan İcma­sının Fransa Prezidenti və xarici işlər nazirinin qərəzli açıqlamaları ilə bağlı bəyanatında bildirilib. 

Bəyanatda qeyd olunub: “Fransa xarici işlər nazirinə xatırladırıq ki, “əx­laqsızlıq” Əlcəzairdə soyqırımı törədən, müxtəlif tayfaları məhv edən, əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini hərbi qənimət kimi Parisdə muzeydə saxla­yan, özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə işğalında saxlayan, Sakit okeanda ke­çirdiyi nüvə silahı sınaqları ilə müxtəlif xalqlara və ətraf mühitə zərərlər yetirən, Korsika dilini qadağan edən Fransanın hərəkətidir. 

Artıq bütün dünyaya aydındır ki, Fransa Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını istəmir və Azərbaycanın Qarabağ böl­gəsində yaşayan ermənilərin reinteq­rasiyasını əngəlləməyə çalışır. Fran­sa mənəviyyata, beynəlxalq hüquqa həqarət olan islamofobiya, Azərbay­canofobiya siyasətinə, məsələlərə dini təəssübkeşlik prizmasından yanaşma­ğa son qoymalıdır. 

“Xalq qəzeti”

Siyasət