Separatçıların Sərsəng su terroru

post-img

“Humanitar böhran” harayı qoparanlar 6 rayonun susuz qalmasına göz yumurlar

Prezident İlham Əliyev çıxışlarının birində azad edil­miş torpaqlarda böyük su mənbələrinin mövcud olduğu­nu və 30 ilə yaxın bir müddətdə bu potensialdan məhrum edildiyimizi bildirib. Ölkə rəhbəri Ermənistanın Azərbay­cana qarşı işğalçılıq siyasətini bu sahədə də apardığını və ekoloji terror həyata keçirdiyini vurğulayıb. Dövlə­timizin başçısı daha sonra deyib: “Meşələrin qırılması, qoruqların məhv edilməsi–54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesab­lanır, o cümlədən, bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı indi də on­ların nəzarətindədir...”.

Xatırladaq ki, 1976-cı ildə Ümum­milli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırda Tərtər (keçmiş Ağdərə) əra­zisində tikilən və ümumi sututumu 560 milyon kubmetr və hündürlüyü 125 metr olan Sərsəng su anbarı Azərbaycanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Go­ranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 

Ermənistan Qarabağ və Şərqi Zən­gəzur iqtisadi rayonlarını qəsb etdiyi 30 ilə yaxın bir müddətdə bu ərazilərdə­ki yaşayış sahələrini xarabalığa çevirdi, tarixi abidələrimizi dağıtdı, bütün bun­larla bərabər genişmiqyaslı ekoloji ter­ror həyata keçirdi. Böyük su mənbələ­rinin, o cümlədən Sərsəng su anbarının işğal altında saxlanılması isə bir sıra rayonlarımızın suvarma suyu ilə təmin edilməsində ciddi problemlər yaratdı. Bax, belə bir şəraitdə Qarabağ və Şərqi Zəngəzurun təbiətinə ciddi ziyan vurul­du, ekoloji tarazlıq pozuldu.

Xatırlatmaq yerinə düşər ki, uzun illik işğal dövründə qəsbkar ölkə tərəfindən Sərsəng su anbarı, 130 min hektar əra­zini su ilə təmin edən və uzunluğu 6426 kilometrlik suvarma kanalları şəbəkəsi, 185 kilometrlik kollektor və drenaj ka­nalları, 1429 artezian quyusu, 539 hid­rotexniki tikinti obyekti, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon kubmetr olan 8 su anbarı yararsız hala salınıb. 

Azərbaycan hələ işğalın ilk vaxtla­rından başlayaraq, erməni faşizminin törətdiyi ekoloji fəlakətlə bağlı dünya ictimaiyyətini məlumatlandırıb, bey­nəlxalq qurumları bu vəhşiliyə qarşı mübarizəyə səsləyib. Bunun nəticəsi olaraq 2016-cı il yanvarın 26-da Av­ropa Şurası Parlament Assambleya­sı (AŞPA) Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edib. Bu sənədlə AŞPA tərəfindən Ermənistanı birmənalı şəkil­də günahlandırıb, adıçəkilən anbardan Azərbaycan tərəfinə suyun keçməsinin qarşısının mütəmadi olaraq qəsdən alınmasını isə “ekoloji təcavüz” adlandı­rılıb. Yeri gəlmişkən, həmin qətnamədə Ermənistanın bu əməllərinin 1966-cı il Helsinki və 2004-cü il Berlin qaydaları­na tam zidd olduğu bildirilib. 

Xatırladaq ki, sözügedən qətnamə­də Ermənistan silahlı qüvvələrinin res­publikamızın işğal olunmuş ərazilərin­dən dərhal çıxarılması tələb edilib, bu hal qeyri-insani hərəkət adlandırılıb. Lakin çox təəssüf ki, belə bir qətnamə, həmçinin bu cür vəhşiliyə qarşı imzala­nan digər qərar və qətnamələr Ermə­nistanı faşizm əməllərindən çəkindir­məyib. 

Nəhayət, onu da bildirək ki, bir neçə gün bundan əvvəl Sərsəng su anba­rında yaranmış vəziyyətlə bağlı Azər­baycan Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən birgə bəyanat yayılıb. Bəyanatda 1976-cı ildə Tərtərçayın üzərində yaradılan və hazır­da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazi­sindəki Sərsəng su anbarının 30 ildir ki, Ermənistan və onun himayə etdiyi qü­vvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunduğu vurğulanıb. Eyni zamanda, qəza vəziyyətində olan su anbarının aşağı hissədə yerləşən ya­şayış məntəqələri, təsərrüfatlar və inf­rastruktur obyektləri üçün ciddi təhlükə yaratdığı xatırladılıb. Bununla əlaqədar AŞPA tərəfindən qəbul olunan 2016-cı il 26 yanvar tarixli Qətnamədə Ermənista­nın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönələn ekoloji təcavüz kimi qiymətləndirilib.

Sənəddə xüsusilə vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yerləşən Sər­səng su anbarının düzgün idarə olun­maması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Həm­çinin adıçəkilən Assambleya Ermə­nistan hakimiyyətini su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi isti­fadə etməyi dayandırmağa çağırıb.

Bəyanatda daha sonra deyilir: “Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının düzgün və öz təyinatı üzrə idarə olunmaması, su ehtiyatlarından uğursuz, səmərəsiz isti­fadə edilməsi ətraf mühit və insan sağ­lamlığına, ümumilikdə regionun ekosis­teminə ciddi mənfi təsir göstərməkdə, sosial-iqtisadi fəsadlar törətməkdə da­vam edir.

Belə ki, su anbarının idarə olun­ması zamanı ekoloji, o cümlədən, iq­lim amillərinin nəzərə alınmaması su səviyyəsinin aşağı düşməsi ilə ekoloji risklərin daha da kəskinləşməsinə sə­bəb olur. Bu vəziyyət su anbarının fa­una və florasına mənfi təsir göstərir, bitki örtüyünün məhv olmasına, balıq ehtiyatlarının azalmasına, quşların tə­bii yaşayış areallarının itirilməsinə, ət­rafdakı meşə ərazilərinin qurumasına, eroziya proseslərinin güclənməsinə, səhralaşmaya və ümumilikdə ekosis­temin tarazlığının pozulmasına gətirib çıxarır”.

Bəyanatı imzalayan dövlət qurum­larının qənaəti belədir ki, Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrü­fatı potensialı və münbit torpaq ehti­yatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonla­rının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane ola­raq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir. Bu su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrü­fatı dövriyyəsinə cəlb edilə bilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suva­rılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub.

Nəhayət, bəyanatın sonunda Azər­baycanın dövlət qurumları tərəfindən Ermənistan himayə edildiyi qüvvələr va­sitəsilə sözügedən rayonların əhalisinin insan hüquqlarının pozulmasına, regi­onun ekosisteminin deqradasiyasına, fauna və floranın itirilməsinə səbəb olan hərəkətlərindən əl çəkməyə çağırılır. 

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Sərsəng su anbarı ilə bağlı eko­loji tarazlığın bərpa edilməsi bu gün qarşıda duran əsas vəzifələrdən biridir. Əslində, burada söhbət, ilk növbədə, bu infrastrukturun ölkəmi­zin müvafiq dövlət qurumları tərə­findən idarə olunmasının gerçəkləş­dirilməsidir. Digər tərəfdən məsələ sözügedən su anbarı ilə bağlı üz­ləşilən ekoloji fəlakətin qarşısının vaxt itirmədən alınması ilə bağlıdır. Bütün bunlar ona görə ciddi nara­hatlıq doğurur ki, hazırda 50-60 min hektar ərazimizin su ilə təminatında ciddi problemlər yaranıb. Ümumiy­yətlə, Sərsəng su anbarının ciddi strateji əhəmiyyət daşıması və bu infrastruktura işğal müddətində texniki xidmət göstərilmədiyi üçün onun qəzalı vəziyyətə düşməsi Qa­rabağ iqtisadi rayonunda 300 min­dən çox insanın həyatının təhlükə ilə üzləşməsi deməkdir. 

Prezident İlham Əliyev hələ 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessi­yasında illik ümumi müzakirələrdə videoformatda çıxış edərkən Ermə­nistanın işğal altında saxladığı əra­zilərdə törətdiyi ekoloji cinayətlər barədə də məlumat verib. Dövləti­mizin başçısı nitqində, eyni zaman­da, işğalçı ölkənin respublikamızın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekosid – ətraf mü­hitə qarşı genosid törətdiyini xatır­ladaraq, beynəlxalq qurumları bu vəhşiliyə qarşı tədbirlər görməyə səsləyib. Bundan başqa, 2016-cı ilin yanvar ayında AŞPA tərəfindən Sərsəng su anbarı ilə bağlı “Azər­baycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə imzalanıb. Sənəddə Ermənistan hökumətin­dən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulması tələb olunub. 

Bütün digər qərar və qətnamələr­də olduğu kimi, “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı sənəd də səssiz qarşılanıb, Ermə­nistan tərəfindən bu qətnaməyə məhəl qoyulmayıb və Sərsəng su anbarını humanitar və ekoloji terror aləti kimi istifadəsi davam etdirilib. 

Onu da deyim ki, qəsbkar ölkə adıçəkilən infrastrukturu işğal altın­da saxladığı uzun müddət ərzində qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törə­dir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edir.

BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azər­baycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsinə müvafiq olaraq, ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası da Sərsəng su anbarına qarşı ekoloji terrorla əlaqədar təhlil­lər aparıb, müvafiq rəy verib. Mis­siya rəyində lazımi su təchizatının çatışmazlığının kənd təsərrüfatına ciddi ziyan vurduğunu və nəticədə meşə massivlərinin tamamilə məhv olması təhlükəsi ilə üzləşdiyini bildi­rib. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



Siyasət